"Matç ilk dəqiqlərdən nəzarətimiz altında keçdi. Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik". Sport24.az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen deyib.

 

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ilk oyununda "Sərhədçi"yə 98:64 qalib gələn komandanın baş məşqçisi qələbə reseptinin sirrini açıb: "Rəqibin hansı planla çıxış edəcəyinin fərqində idik. Ona uyğun olaraq da özəl müdafiə sistemi qurmuşduq. Böyük fasiləyə də istədiyimiz kimi yollanmağı bacardıq. Eyni zamanda, "Sərhədçi"nin geridönüş etməsinə imkan vermədik. Pley-off mərhələsi olduğu üçün həm müdafiə sərtliyi, həm də hücumdakı fərqli seçimlərin olması bizim üçün çox vacib idi. Bu görüşdə də istədiklərimizi həyata keçirməyi bacardıq".

 

Dikmen əsas oyunçularının zədəsini sağaldıb görüşə çıxmasının da əhəmiyyətinə diqqət çəkib: "Amil Həmzəyevin zədədən sonra istədiyimiz performansı göstərməsi Ceremi Maklaflinin də rahat oynamasına şərait yaratdı. Əlavə olaraq, digər basketbolçularımız da üzərinə düşənləri artıqlaması ilə yerinə yetirdi. Platek təxminən bir aydır zədəli durumda idi və bu gün ilk matçına çıxdı. Endruyunun meydanda olmağı rəqib müdafiəçilərin daha diqqətli olmasına gətirib çıxarır və onun müqabilində digər oyunçularımız daha uyğun mövqelərdən atışlar edirlər. Gün keçdikcə 3 xallıq atışlarını bərpa edəcək və daha yaxşı performans göstərəcəyinə ümid edirəm. Səid İsmayılov da müdafiədə önəmli işlər gördü. Komandamız bu qarşılaşmada çox yaxşı mübarizə apardı. Xüsusi bir səbəbə görə Yusuf Muhammed bu görüşdə heyətdə yer almamışdı. Pley-offda bütün oyunçularıma ehtiyacım var. İstədiyimiz performansı yenidən göstərməyə başlamışıq. Bundan sonra ümid edirəm ki, həm mental, həm də fiziki vəziyyətimizi istədiyimiz səviyyəyə yüksəldərik".

 

Qeyd edək ki, cütün 2-ci qarşılaşması mayın 3-də keçiriləcək. 2 qələbə qazanacaq komanda yarımfinala yüksələcək və NTD-İNDİQO-ya rəqib olacaq.