Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası kiçik ölkələr arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Sport24.az xəbər verir ki, serbiyalı mütəxəssis Aleksandar Trifunoviçin rəhbərlik etdiyi yığma 1/4 finalda San Marino seçməsi ilə qarşılaşıb.

Oyuna fəal başlayan komandamız yekunda parketdən 68:51 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev olub.

Yığmamız yarımfinalda Malta komandası ilə üz-üzə gələcək. Oyun iyulun 2-də, Bakı vaxtı ilə saat 18:15-də start götürəcək. Komandamız qrup mərhələsində məhz bu rəqiblə qarşılaşmış və 71:73 hesabıyla məğlub olmuşdu.