TOP 10

"Millimiz DÇ-2018-də ümidlərinizi doğrultdumu və AÇ-2020-nin final mərhələsinə qatılmaq şanslarımız necədi?" - LAYİHƏ

Layihə
Tarix: 2017-12-30 22:12

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Yığma” istiqamətində “Futbol üzrə Azərbaycanın milli komandası: keçmişə baxış və perspektiv üfüqləri” adlı layihəsində silsilə yazılarını davam etdirir. Son yazı “Milli komanda DÇ-2018-də ümidlərinizi doğrultdumu və AÇ-2020-nin final mərhələsinə qatılmaq şanslarımız” mövzusuna dair futbol mütəxəssisləri və tanınmış idman jurnalistləri arasında sorğudan ibarətdi.

 

Məlum olduğu kimi, milli komandamız üçün daha bir seçmə mərhələ arxada qaldı. 2018-ci il dünya çempionatının seçmə mərhələsi (DÇ-2018) 1994-cü ildən iştirak etdiyimiz tsikllər arasında xüsusi bir yer tutdu. Ən azı ona görə ki, ən çox - 10 xalı məhz DÇ-2018-də qazandıq. Ancaq buna baxmayaraq, yenə final mərhələsindən kənarda qaldıq, qrupda son pillələrdən birinin sahibi olduq.

 

İndi final mərhələsiylə bağlı bütün ümidlərimizi 2020-ci il Avropa çempionatının final mərhələsinə (AÇ-2020) bağlamışıq. Həmin AÇ-2020-yə ki, həlledici mərhələni qəbul edəcək 13 şəhərdən biri paytaxtımız - Bakı Olimpiya Stadionu olacaq. Sorğuda müraciət etdiyimiz gutbol mütəxəssislərimiz və həmkarlarımıza həm keçmişə boylanmalarını, həm də gələcəklə bağlı proqnozlarını vermələrini istədik.

 

1. Milli komanda DÇ-2018-də ümidlərinizi doğrultdumu?

2.  AÇ-2020-nin final mərhələsinə qatılmaq şanslarımız necədi?

 

Şahin Diniyev, Azərbaycan milli komandasının sabiq baş məşqçisi:

1. Millimizdə oyun baxımından irəliləyiş var, xal baxımından da. Ancaq hər bir şeyi dərhal düzəlmir. Azərbaycan yığmasına buna addım-addım doğru gedir. Fikrimcə, doğru yoldayıq, düzgün istiqamətdəyik. Bunun davamı gəlməlidi. Birdən-birə dünya və Avropa çempionatının final mərhələsinə çıxmaq hələ ki imkanlarımızdan yuxarı bir şeydi. Hələ ki bu şans bizdə olduqca azdı. Həmişə demişəm, bir daha təkrar edirəm ki, istinad nöqtəsini bilməyənədək heç vaxt nəticə qazana bilməyəcəyik. Sadəcə, həmişə özümüzü olduğumuz yerdən yuxarıda hiss edirik. Bizdə bu şeylər hələ də qalır. Azərbaycan gənc dövlətdi. 25 ildir müstəqil olsaq da, bu, azdı. Futbolun  düzəlməsi üçün uzun müddət vaxt, düzgün istiqamət lazımdı.

 

2. Eyforiyaya qapılıb, hə, AÇ-2020-ya düşməliyik, bu, çətin məsələdi. Belə deyərdim ki, şans var, ancaq olduqca azdı. Bəli, final mərhələsinə çıxmaq üçün yeni imkan - Millətlər Liqası var. Hamı bu turnirin adını bilir, ancaq onun haqqında heç kim heç nə bilmir. Orda nə var-nə yox, çoxunun xəbəri yoxdu. Sadəcə, hamı danışır ki, Millətlər Liqası var, ordan çıxa bilərik. Ancaq orda elə nüanslar var ki, dərhal məqsədinə çata biməzsən. Bildiyiniz kimi, artıq yoldaşlıq görüşləri olmayacaq və Millətlər Liqası bunu əvəzləyən turnirdi. Orda isə əvvəlcə qrup qalibi olmalısan, sonra o biri qrupların qalibləriylə oynamalısan. Sonda da turnirin qalibi olmalısan. Hə, AÇ-2020-ə yaxın, seçmə mərhələdən asan yoldu. Çünki seçmə tsikldə qrupda Avropanın ən az 3 güclü yığması olacaq və bu mübarizədə final mərhələsinə çıxmaq daha çətindi. Ona görə seçmə mərhələ ilə müqayisədə Millətlər Liqasında şans çoxdu, ancaq 50 fazidən yuxarı deyil. Bəli, milli komandamızın son olaraq yerli baş məşqçisi mən idim və 10 illik fasilədən sonra bu post yenidən azərbaycanlı mütəxəssisə tapşırıldı. Bunu yaxşı bir şey sayıram. Millimizin yeni baş məşqçisi Qurban Qurbanov təyin edildi. Həqiqətən yaxşı bir seçim oldu. Azərbaycan mentalitetini bilən azərbaycanlı baş məşqçi milliyə daha çox xeyir verə bilər, nəinki xarici mütəxəssis. Əcnəbinin faydası görsənmir. Bu gün futbolumuzda durum da yaxşıdı, şərait də, oyunçularımız da var. Bizim vaxtımızda vəziyyət yaxşı deyildi. Qurban Qurbanov özünü təsdiq eləmiş məşqçidi. Mənə elə gəlir ki, yenilik olacaq. Ancaq ondan da böyük bir şey gözləmək düzgün olmaz. Qurban Qurbanov gəldi, hər şey 180 dərəcə dəyişəcək. Yox, əlində material olmalı və xətti inkişaf üzrə istifadə etmək, ilbəil irəli getmək lazımdı. Kimsə düşünürsə ki, Qurbanov gəldi, milli dərhal harasa düşəcək və sair, bu, yanlış fikirlərdi. Qurban müəllimin üzərinə də getməməliyik. Təzyiq də olmamalıdı. Sadəcə, əl-ələ verib addım-addım irəli getməliyik. Yerli mütəxəssisin Azərbaycan futbolunun incəliklərini daha yaxşı bilməsi, onun içində olması müsbət amildi.

 

Nazim Süleymanov, milli komandamızın ilk kapitanı, sabiq məşqçisi:

1. Millimiz rekord xal toplasa da, qrupda 6 komanda arasında 5-ci yeri tutdu. İlk 3 oyunun nəticəsindən - 7 xaldan sonra isə sizin, mənim, bütün futbolsevərlərin fikirləri tam başqa idi. Ancaq sonda isə tam başqa mənzərə oldu. Hərçənd, nəticə daha yaxşı ola bilərdi. Rekord sayda xal yığmağımıza baxmayaraq, yenə həmin mövqedə qaldıq. 6 komandalı qrupda əvvəllər də sondan əvvəlki pilləni tutmuşuq. Ancaq ən çox xalı məhz son tsikdə yığdıq. Səfərdən xallarla qayıtdıq, ancaq sonadək dözə bilmədik. Xalımız həmişəkindən çox olsa da, yenə qrupda 5-ci olduq. Axı məqsəd daha yüksək yeri tutmaq, daha yaxşı oynamaq idi. Yəqin ki, real mövqeyimiz oldu və nəticəni qənaətbəxş hesab etmək olar.

 

2. Məlum olduğu kimi, AÇ-2020-nin püşkü hələ atılmadığından qrupdakı rəqiblərimiz hələ bəlli deyil. Ancaq buna baxmayaraq, yeni keçiriləcək Millətlər Liqasındakı 16 komanda bəllidi. Final mərhələsinə şanslarımız var. Əslində, şans bu hər zaman var. Bundan istifadə edə biləcəyik, ya yox, bunu artıq zaman göstərəcək. İndidən deyək ki, nəticə belə olacaq, düz çıxmaz. Düzdür, millimizin baş məşqçisi artıq azərbaycanlıdı. Çox gözəl. Lap yaxşı ki, belə seçim  oldu. Ancaq nəticə elə bir şeydi ki, zaman göstərməlidi. Millətlər Liqasının iştirakçıları arasında da güclü yığmalar var - Belarus, Gürcüstan, Qazaxıstan, Moldova və sair. Bu, yaxşı turnirdi, ancaq yalnız qrup qalibləri mübarizəni davam etdirir, sonda da vəsiqəni yalnız bir komanda qazanır. Bilmək olmaz ki, mübarizə necə gedəcək. Öncə qrupda rəqiblərimizi bilməliyik ki, 1-ci yeri tutmaq, sonra isə yarımfinal və final sınağından üzüağ çıxmaq şanslarımızı dəyərləndirək. Mübarizə həmişə çətin olub. Yenə də belə olacaq.

 

Samir Ələkbərov, millimizin sabiq futbolçusu, U-21 yığmamızın sabiq baş məşqçisi:

1. 10 xal nədi ki? Gəlin, rekordlarla qurtaraq da. SSRİ çempionatında bir medalımız olub, 1966-cı ildə 3-cü yeri tutmuşuq, indi də milliylə 10 xal toplamışıq, 100 il də bundan danışaq? Yox. bunu düzgün saymıram. Milli son stikldə ümidlərimizi doğrultmadı. 10 xalı yaxşı nəticə hesab etmirəm. Fərqi yoxdu ki, yenə qrupda 5-ci olduq. Əsas məqsəd qrupdan çıxmaq idi. Lap 15 xal toplasaq da, qrupdan çıxmadıqsa, deməli, məqsəd yerinə yetirliməyib. Biz  elə xal hesablayırıq ki, bu dəfə neçə oldu, rekorddurmu?

 

2. Millətlər Liqası millimizin AÇ-2020-yə düşmək şansını artırır. İnanıram ki, ordan vəsiqə qazana bilərik. Əsas ümid bu turnirədi. Millətlər Liqasının iştirakçıları arasında ən güclüsü özümüzü sayıram. Hesab edirəm ki, bu yarışdan final mərhələsinə çıxmağa bizimkilər əsas namizəddi. Ümid həmişə sonda ölür, gözləyirik. İnanıram ki, AÇ-2020-də iştirak edəcəyik. Əsas ümidlərimiz yerli baş məşqçiylə bağlıdı. Qurban Qurbanov bu posta layiqli namizəd idi, düzgün seçim oldu. 

 

Rüstəm Piriyev, Extratime.az saytının redaktoru, AFFA yanında Media Komitəsinin üzvü:

1. Bu il milli komanda ümidlərimi dogrultmadi. Seçmə mərhələyə ugurla başlasa da, davamını gətirə bilmədi. Və bununla da "Prosineçki möcüzəsi" sona çatdı. Baş məşqçi öz işinin öhdəsindən layiqincə gəlmirdi ki, bu da sonra qeyri-qənaətbəxş sonluqla başa çatdı. Qrupda 5-ci yer tutmağımızı uğursuzluq hesab edirəm və yığmamızın inkişafından danışan insanlarla razılaşmıram. Sadəcə, bir qədər bəxtimiz gətirdi ki, San-Marino yığması bizim eyni qrupa düşdü və "asan yem" oldu. Əks halda, elə yenə də 4-5 xalla kifayətlənərdik. Yığmanın oyununda irəliləyiş yoxdur ki, buna görə AFFA rəhbərliyi Robert Prosineçkindən canını qurtarıb, daha iddialı və işinə ciddi yanaşan Qurban Qurbanova bel bağladı.

 

2. AÇ-2020 haqqında danışmaq hələ tezdi. Fikirləşirəm ki, yığmamız və ümumiyyətlə, futbolumuz hələ buna hazır deyil. Hazırkı durumumuz ən yaxşı halda qrupda 3-4-cü yerlər uğrunda mübarizə aparmağa yetər. Bununla belə, Millətlər Liqasından gözləntilər böyükdü. Qurbanovlu yığma orada ugur qazana və bunun hesabına AÇ-2020-ya vəsiqəni təmin edə bilər. Amma bugunkü durum gələcəyə nikbin baxmağa imkan vermir. Yigmamız hələ o dərəcədə inkişaf etməyib ki, onun final mərhələsinə düşmək şanslarını real dəyərləndirək, Yalnız bəxt və möcüzəyə umid etmək qalır. 

 

Şəmsəddin Abbasov, "CBC Sport" telekanalının baş redaktoru:

1. Milli komandamız son seçmə mərhələdə göstərdiyi oyunla, qazandığı nəticəylə bizi gələcəyə ümidləndirdi. Azərbaycan yığması yeni tarxi yazdı, rekord - 10 xal topladı. Ən əsası odu ki, seçmə mərhələdə uzun müddət 3-cü yerdə gedirdik. İlk dəfə bir stikldə 3 qələbə qazandıq. Bunu da nəzərə almaq lazımdı. Nəticə onu göstərdi ki, bu komandanın potensialı çox yüksəkdi. Bir az bəxtimiz gətirsə, bir az rəqiblər bizə uyğun olarsa, o zaman yığmamız daha yüksək nəticə qazana bilər.

 

2. Hesab edirəm ki, Azərbaycan millisinin AÇ-2020-yə düşmək şansı çox yüksəkdi. Sadəcə, burada kənar amillər də olacaq. Təbii ki, püşkatmadan, bizim rəqiblərdən çox şey asılıdı, əsas futbolçularımızın zədə problemindən uzaq olması ön plana keçəcək. Bu, futbolda çox vacibdi. Ancaq onu qeyd edək ki, futbolda bu cür milli komandalar həqiqətən böyük səs-küyə səbəb olurlar. Məəslən, son Avropa çempionatında İslandiya yığmasını və ya DÇ-2002-də Türkiyə millisini qeyd edə bilərik. Nədən bu sırada adını AÇ-2020-yə yazdırmaqla Azərbaycan yığması da olmasın?

 

Rəşad Ergün, Komanda.az saytnın baş redaktoru:

1. San Marino kimi "cırtdan" qrupumuzda olmasaydı, son tsikldə neçə xal yığacaqdıq? Norveçi udduğumuz oyun? Bizim milli əvvəllər də sensasiya edib. AFFA-nın başlatdığı "Niyə də yox?" şüarı kimi sabun köpüyünə çevrildi, tsiklin sonunda milliyə olan ümidlər - partladı. Milli komanda bu potensialla ancaq axmaqları ümidləndirə bilər.

 

2. Qurban Qurbanov hansısa radikal addımlar atsa, qarşımıza "dişimizə görə" rəqiblər çıxsa, bəlkə də AÇ-2020-yə vəsiqə qazanarıq. Amma bir daha deyim, bu komandanın potensialı aşağıdı, üstəlik də aşağı yaş qruplarında da əsas komandanı gücləndirəcək futbolçular yox dərəcəsindədi.

 

Elçin Cəlilov, Futbolpress.az saytının baş redaktoru:

1. "Niyə də yox" şüarı ilə DÇ seçmə mərhələsinə başlayan milli ilk addımlarda uğur qazandı. Eyforiyaya qapılmalar və s. Ancaq insafən, şüar brendinq baxımdan yaxşı işləndi. Millinin sonrakı nəticələri istənilən kimi alınmasa da, şüar marketinq və PR ideya baxımından yaxşı iş idi. Artıq bu, keçmişdi. Nəticə gözlənilən kimi olmasa da, oyun baxımdan qanqaraldıcı deyildi.

 

2. Artıq yeni era başlayır. Fikrimcə, Azərbaycan müstəqilliyi dövründə futbol sahəsində ilk dəfə alqışalayiq qərar qəbul edib. Buna qərar da demək olmur, sanki xartiyadır. Nəhayət, anladılar ki, baş məşqçi postu Qurban Qurbanova həvalə edilməlidi. Bundan da yaxşısı o idi ki, ona 6 il vaxt və bütün yaş qrupları üzrə vahid sistem yaratmaq həvalə edildi. Bunlar gələcəyə ümid edir. Hətta AÇ-2020-ə vəsiqə qazanacağımıza da. Niyə də yox?!".

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB