Azərbaycan Premyer Liqasının XXX turunda üz-üzə gələn "Sumqayıt"la "Zirə" mövsümdə 3-cü dəfə qolsuz sülhlə ayrılıblar. Sport24.az xəbər verir ki, bu komandaların bir görüşündə Bakı klubu minimal hesabla qalib gəlib. Rəqiblərin 4 duelində yalnız 1 qol vurulub.

 

Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol qeydə alınıb. 10 il əvvəl – 2012/13 mövsümündə "Qarabağ"la "Simurq"un 4 matçında 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.

 

"Sumqayıt" – "Zirə" və "Qarabağ" – "Simurq" cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdir. Mütləq rekord isə 2009/10 mövsümünün "Böyük oyun"larına təsadüf edib. "Neftçi" və "Xəzər Lənkəran"ın 4 matçı da qolsuz başa çatıb.