"Bu komandanın bir hissəsi olduğum və bura gəldiyim üçün şadam". Sport24.az xəbər verir ki, bunu "Sərhədçi"nin basketbolçusu Vuk Vukiçeviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.

 

Serbiyalı basketbolçu Azərbaycan klubuna keçidini şərh edib. Komandanın yeni transferi ilkin təəssüratlarını açıqlayıb: "Şəhəri və insanları çox bəyəndim. Liqa yaxşıdır və düşünürəm ki, bu mövsüm həqiqətən də yaxşı çıxış edə bilərik. Bütün keyfiyyətlərimlə komandaya kömək etməyə çalışacam. Ümid edirəm ki, hər şey istədiyimiz kimi olacaq".

 

O, Azərbaycan Basketbol Liqasının son turunda NTD üzərindəki qələbədən də söz açıb: "Bu mənim üçün burada ilk oyun idi. Biz hələ də bir-birimizə uyğunlaşmağa çalışırıq. Düşünürəm ki, yaxşı ritmdəyəm və növbəti oyunlar üçün həyəcanlıyam. Bu mövsüm həqiqətən yaxşı çıxış edəcəyimə tam əminəm. NTD ilə matçda meydançada özümü yaxşı hiss etdim".

 

Qeyd edək ki, "Sərhədçi" son turda NTD-ni 84:79 hesabı ilə məğlub edib.