"Hazırlıq plan üzrə gedir. Qarşıdakı oyuna hazırlıqda hər şey yaxşıdır. Harramiz Soaresdən başqa hamı yerindədir, zədəlimiz yoxdur".Sport24.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının V tur oyunundan əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis qarşıdakı görüşdə rəqibin də uduzmaq istəmədiyini bildirib: "Maraqlı oyun olacaq. "Sabah"a qarşı bundan əvvəlki qarşılaşmalar da maraqlı alınıb. Rəqibimizin hələ qələbəsi yoxdur, 3 xal üçün əllərindən gələni edəcək. Həm də bütün komandalar "Neftçi"yə qarşı daha stimullu olur. Biz də buna hazırıq. Əsas odur ki, tam heyətimiz var və futbolçularda hər şey qaydasındadır. Ən yaxşı şəkildə hazır olanlar "Sabah"la matçda meydana çıxacaq".

Abasov "Sabah"la görüşün yenə gərgin keçməsini arzulamadığını etiraf edib: "Fikirləşirəm ki, rəqib qələbə qazanmadığı üçün çox çalışaca. Biz buna hazırıq. "Sabah"da hansı problemlərin baş verməsinin bizə aidiyyatı yoxdur. Qələbə üçün meydana çıxacağıq. Gərginlik olacağını gözləyirik. Meydandan kənardakı gərginliklərin içində olmaq istəmirik. Bu, keçən mövsüm başımıza gəlmişdi. Təmiz və ədalətli oyunla qalib gəlmək niyyətindəyik".

Gənc çalışdırıcının sözlərinə görə, start heyətini artıq müəyyənləşdirib: "Ancaq oyunadək çox şey baş verə bilər. 6+5 limitinə əsasən heyəti qururuq. Kimsə sıradan çıxsa, sistemi də dəyişə bilərik. Amma beynimizdə start heyəti qurmuşuq. Əsas odur ki, bu matça tam hazırıq".

Abasov keçən turda qol hesabını açan, fasilədə zədə üzündən əvəzlənən Sezar Meza Kollinin durumunun yaxşı olduğunu vurğulayıb: "O, komanda ilə məşq edir, özü də həddindən artıq həvəslidir. Harramiz Soaresin isə iki gündən sonra, bəlkə də sabah bizə qoşulacağı gözlənilir".

"Neftçi"nin baş məşqçisi yeni transferlərin 90 dəqiqə meydanda qalmağa hazır olmadığını sözlərinə əlavə edib: "Bəzən oyunun hesabı futbolçulara şans verməyimizə kömək edir. Futbolçuları çox yükləmək yox, oyunlarda forma yığmalarını istəyirik. Onlar 90 dəqiqə meydanda olmağa hazır deyillər. Məşqdən çox görüşlər formaya düşməyə kömək edir. Hamısı peşəkar futbolçulardır, özləri də məşqlərdə və qarşılaşmalarda çox çalışırlar. Bu da xoş haldır. Tezliklə formaya düşəcəklərinə inanıram".

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək "Sabah" - "Neftçi" oyunu saat 17:00-da başlayacaq.