"Millimiz Ayxan Abbasovun rəhbərliyi altında 3 oyun keçirib və deyərdim ki, bu matçlarda bəlkə də son dönəmlərin ən istəkli komandasını gördük". Bu sözləri Sport24.az-a açıqlamasında Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis millimizin İslandiya və Fransa ilə oyunda şanslarını dəyərləndirib:
"Ayxan Abbasovun çalışdırdığı bütün komandaların əsas üstünlüyü rəqibi əks hücumlarda yaxalamaq olub. Bunu biz Ukrayna ilə birinci oyunda və Fransa millisi ilə matçda da gördük. Ukrayna yığması ilə ikinci görüşdə isə millimiz daha aqressiv hücumlar qurmağa çalışırdı ki , bəzən bu çox effektiv alınırdı. Lakin Bakıda İslandiya və Fransa komandaları ilə oyun daha ağır olacaq. İslandiyadakı ilə qarşılaşma göstərdi ki, bu ölkənin əsas komandası inkişaf mərhələsindədir. İslandların Fransa və Ukrayna ilə qarşılaşmalarda ortaya qoyduğu hücumameyilli futbol hardasa Ayxan Abbasovun komandasına uyğun gələn oyun üslubudur. Yuxarıda da qeyd etdiyim kimi rəqibin belə oynaması sürətli əks hücum qurmaq üçün münbit şərait verir. Daha vacib məsələ isə, meydana çıxacaq futbolçuların məşqçilər tərəfindən verilən tapşırıqları lazımı səviyyədə icra edə bilməsidir. Fransa millisi ilə görüş isə hər bir futbolçu üçün ayrı bir motivatsiyadır".
Şükürov yığma üzvlərnin daxili çempionatda rəqabətdə üstünlük qazanmalı olduqlarını bildirib:
"Vaxt verilmə" məsələsi daha çox qarşıya qoyulacaq məqsəddən asılıdır. Ümumiyyətlə, milli komanda da "vaxtın verilməsi" məsələsi çox geniş anlayışdır. Yəni ölkənin əsas komandasının formalaşması üçün ilk növbədə yerli futbolçuların inkişafına nail olmaq lazımdır. Bunun üçün də yerli oyunçular legioner həyatı yaşamalıdır. Digər tərəfdən də futbolçular milli çempionatda legionerlərlə rəqabətdə üstün olmalıdırlar. Əks halda istənilən qədər vaxt verilsə də, faydası olmayacaq".
Qeyd edək ki, Azərbaycan - İslandiya oyunu bu gün saat 21:00-da start götürəcək. Milli Fransa yığmasını isə noyabrın 16-da qəbul edəcək.