"Derbi öncəsi reallıqlar budu ki, yaxşı dincələ bilmişik. Beynimiz dincəlib, bədənimiz dincəlib - Emin Mahmudov xaric. Bu gün "Qarabağ"ı doğrudan analiz edə bilmirəm ki, onlar nə dərəcədə bu üçhəftəlik fasilədən yararlanıb. Bildiyim odur ki, bizdən dərhal sonra çətin oyuna çıxacaqlar - "Bazel"lə görüş olacaq. Konfrans Liqasının qrup mərhələsindəki bu ilk matçın nə dərəcədə önəmli olduğunu hamımız bilirik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov bildirib. 

Məlumdu ki, son çempionu bu turda "Qarabağ"la derbi matç gözləyir. Abbasov rəqibini analiz eləmək istəmir: "Çünki əsas bizim durumdu. Bu günə futbolçularımızdan yalnız Mert Çelik millidən bir az problemli qayıdıb. Sıradan çıxıb deyəcək bir şey yoxdu. Sadəcə, həkimlərdən qəti cavab gözləyirik ki, oynaya bilər, ya yox. Lazımdırsa, futbolçumuzu qoruyaq ki, birdən oynasa, uzun müddətli gedə bilər. Konkret derbiyə gəlincə, həmişəki kimi maraqlı, həyəcanlı oyun gözləyirəm, Bir neçə uğursuz oyundan sonra ən azı azarkeşlərimizdə kimlərdəsə ümid ölüb, kimlərdəsə əhval-ruhiyyə düşüb, onu qaytarmağa çalışacağıq. Fikrimiz həmişə olduğu kimi qələbədi - kimlərsə olursa-olsun, 10 oyunçumuz millidə olsa, ikinci heyətdən götürsək belə. "Qarabağ"ın gücünü bilirik, ona hörmətimiz həddindən artıq böyükdü. Bilirik oyunçularının səviyyəsini, nə qədər gücləniblər, yeni oyunçular götürüblər. Artıq neçə ay komandadırlar, demək olar tam hazırdılar bizim transferlərdən fərqli olaraq. Ancaq yenə də deyirəm ki, həddindən artıq nikbinəm bu oyuna".

Abasov çempionluq uğrunda əsas rəqibiylə matç nə dərəcədə vacib olsa da, bununla hər şeyin bitməyəcəyini də vurğulayıb: "Fikirləşirəm ki, bu, birinci və sonuncu oyunumuz olmayacaq. Bundan sonra tək çempionatda hələ 3 görüşümüz var. Qarşıdakı derbi nələrisə həll edəcək - bu da boş söhbətdi. Bir matç heç nə demək deyil. Bilmirəm, çempionatın axırınadək nə qədər davam edəcəksə, mübarizə gedəcək - nəinki "Qarabağ"la, bütün komandalarla. Hə, digər komandalardan kim çox, kim az əziyyət çəkəcək, bunu zaman göstərəcək. Hə, bu oyunu udub, yenə dağın zirvəsindəyik - belə bir şeylər də yoxdu. "Qarabağ" elə gücdədi ki, bir oyunla həmən sənin dağın zirvəsindən ata, ümumiyyətlə, fikirləri dəyişə bilər. Bir sözlə, oyuna tam ciddiyyətimizlə hazırlaşmışıq".

Abasovlu "Neftçi" "Qarabağ"a hələ xal verməyərək, onu hər 2 halda 2:1 hesabıyla məğlub edib, sonda 7 illik çempionluq hegemonluğuna da son qoyub. Maraqlıdı, 43 yaşlı mütəxəssis bunları derbidə psixoloji üstünlük sayırmı?: "Ümid edirəm ki, bizim üçün bütün matçlar bu cür gərginliklə keçsin. Çünki belə oyunlarla inkişaf edərik. "Qarabağ"ı neçə dəfə udmağımıza baxmayarq bu, bizə əsas vermir ki, sabahkı oyunu da udacağıq. Yox, belə bir şey yoxdu. Əvvəl necə hazırlaşmışıq "Qarabağ"a qarşı, indi də elə. Deyirsiniz ki, "Qarabağ"a uduzmamışam, daim qalib gəlmişəm. Vallah, bu, ümumiyyətlə, heç ağlımdan belə keçməyib. İnşallah, bu dəfə də uduzmarıq".

Abasovu indi daha çox qayğılandıran kapitanı Emin Mahmudovun durumudu. Məlumdu ki, "Neftçi"nin millidə son oyunlarında yeganə futbolçusu bütün 3 matçı əvəzolunmadan keçirib. Eminin avrokuboklarda da bütün 8 görüşdə meydanda olduğunu nəzərə alsaq, yayda sıx qrafikdə oynayıb. Hər halda, gənc də deyil, artıq 29 yaşı var. Abasov bildirib ki, rəqib "Qarabağ" olmasaydı, kapitanına yüzdəyüz istirahət verərdi: "Ancaq bu rəqiblə qarşılaşdığımızı unutmuruq və kapitanın meydanda olması komanda üçün çox vacibdi. Açıq deyirəm ki, başqa rəqib olsaydı - bu da "Qarabağ"ın gücündən söz etdirir - Emini oynatmazdım. Bu uşağa konkret yazığım gəlir. Bəli, futbolçular oynamalıdı, oynamaldı, oynamalıdı. Ancaq Mahmudov meydanda yanındakı oyunçulardan fərqli olaraq 100 yox, 200 faiz gücünü qoyur. Başa düşürsünüz, bu gün bizə suyu sıxılmış halda gəlib. Məşqdə adi "pas" çalışmasında 2-3 metrdən ötürmələr verməlidir, o vəziyyətdə belə görünür ki, bu insan nə qədər yorğun vəziyyətdədi. Bəlkə oyunöncəsi son məşqimizdə də bu ssenari davam eləsə, Eminə istirahət verməyi fikirləşirəm. Çox güman ki, belə olacaq. Ola bilər ki, kapitanı derbidə sonradan meydana buraxdıq, ya da ümumiyyətlə, heç oynatmadıq. Açıq deyirəm ki, bu, "Qarabağ"la yalnız ilk matçımızdı və ən əsası, Eminin özü bizim üçün çox önəmlidi. Son məşqimiz də əhəmiyyətlidi. Ondan bir şey alaraq. oyunöncəsi dəqiq biləcəyik ki,  kapitanla bağlı hansı qərarı veririk".

Xatırladaq ki, "Neftçi" - "Qarabağ" matçı sabah saat 20:30-da "Bakcell Arena"da keçiriləcək.