"Sabah"da əsas kapitan olan Ruslan Abışov uzun fasilədən sonra oynamağa başlayır. Belə ki, 2 matçdı meydanda olan 34 yaşlı mərkəz müdafiəçisi "Sumqayıt"a keçən turda 2:0 hesabıyla qaib gəldikləri səfər matçında kapitan kimi çıxdı, 90 dəqiqə çıxış etdi. Ruslan Sport24.az-a müsahibəsində bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

- Uzun fasilədən sonra ilk dəfə 90 dəqiqə oynamağın keçən tur oldu. "Sumqayıt"la həmin səfər matçında ən yaxşılardan oldun və hiss etdirmədin ki, xeyli vaxtdı ehtiyatda yer alırsan. Burda təcrübən böyük rol oynadı, yoxsa məşqlərinə, orqanizminə daim xüsusi fikir verirsən ki, artıq çəkin olmasın?

- Düzdür, özümə hər zaman fikir verirdim. Oynamasam belə, məşqlərdə var-gücümlə çalışırdım ki, nə vaxt əsas heyətdə meydana çıxsam, həm təcrübəmlə, həm oyunumla komandama xeyir verim. Ona görə bu cəhətdən heç bir problem olmadı şükürlər olsun Allaha. Hər şey yaxşı alındı. 

- Ümumiyyətlə, təcrübəli futbolçu böyük pauzadan sonra meydana çıxanda hansı hissləri keçirir?

- Bildiyiniz kimi, ilk dəfə meydana bundan əvvəl - "Neftçi"ylə görüşdə çıxdım. Açığı, onda oyuna yaxşı qoşula bilmədim. Çünki qırmızı vərəqələr oldu, matçın ab-havası çox ağır idi. Ancaq "Sumqayıt"la görüşdə artıq əsas heyətdə başladım və 1-ci dəqiqədən qarşılaşmaya yaxşı köklənmişdim. Ən vacibi odur ki, qələbəylə də başa vurduq. 

- Qələbədən söz düşmüşkən, "Sabah" 5 cəzalı futbolçuyla buna nail oldu və bəlkə də mövsümün ən yaxşı oyununu keçirdi. Komandada bu qədər ciddi itkilər olmalıdı ki, bunu reallaşdırasınız?

- Yox, bizim heyətdə demək olar bütün futbolçular əsas heyətdə oynamağa layiqdirlər. Sadəcə, oynamayan futbolçular şans qazandıqda özlərini yaxşı tərəfdən göstərmək istəyirlər. Sumqayıtda belə də oldu və yekunda qalib gəldik. Belə baxanda, komandada çox futbolçu olması baş məşqçinin işini çətinləşdirir. 

- Maraqlı məqama toxundun. Az oyunçunun problemi odur ki, baxırsan, meydana buraxamağa bir adam yoxdu, çox olanda isə bilmirsən kimi buraxasan...

- Düzdü. Bu, hər zaman problem yaradır baş məşqçiyə. Çünki hər kəs oynamaq istəyir, meydanda da 11 nəfər oynamalıdı. Buna görə baş məşqçini də başa düşmək lazımdı. 

- Həmin qələbədən sonra turnir cədvəlində 5-ci pillədə yüksəldiniz və bu, başa çatmaqda olan mövsüm üçün zəif təsəllidi. Uzun müddət 6-8-ci pillələrdə get-gəl elədiniz. Amma potensialına görə "Sabah"ın yeri daha yüksək idi. Niyə bunu gerçəkləşdirə bilmədiniz?

- Mövsüm başlayanda hamı bizdən ən azı ilk üçlükdə qərarlaşmağı gözləyirdi. Bəli, hamı bunu deyirdi ki, "Sabah"ın çox yaxşı heyəti var, medallar uğrunda oynayacaq. Amma müəyyən səbəblər oldu ki, buna nail olmadıq. İstənilən halda, rəhbərlik olaraq komandaya hər bir şərait yaradılmışdı nəticə qazanmağı üçün. Buna nail olmaq üçün hər bir imkanımız var idi. Ancaq çox təəssüflər olsun ki, mövsümü boşa verdik. Xeyirlisi növbəti mövsüm üçün. Necə olacağını artıq zaman göstərəcək. 

- Qalan formal matçlara necə motivasiya olunursunuz? Nədir stimul verən bu dəqiqə sizə?

- Şəxsi adımdan danışacam ki, hər zaman öz adım üçün oynayıram. Çünki bütün klublarımda hər zaman istəmişəm ki, uğurlu nəticə qazanım. Yəqin, komanda yoldaşlarım da xarakterli futbolçular olaraq belə 3 matça öz adları üçün çıxacaqlar ki, yaxşı oyun göstərsinlər. 

- 4-cü pilləyə nəzəri cəhətdən də olsa şansınız qalır. Ancaq yəqin, razılaşarsan ki, reallıq başa şeyi deyir...

- Bu 3 oyuna maksimum nəticə - qələbə qazanmaq üçün çıxacağıq. Fərqi yoxdu axırıncı yerdə olsaq da belə olacaqdı, medallara oynasaydıq da belə. Komanda ilk növbədə qələbə üçün oynayır. Son 3 turda 9 xal qazanmaq istəyirik. 

- Buna birinci olaraq "Qarabağ"la turun bağlanış matçında nail olmalısınız. Hamı maraqla gözləyir ki, "Sabah" "Neftçi"ni büdrədəndən sonra çempionluğa oynayan digər komandadan da xal ala biləcəkmi?

- Əlbəttə, buna nail olmaq üçün sonadək oynayacağıq, mübarizə aparacağıq. Dediyim kimi, hər kəs adına görə oynayacaq. Fərqi yoxdu rəqib "Qarabağ" olsun, yaxud başqası. 

- Çempionluq mübarizəsindən söz düşmüşkən, kimi daha şanslı sayırsan? Bir tərəfdən sənə doğma, yetirmən olduğun "Neftçi", digər tərəfdə heç vaxt oynamadığın "Qarabağ"..

- Bu, mənim üçün doğrudan çox çətin sualdı. Çünki bir tərəfdən doğma komandam "Neftçi"di, digər tərəfdən isə Qurban Qurbanovdu.  

- Hansı ki, məhz onun rəhbərliyin aldında peşəkar karyerana "Neftçi"də başladın...

- Bəli, məni "Neftçi"yə qazandıran Qurban müəllim olub. Buna görə mənə bir şey demək çətindi. Kim layiqdirsə, son 3 turda haqq edəcək çempionluğu, o da buna nail olsun. Bunu səmimi qəlbdən deyirəm. 

- Proqnozun necədi - hər şey "Qızıl oyun"a qalacaq?

- Onu bilmirəm. Çünki "Qarabağ" bizimlə oynayır. Futboldu, hər şey ola bilər. Zaman göstərəcək ki, "Qızıl oyun" olacaq, ya yox. Amma çox istəyərəm ki, bu həlledici matça getsinlər.

- Qayıdaq "Sabah"a. Hazırkı baş məşqçin Ramin Quliyevlə məhz Qurbanovun rəhbərliyi altında "Neftçi"də çıxış etmisən. Bu gənc mütəxəssis komandanın hansı "damarı"nə tuta bildi ki, təcrübəli ispaniyalı mütəxəsssis Visente Qomes bunu edə bilmədi? Həmin "Sabah"sınız, həmin futbolçularısız, həmin heyətsiniz, ancaq çıxışınız arasında dağlar qədər fərq var...

- Düz qeyd elədiniz ki, Ramin müəllimlə Visente arasında doğrudan çox böyük fərq var. Quliyev gələndən ən əsası, futbolçulara güvənməyə başladı. Futbolçular da bu güvəni hiss edəndən sonra baş məşqçi üçün ürəkdən oynamağa başladılar. Mənə elə gəlir futbolda ən önəmlisi budu ki, oyunçu-baş məşqçi münasibəti yaxşı səviyyədə olmalıdı. Ki, bunun nəticəsində futbolçular meydanda baş məşqçiyə görə canlarını qoysunlar. Ramin müəllim gələndən sonra komandada ilk növbədə bu, dəyişib. Çünki oyunlarda da görünür ki, 90 dəqiqə maksimum mübarizə aparırlar komandanın uğur qazanması üçün. Burda həm baş məşqçi üçün oynayırlar, həm də o güvəni hiss elədikləri üçün ikiqat motiivasiyayla çıxış edirlər. 

- Qomesin vaxtında isə bu ab-hava yox idi. O, bu qələbə ruhunu yarada bilmədi...

- Çünki onun vaxtında elə bil məğlubiyyət öyrəşmiş komanda formalaşmışdı. Matçı uduzurduq, hesabda geri düşürdük, heç kim istəmirdi oyunu çevirsin. 90 dəqiqəni uduzduq-uduzduq - bu, bizim üçün adiləşmişdi. Ancaq Ramin müəllim bizi o psixoloji vəziyyətdən çıxardı ki, sonadək oynamaq, nəticə qazanmaq lazımdı. Əsas fərq budu. Ən əsası, futbol oynamaq, futboldan ləzzət almaq lazımdı. Bizim komandada hamısı yaxşı səviyyəli, keyfiyyətli futbolçulardı. Fərq, hər şey göz qabağındadı.

- Fərqdən danışdıqca, Quliyevlə aranızda 6 yaş fərqi var, ancaq çiyin-çiynə oynamısınız - həm "Neftçi"də, həm də millidə. Maraqlıdı, Ramin müəllim baş məşqçin olandan sonra münasibətləriniz hansı səviyyədədi? Subardinasiyanı necə qoruyursan?

- Ramin müəlimlə münasibətimiz 2007-ci ildəndi. "Neftçi"də olanda da hər zaman birgə oturub-dururduq. Çox yaxın münasibətimiz var. Baş məşqçi-futbolçu olanda da belədi. Təcrübəli futbolçuyam, bəzi şeylər var ki, aramızda məsləhət edirik. Əslində, bu, çox yaxşı şeydi ki, qıradqan baş məşqçinin görmədiyini komandanı daxilində görə bilirəm hansısa oyun, məşq epizodunda. Bir-birimizlə məshələtləşirik. O, fikirlərimi soruşur. Elə epizodlar olur ki, onları məsləhət edirik. Əlbəttə, bu, həm mənim üçün xoşdu, həm də Ramin müəllim üçün. 

- Gələcək planlarını da öyrənək. "Sabah"la müqavilən bitir. Futbolçuya pasportuna yox, oyununa görə qiymət vermək lazımdı. Ancaq 34 yaşının olduğunu da unutmayaq. Yenə oynamağa gücün varmı? Karyeranı yenə "Sabah"la bağlamaq fikrindəsən?

- Sırf bu dəqiqə qarşıdakı 3 matça köklənmişəm. Hazırkı fikrim bundadı. Bundan sonra baxacağıq şərtlərə. Bu, hər iki tərəfi qane edirsə, ola bilər "Sabah"da qalım, müqavilə uzadılsın. Ancaq hələ bu barədə tam qərar verməmişəm. Ümumiyyətlə, fikirləşməmişəm ki, "Sabah"da necə olacaq, mövsüm başa çatandan sonra nələr baş verəcək. 

- Ancaq belə başa düşdüm ki, oynamaq istəyirsən, karyeranı bitirməyi yox?

- Sözsüz ki, oynamaq istəyirəm. Çünki özümdə o gücü hiss edirəm şükürlər olsun, hər şey qaydasındadı. Məşqimi edirəm, heç bir problem yoxdu. Sadəcə, mövsüm qurtarsın, onda hər şeyi açıq başla götür-qoy etmək olacaq. 

- Millidə oynadığından məşqçilikdə C kateqoriyanı avtomatik ala bilərsən. Artıq indidən düşünməyə başlamısan ki, bəlkə "B"-ni oxumaya başlayım? Bu kimi planların var?

- Tam səmimi deyirəm ki, ümumiyyətlə, məşqçilik oxumaq, kurslara yazılmaq haqda heç bir şey fikirləşmirəm. Bu, hazırda heç planda deyil.

- Ancaq futbolda qalmaq planındadı...

- Əlbəttə! Hələ oynamaq istəyirəm. Hər şey ola bilər, hər şeyi zaman göstərəcək. Bundan sonra biləcəyik ki, vəziyyət necə olur. 

 

 

MEHMAN SÜLEYMANOV