TOP 10

Maksimov təyinatından sonra ilk müsahibəsini Sport24.az-a verdi: "Gördüm ki, "Keşlə"də hamı hücum etmək istəyir, ancaq..."

Futbol
Tarix: 2017-12-26 11:35

Yaman qaraqabaq qarşıladı bizi. Salamlaşandan dərhal sonra müsahibənin nə qədər davam edəcəyi ilə maraqlandı. Bu cür “ xoş gördük”dən sonra Yuri Vilyeviçlə uzun-uzadı müsahibə şansı qalmırdı. Heç təklif etdiyimiz “15 dəqiqə”yə də razılaşmadı. Vəziyyət gərginləşirdi, “olsun, yəqin 14 dəqiqəyə razı olarsınız” dedik. Ancaq bu cür “Britaniya yumoru” da Maksimov üçün qəbulolunmaz imiş. Uzun illər öncə Valeri Lobanovskinin və Oleq Bloxinin timsalında ukraynalı mütəxəssislərin obrazı bizim üçün formalaşmışdı. Doğrudu, Roman Qriqorçuk bu mifi alt-üst edib. Ancaq “Keşlə”nin yeni baş məşqçisi ilə görüşdən sonra Roman İosifoviçin ukraynalı çalışdırıcılar arasında istisna təşkil etdiyini əminliklə söyləyə bilərik. Yuri Maksimovdan hər kəlməni “kəlbətin”lə çəkdiyimizi də nəzərə alsaq, müsahibənin “quru” alınmasının səbəbi aydın olar. Ancaq “Bəxtiyar” filmində deyildiyi kimi “əlimizdən gələni elədik”...

 

- İlk olaraq təyinatınız münasibıtilə sizi təbrik edirik. Bunadək - "Keşlə"ylə görüşünüzədək Bakıya yolunuz düşmüşdümü?

- Təbrikə görə çox sağ olun. Bakıya hələ 1989-90-ci illərdə gəlmişəm. Onda "Neftçi" SSRİ çempionatının I liqasında oynayırdı, mən isə "Tavriya"da çıxış edirdim. Bu komandayla paytaxtınıza gəlmişdim. "Neftçi"ylə indi Respublika stadionunda oynadıq. 

 

- Hesabı xatırlamırsınız?

- Açığı, yox. Onu xatırlayıram ki, "Tavriya"da ilk qolumu "Neftçi"yə vurmuşam. Bu matç Simferopolda olmuşdu. Ancaq həmin görüşün necə nəticələndiyi də dəqiq yadımda deyil.

 

- Yəqin ki, Bakıya dəyişikliklər hiss olunur...

- Əlbəttə. Neçə il keçib. Bakı çox gözəlləşib. "Keşlə"ylə danışıqlaradək burda bir dəfə olmuşdum.

 

- "Keşlə" bir az "şpaqat" vəziyyətdədi. Bir tərəfdən, turnir cədvəlindəki vəziyyət təzyiq edir, komanda sondan əvvəlki - 7-ci pillədədi. Digər tərəfdən, komanda ölkə kubokunun yarımfinalına çıxıb. Bunları tərəzinin gözünə qoysaq, hansı ağır gəlir?

- Asan odu ki, komanda turnir cədvəlinin sonlarındadı. Yəni bundan da pis vəziyyət olmur. Ona görə də yalnız yuxarıya can atmalısan. Ölkə kubokunun yarımfinalının iştirakçısı olmaq isə böyük məsuliyyətdi, vaxt azdı. Buna rəğmən, klubun qarşıya qoyduğu vəzifəni yerinə yetirməyə, komandanın çıxışını inkişaf etdirməyə çalışacağıq. Bunun üçün mümkün olan hər şeyi edəcəyik.

 

- Komandayla virtual olaraq tanış ola bilmisinizmi? Oyununu görmüsünüzmü?

- "İnter Arena"da "Zirə"ylə oyununa gəlib baxmışdım. Onda 2 gün Bakıda oldum. "Keşlə"dən çox futbolçu gedib, bəzi yeni futbolçular gələ bilər. Bu proseslər gedir. Yanvarın 5-də komanda bir araya gələndə hər şeyə aydınlıq gələcək. O vaxt məlum olacaq ki, hansı yolla gedəcəyik, komandanı necə quracağıq. 

 

- Bizə məlum olduğu kimi, komanda 4 legioner transfer etməyi planlaşdırır...

- Daha çox transferə ümid edirik, çox futbolçuyla danışırıq. Ancaq hər birinin hansısa tələbləri var. Biz isə hazırkı vəziyyətdə buna gedə bilmərik. Ümid etdiyimiz futbolçularla bağlı variantlar vardı. Ancaq danışıqlar baş tutmayanda başqalarını axtarırıq. Bununla bağlı işlərə cavabdeh şəxslər var.

 

- Komandaya həmyerlilərinizi gətirməyi planlaşdırırsınız?

- Kimləri ki, hazırda istəyirəm, tranferləri baş tutmaya bilər. Elə futbolçular gətirmək istəyirik ki, həm komandanın, mənim, həm də rəhbərliyin tələblərinə cavab versin. Kimlərsə alınmayanda klub alnernativ variantlara əl atır. Yekun qərar futbolçu müqavilə imzalayanda verilir. 

 

- Ümumiyyətlə, hansı mövqelərə futbolçu transferi düşünürsünüz?

- Hücumçu və iki mərkəz yarımmüdafiəçisi istəyirik. Elə yarımmüdafiəçilər ki, meydanda müdafiə planında işlər görsün. Çünki gördüm ki, "Keşlə"də hamı hücum etmək istəyir, ancaq top almaq istəyən azdı. Meydanda isə kimlərsə olmalıdı ki, topu alsın.

 

- Azərbaycan futbolunun "köhnə xəstəliyi" var - fiziki hazırlıq...

- Bəli, artıq bu haqda məşqçimiz Zaur İsmayılovla söhbətləşmişəm. Bilmirəm burada məşqi necə başlayırlar, necə keçirlər. Təlim-məşq toplanışını elə keçə bilərsən ki, fiziki yüklənmə nəticəsində yalnız qapıçı salamat qala bilər, qalanları sınar. Ona gör hər şeyi tədricən etmək lazımdı. Futboçular verəcəyimiz fiziki yükləmələrə dözəcəklərmi? Mənim üçün əsas problem budu. Bunu ilk olaraq müəyyənləşdirmək lazımdı. Bilmirəm, əvvəl hazırlıq necə gedib. İşimizə fiziki hazırlığa diqqət yetirməklə başlayacağıq.

 

- Azərbaycan futbolunda artıq uzun müddətdi çalışan həmyerliniz, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk ilk vaxtlar qeyd edirdi ki, futbolçularının sınmaması üçün fiziki hazırlığı necə qaldırmaq lazım olduğunu blmirəm. İndi də siz bunu qabardırsınız...

- Bizim Ukraynada başqa futboldu. Daha doğrusu, olub. Bu, 4 il öncə idi. Hesab edirəm ki, onda Ukrayna çempionatı indikindən daha güclü idi. Düşünürəm ki, əvvəlki səviyyəyə qayıtması tez bir müddətdə olmayacaq. Bizdə daha çox güc futbolu idi - alman futbolu. Hamı fiziki yükləmələrə güc verirdi. Azərbaycanda isə daha çox texnikalı futbola üstünlük verilir. Azərbaycanlı futbolçuların çoxu meydanda topla oynamaq istəyir. Hamı topla irəli atılır, ancaq topu almağı heç də hamı istəmir. Topu almaq isə futbolda vacib amildi. 

 

- Elə buna görə sizə dayaq yarımmüdafiəçiləri lazımdı...

- Bəli. Elə futbolçular olsun ki, topu alsınlar və hücumu başlasınlar. Azərbaycanda hücumda yaxşı oynayan futbolçular tapmaq olar. Ancaq topu ələ keçirməyi hamı sevmir, bunu bilirəm. 

 

- Güc futbolunu burda tətbiq etmək sizə çətin olmayacaq?

- Axı, biz Azərbaycan çempionatında çıxış edirik. 

 

- Yəni buna görə komandanın oyun üslubunu dəyişmək fikrində deyilsiniz...

Bəli. Dediyinizi reallaşdırmaq çətindi. Bunun üçün daha yaxşı şərait olmalıdı. Biz bütünlüklə legioner transfer edə bilmərik ki....Gərək azərbaycanlı futbolçular biz istədiyimiz səviyyədə olsun, tələblərimizə cavab versin. Əsas diqqət mərkəz zonaya yönələdəcyik. Onurğa sütununu qurmaq vacibdi. Buna görə mərkəz müdafiəçisi, mərkəz yarımmüdafəçisi, mərkəz hücumçusu - bu mövqelərə transferləri vacib sayırıq. 

 

- Yeni transferlərdən millimizin də əsas qapıçısı Kamran Ağayevlə argentinalı yarımüdafiəçi Pablo Podonun olduğu artıq məlumdu. Onlarla bağlı nə deyə bilərsiniz?

- Qapıçılarla bağlı məsələ həll olunur.  Bilirsiniz, "vəssalam, həll olundu" deyilir. Ancaq bu, yalnız onda olur ki, futbolçu müqaviləyə imza atır və keçid rəsmiləşir. O qədər variantlarımız vardı ki...Rəhbərliklə düşünürdük ki, kiminlə müqavilə imzalayaq. Ancaq sonda məlum olur ki, 6 yeni futbolçudan hələ ki, heç biriylə müqavilə imzalaya bilmirik. Hər şey eyni zamanda maddi vəziyyətdən asılıdı, futbolçu nə tələb edəcək, onun şərtlərini yerinə yetirməyə gücümüz çatacaqmı. Bilirəm ki, Ukraynadan bura çox futbiolçu gələr, komandaya kömək edər. Ancaq maddi durumla bağlı reallıqları da nəzərə almalıyıq. 

 

- Belə başa düşdük ki, hələ ki, transferlərlə bağlı konkret bir şey yoxdu..

- Hazırda yeni futbolçularla bağlı danışıqlar gedir. Yanvarın 5-də aydın olacaq ki, transfrelərlə bağlı vəziyyət necədi, mənim istədiyim futbolçularla bağlı danışıqların yekunu nə oldu.

 

- Azərbaycan futboluyla bağlı təəssüratlarınız necədi? Futbolumuz kənardan necə görünür?

- İzlədiyimə əsasən yaxşı təəssüratlarımın olduğunu deyə bilərəm. Son illərdə futbolunuzda inkişaf daha çox nəzərə çarpır. "Qarabağ"la "Qəbələ" artıq Avropada da uğurlara imza atılır, Azərbaycan futbolunun adını yüksəldirlər. 

 

- "Keşlə"ylə müqaviləniz cari mövsümün sonunadəkdi. Niyə belə qısamüddətli?

- Hələ ki, belə ortaq məxrəcə gəldik. Sonrasına baxarıq, zaman göstərəcək.

 

- Rəhbərlik elə bu mövsümdə Avropaya çıxmaq istəyir. Buna nail olub-olmamağınız müqavilənizin gələcək taleyinə aydlnlıq gətirəcək..

- Bəli, rəhbərlik Avropa Liqasına vəsiqə qazanmağı istəyir. Ya çempionatda 4-cü yerlə, ya da kuboku qazanmaqla. Ancaq eyni zamanda onu istəyirsən ki, komanda da yaxşı oynasın. Onda nəticə də gələcək. Rəqabətədavamlı komanda yaratmalıyq. 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

 

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB