TOP 10

Tarix təkrarlanır, təsəlli tapırıq və ya Bakıda qola da həsrət qalan kubok qalibləri

TRİBUNA(L)
Müəllif: Mehman Cahandar
UEFA Kuboku kimi məşhurlaşan, 2009-cu ildən Avropa Liqası adlanan turnir. Azərbaycan futbolunu ona bağlayan bir sıra məqamlar var. Əvvəla, avrokuboklarda debütümüz məhz UEFA Kubokunda olub. 1994-cü ildə Tovuz "Turan"ı debütantımız kimi "Fənərbaxça"yla qarşılaşaraq İstanbulda 0:5, Sumqayıtda 0:2 hesabıyla uduzub.

 

İllər keçir, futbolumuzda digər ilk artıq Avropa Liqası adlanan turnirdə olur. Belə ki, 2012-ci ildə ilk dəfə avrokuboklarda qrup mərhələsinin iştirakçısı oluruq. Bu, "Neftçi"nin Avropa Liqasının qrupuna düşməsiylə reallaşır. Sonradan "Qarabağ" 3, "Qəbələ" 2 dəfə həmin turnirdə qrupda ölkəmizi təmsil edir.

 

Nəhayət, ötən il futbolumuzda növbəti ilkə imza atılır. Bu, daha böyük tarixi uğur - Çempionlar Liqasının (ÇL) qrupuna düşməklə bağlı idi. Bundan sonra da Avropa Liqasına bağlılıq var. Çünki bu turniri tarixində 3-cü dəfə qazanan "Atletiko" ÇL-in qrupunda "Qarabağ"la birgə çıxış etmişdi. Ən əsası, Dieqo Simeonenin komandası Azərbaycan təmsilçisinə qalib gələ bimədi - Bakıda 0:0, Madriddə 1:1. "Atletiko"nun futbolçuları 180 dəqiqə ərzində (bunun 29-unu say üstünlüyündə oynamaq şərtilə) "Qarabağ"ın qapısına cəmi 1 dəfə yol tapdılar. Onda da elə tanınmayan futbolçu Tomasla. Madridlilərin fransalı ulduzu, bombardirlik keyfiyyətləri ilə seçilən Antuan Qrizmann finalda etdiyi dublla qələbədə böyük pay sahibi olsa da, çempionumuzun müdafiəsini yara bilmədi. Yaxud finalda son nöqtəni qoyan kapitan Qabi də "Qarabağ"la matçlarda fərqlənə bilmədi.

 

Bir faktı da qeyd edək ki, "Atletiko" bu mövsüm avrokuboklarda yalnız "Qarabağ" və "Çelsi"ylə oyunların (səfərdə 1:1, evdə 1:2) heç birində meydanı qalib tərk etmədi. Bu, təsəlli kimi görünə bilər, ancaq hər halda, "Qarabağ"ın turnirin qalibindən hər iki oyunda xal aldığını düşünəndə, adamın ürəyi açılır. Dieqo Simeonenin komandasının ÇL-də qrupdan çıxa bilməməyinə məhz Ağdam klubuyla oyunlarda itirdiyi xallar böyük təsir göstərdi. Ancaq hər bir işdə xeyir varmış. "Atletiko"nun ÇL-in nəinki qalibi olacağına, heç finala çıxacağına zəmanət yox idi. Ancaq fakt budur ki, Madrid təmsilçisi Avropa Liqasında başa çatan mövsümün qalibidi. 

 

Əslində, bu, tarixdə ilk belə hadisə deyil ki, mövsümün gedişində Azərbaycan klubu ilə qarşılaşan komanda sonda avrokubok sahibi olur. Bəli, bu, ikinci olaydı, ilk belə hal 13 il öncə yaşanıb. Bu da "Qarabağ" kimi qrup mərhələsində təmsilçimiz, bütün milli çempionatımızın iştirakçısı olan komanda - "Neftçi"ylə gerçəkləşib. Onda - 2004/05 mövsümündə Kazbek Tuayevin baş məşqçisi olduğu "ağ-qaralar" ÇL-nin II təsnifat mərhələsində Moskva MOİK-i ilə qarşılaşırdı. Həmin vaxt da Bakıdakı - Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdı. Rusiya paytaxtında "Dinamo" stadionunda keçirilən cavab matçında 68-ci dəqiqəyədək hesab 0:0 idi. Hərçənd, həmin vaxt "Neftçi"nin kapitanı olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Mahmud Qurbanovun gözəl ötürməsindən sonra qapıçı ilə üzbəüz qaldığı epizodda yüzfaizli qol şansını qaçırmışdı. Bundan sonra futbolun yazılmamış qanunu işə düşdü - vurmayana vurarlar. "Hərbçilər" 4 dəqiqə ərzində 2 dəfə Hüseyn Məhəmmədovun qapısına yol tapa bildilər - 68-ci dəqiqədə Rolan Qusev, 72-ci dəqiqədə Vaqner Lav fərlqəndi. Qurbanovla yanaşı, Rəşad Sadıqov, Zaur Tağızadə, Elçin Rəhmanov həmin vaxt "Neftçi"də oynayıblar. Məlumdu ki, Sadıqov uzun müddətdi "Qarabağ"ın kapitanı olaraq madridlilərlə qarşılaşmlarda iştirak edib. Rəhmanovla Tağızadə isə artıq məşqçi olaraq Qurbanovun köməkçiləridi.

 

Maraqlıdı ki, hazırda "Beşiktaş"da oynayan braziliyalı hücumçu Vaqner Lav MOİK-də, ümumiyyətlə, Avropada rəsmi debütünü "Neftçi"yə qarşı keçirərək bunu qolla qeyd edib. Ancaq Valeri Qazzayevin komandası sonda yolunu UEFA kubokunda davam etdirməli oldu. Bu turnirdə finaladək irəliləməyi bacaran MOİK Lissabondakı finalda yerli “Sportinq”i 3:1 hesabı ilə yenərək nəinki tarixində, ümumiyyətlə, Rusiya üçün ilk avrokuboku qazandı. Oyunda son nöqtəni qoyan isə məhz Lav oldu 

 

Daha bir maraqlı məqam odur ki, həm MOİK, həm də "Atletiko" kuboku rəqibin vətənində qazanıb. Məlumdu ki, madridlilər 3:0 hesabı ilə məğlub etdikləri "Marsel"lə qarşılaşma Fransanın Lion şəhərində keçirildi.  

 

MOİK və “Atletiko”nun qazandığı kuboklar arasında fərq UEFA kuboku adlanan mükafatın indi Avropa Liqası adlanması olsa da, bu, heç nəyi dəyişmir. İstənilən halda, həmin turnirdi, sadəcə, 9 ildi adı dəyişib. Göründüyü kimi, tarix təkrarlanır, biz isə təsəlli tapırıq. Azərbaycan klubunun ayağı düşərlidi və onunla avrokuboklarda qarşılaşanın, hətta ona qalib gələ bilməyənin, sonda kubokun qalibi olmaq şansı heç də az deyil.  

 

MEHMAN SÜLEYMANOV
22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB