"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. İlk qalibiyyətimiz oldu. Elə durumdayıq ki, bilmirik, sevinək, ya kədərlənək. Ki, niyə bu vaxta qədər qalib gələ bilməmişik? Futbolçular özünü oyuna çox yaxşı kökləmişdi. Onun da nəticəsidir ki, 10 nəfərlə qalsaq da, qələbə qolunu vurduq. Azarkeşlərimiz bu gün də gəlmişdilər. Sağolsunlar, möhtəşəmdirlər. Qələbəmizdə onların payı da çoxdur". Sport24.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 16-cı turunun "Kəpəz"lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Ardından Abasov jurnalistlərin suallarını da cavablandırıb.

- 10 nəfərlə qalan komanda eyni tempdə oynamağa davam etdi və qələbə qolunu vurdu. Bu, necə alındı?

- Öz aramızda da danışanda deyirdik ki, qələbə üçün nə lazımdırsa, edək. Lap oyun intizamından qopaq, lap oyunumuz "bardak" görünsün. Ancaq əsas odur ki, qalib gələk. Biz bu gün istəkli olmağımız sayəsində qalib gəldik. Bugünkü qələbə növbəti oyunumuza da təsir edəcək. Oyun üslubunda, bəzi məqamlarda problemlərimiz çoxdur.

- Bu gün rəqib "Kəpəz" yox, başqa komanda olsaydı da, eyni istəklə mübarizə aparacaqdı komanda?

- Oyunun gedişində biz də rəqibə boşluqlar verdik. Amma rəqib hansı komanda olsaydı da, eyni istəkdə mübarizə aparacaqdıq. Ötən turda "Qəbələ"yə qarşı da yaxşı oynamışdıq. Əfsuslar olsun ki, uda bilməmişdik. Amma Gəncədə qalib gəldik.

- Yollarınızı ayıracağınız digər futbolçular kimlərdir?

- İndiki vəziyyətdə bu haqda danışmaq düzgün olmazdı. Futbolçular da baxır müsahibələrə. Deyəcəyimiz sözləri əlehimizə işləyə bilər. Qışa çox qalmayıb, iki oyunumuz var. Bundan əvvəlkiləri necə bildinizsə, onlardan da xəbəriniz olacaq.

- Yeni transferlər necə, olacaq?

- Bizim vəziyyətimiz digərləri ilə müqayisədə kritikdir. Elə futbolçular var ki, 12 komandalı liqada komandası 8-9-cu pillədədir, amma turnir cədvəlinə baxıb, bizdən imtina edirlər. Deyirlər, sonuncu pillədəsiz. Onları da başa düşürük. Futbolçularla danılşanda, öncə maddiyyatı danışmırıq, "bizim komandaya gələrsən" sualını veririk. Turnir cədvəlini göstəririk. Daha sonra, stadionu, bazanı. Vəziyyətimiz çox çətindir. Qışdan sonra da bunu yaşayacağıq.

- "Neftçi"də rəhbərliyiniz altında oynayan hansı futbolçunu "Sumqayıt"a gətirmək istəyərdiniz?

- Hamısını. Emin Mahmudovu komandamda görmək istəyirəm (gülür)