Basketbol üzrə Fransa yığmasının baş məşqçisi Vensan Kolle avqustun 25-də start götürəcək dünya çempionatında iştirak üçün 12 nəfərlik yekun siyahını açıqlayıb. Sport24.az xəbər verir ki gözlənildiyi kimi orda ulduz basketbolçu Tomas Ertelə yer tapılmayıb.

Daha öncə ''Anadolu Efes'', ''Barselona'' və ''Real''ın şərəfini qorumuş 33 yaşlı oyun qurucusu ötən ildən etibarən ''Zenit''də çıxış edir. Bu üzdən Ertel Fransa Basketbol Federasiyası tərəfindən ''qara siyahı''ya salınıb.

undan başqa mundial üçün açıqlanan heyətə Amadu Amat M'Bayenin də adı salınmayıb. Çünki ''Anadolu Efes''dən ayrılmaq üzrə olan təcrübəli basketbolçu artıq ÇSKA ilə anlaşıb və bu kluba keçəcəyi gözlənilir.

Qeyd edək ki, Ertel ötən mövsüm Rusiya çempionatının ən yaxşı debütantı seçilmişdi. O, parketdə olduğu 28 oyunda orta hesabla hər oyuna 13,3 xal, 2,4 ribaund və 8,6 ötürmə göstəriciləri ilə fərqlənmişdi. ''Zenit'' isə mövsümü 4-cü pillədə başa vurdu.