"Ermənistanın Gəncə şəhərinə zərbə endirməsi terror hadisəsidir. Mən hazırda məşqlərə görə Bakıda olsam da, valideynlərim Gəncədə yaşayırlar. Bizim evimiz zərbə endirilən ərazidən bir qədər uzaqda yerləşir. Atamın sözlərinə görə, zərbənin səsi evimizdən də hiss olundu". Sport24.az xəər verir ki, bu fikirləri Azərbaycan basketbol yığmasının üzvü Amil Həmzəyev federasiyanın rəsmi saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, valideynlərinə müvəqqəti olaraq, Bakıya gəlməyi təklif etsə də, onlar bunu qəbul etməyiblər: "Ümumiyyətlə, qohumlarım hamısı Gəncədə yaşayırlar. Onların heç biri düşmən tərəfindən endirilən zərbələrdən qorxmadıqlarını və Gəncəni tərk etməyəcəklərini bildirirlər. Bir neçə gündür ki, sosial şəbəkələrdə "PrayForGanja” həştağı ilə dağıdılmış binanın və xəsarət almış insanların videoları və şəkilləri paylaşılır. Sözün əsl mənasında, bu mənzərə məni çox kədərləndirir. Müharibənin cəbhə bölgəsində getməsi, təbii ki, daha məqsədəuyğundur. Hesab edirəm ki, düşmənin dinc sakinləri hədəfə alması, onların artıq çıxış yolunun olmamasından və müharibə bölgəsində məğlub olmalarından irəli gəlir".
Amil digər idmançılar kimi, özünün də könüllü şəkildə müharibədə iştirak etmək üçün qeydiyyatdan keçdiyini deyib: "Növbə ilə çağırış olduğundan, hələ ki, növbəmi gözləyirəm. Ümid edirəm ki, tez bir zamanda, mən də şanlı ordumuzun sıralarına qoşulaam. İnanıram ki, düşmən tapdağı altında olan torpaqlarımızı istər sülh, istərsə də müharibə yolu ilə azad edəcəyik".