Basketbolun 3x3 növü üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Sport24.az xəbər verir ki, yığmamız Kiprin Limassol şəhərində keçirilən seçmə mərhələnin yarımfinal oyununda Lüksemburq basketbolçuları ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 15:13 hesabı ilə üstələyən kollektivimiz adını finala yazdırıb.

Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb. Basketbolçularımız həlledici oyunda da meydançadan 20:16 hesabı ilə qalib ayrılıb.

Beləliklə, yığma komandamız 9-11 sentyabr tarixlərində Avstryanın Qras şəhərində baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. 

Xatırladaq ki, Azərbaycan millisi tarixində ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib. Komandamız ilk dəfə 2014-cü ildə AÇ-nin iştirakçısı olub.