TOP 10

Qurban Qurbanovla gürcülərdən (“Samtredia”) gürcülərədək (Gürcüstan yığması)

Futbol
Tarix: 2017-12-17 16:47

Onunla müsahibəni Çempionlar Liqasının qrup mərhələsinin son oyunu – “Roma” ilə matç başa çatdıqdan dərhal sonra – təyyarədə götürməyi planlaşdırırdım. Alınmadı. Üstündən bir müddət keçdikdən sonra istəyim nəhayət, baş tutdu. Qurban Qurbanovla “Qarabağ”ın bazasında görüşdük. Bir saata yaxın davam edən müsahibədə həm çempionumuzun ÇL-dəki çıxışı, həm də milli komanda ətrafında yetərincə məsələlərə toxunduq. Söhbətimizə isə ötən yaydan başladıq. Sosial şəbəkədə iki azarkeşin dialoqunu xatırladım. Həmin vaxt daha gənc olan fanat “Azərsun”u simiclikdə ittiham edir, baş məşqçiyə istədiyi futbolçuları almamaqda və bunun nəticəsi olaraq, ardıcıl 3 mövsüm ÇL-in pley-offuna yüksələ bilməmsindən narazılığını  dilə gətirərək, sponsordan hesabat tələb etməyin zəruriliyini vurğulayırdı. Digər bir azarkeş isə “Qarabağ”ın əvvəlki illərdə maliyyə cəhətdən necə əziyyət çəkdiyini və sponsorun dəyişdirilmə məsələsinin gündəmə gətirilməsini belə absurd saydığını söyləyirdi...

 

“Evdə 0:0-ı daha üstün sayıram, nəinki 2:1 hesablı qələbəni”


- Açığı, bu haqda məlumatım yox idi. Bəzən sosial şəbəkələrdə yazılanlar gəlib qulağıma çatır. Hər bir azarkeşin öz fikri var və bunu normal qarşılayıram. Ancaq “Azərsun”a qarşı bu cür ittihamların irəli sürülməsinə normal baxmıram. Məlum devalvasiyalardan, ölkəmizin böyük klubları – “Xəzər Lənkəran”, “Bakı”, “İnter”in yaşadıqlarını gördükdən sonra “Azərsun”un sabitliyi, hətta ehtiyac duyulanda pillə-pillə kluba diqqəti daha da artırması fonunda bu cür ittihamı qəbul edə bilmirəm. Eyni zamanda bunu da başa düşürəm ki, həmin azarkeş “Qarabağ”ı bəlkə də həddən artıq çox istədiyindən belə fikir yürüdür. Ancaq Azərbaycan reallığında hər şeyin bəlli tavanı var. Futbol elə bir səviyyəyə gəlib çatıb ki, sıralarımıza indikələrdən bir qədər səviyyəli futbolçular gətirsək də, bu, o demək deyil ki, Avropanın aparıcı ölkələrindən üst sıralarda qərarlaşacağıq. Onların büdcəsinə, infrastrukturuna, səviyyəsinə çatmağımıza hələ çox var. İlk növbədə Azərbaycan futbolunda stabillik olmalıdı, komandaların səviyyəsi aşağı-yuxarı eyni olmalıdı ki, sonra bu barədə düşünək. Daha bir məqam. Deyək ki, “Azərsun” 1, yaxud iki yüksəksəviyyəli futbolçu aldı. Heç kim təminat verə bilməz ki, həmin futbolçular komandamıza uyğunlaşa biləcək, ya yox. Ancaq hər bir insanın, azarkeşin fikrinə hörmətlə yanaşıram. Çünki bəzi fikirlər bizi daha diqqətli olmağa vadar edir. Eyni zamanda, biz olduqca səbirli olmalıyıq və səslənən hər fikrin arxasınca qaça bilmərik. Çünki belədə, düzü qoyub, yanlışın arxasınca gedə bilərik.

 

- Ancaq yəqin razılaşarsınız ki, iyun-iyul aylarında “Qarabağ” transfer bazarında olduqca sakit görünürdü. Həm də axı, istənilən yeni futbolçuya komandaya adaptasiya olmaq üçün zamana ehtiyac duyulur.
- Doğru qeyd edirsiniz. Ancaq həmin vaxtda ən vacibi əlimizdəki futbolçuları heyətdə saxlamaq idi. Hansısa futbolçunu komandamız üçün faydalı hesab ediriksə, onu həmişə qoruyub saxlamağa çalışırıq. Digər tərəfdən də transfer xətrinə transfer etmiş olsaq, çox böyük səhvə yol vermiş olarıq. Daha bir nüans. Transfer etmək istəyəndə 2 qrup futbolçular olur: 100 faiz sıralarımızda görmək istədiyimiz və onlar alınmadıqda ehtiyat variant. Əfsuslar olsun ki, “A” variantımız alınmadı və belədə, digər yolları aramağa başladıq. Ümumiyyətlə, transfer dönəmi ən çətin dövrdü. Bu, mağaza deyil ki, istədiyin ərzağı alıb gətirəsən. Avropadan gələn futbolçuların menecerlərinin əlində 3-4 variant olur. Bu variantların sıralamasında 1-ci olmaq üçün çox böyük əziyyətlərə qatlaşmalı oluruq.

- 2017-ci il Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazıldı. Çempionlar Liqasındakı ilk rəqibiniz – “Samtredia”nı çətinlik çəkmədən keçsəniz də, növbədəki “Şerif”lə görüşlər heç də asan “yem” olmadı: ilk oyunda qolsuz bərabərlik, cavab qarşılaşmasının ilk yarısında daha üstün Moldova təmsilçisi...
-  Hər kəs futbola eyni prizmadan yanaşmır. “Şerif”i asanlıqca keçəcəyimizi düşünmək, mənim üçün absurd fikirdi. Bunun bir neçə səbəbi var. Avropa təcrübələri zəngindi, gücləri hər kəsə məlumdu və nəhayət, Moldova çempionunun pley-off tipli oyunlarda daha inamlı çıxış etməsi. Bu cür komandalara rast gəlmək olur ki, onlara “Kubok komandası” deyilir. Belələri ikili oyunlarda daha yaxşı nəticələr əldə etməyi bacarırlar. Rəqib məlum olduqdan sonra onları təhlil etdim. Məni qayğılandırmağa başlayan əsas məqam “Şerif”in rəqiblərinə istədikləri futbolu oynamağa imkan verməməsi bacarığı idi. İllər boyu aşıladığımız oyun üslubunu bu cür rəqibə qarşı oynaya bilməzdik. Belədə, biz belə rəqibə öz oyun üslubunu tətbiq etməyə imkan verməməyə çalışırıq. Bu cür rəqiblərlə ildə 2-3 dəfə rastlaşırıq. Ancaq “Şerif”in fəlsəfəsi birbaşa buna yönəlib ki, istənilən rəqibinə oynamaq imkanı verməsin. Tarix də göstərdi ki, “Şerif” bizimlə oyunlardan sonra hansı yolu qət etdi, Avropa Liqasının qrupuna düşdü və belə bir çətin qrupda bir sıra möhtəşəm nəticələr əldə etdi.
Bilavasitə oyunlara gəlincə, həmişə bunun tərəfdarı olmuşam ki, doğma “divarlar arası”nda qol buraxmayaq. Məsələn, evdəki oyunda 0:0-ı daha üstün sayıram, nəinki 2:1 hesablı qələbə. Bakıdakı oyun da göstərdi ki, “Şerif” gözlədiyimiz üslubda oynayır. Buna baxmayaraq, fərqənmək üçün imkanlarımız oldu. Cavab görüşündə isə rəqib meydan sahibi idi və təbii ki, daha istəkli və aqressiv idilər. Bütün hallarda tribunalar onları irəli səsləyir. Səfərdə oynanılan ilk 45 dəqiqə olduqca vacibdi. Çünki basqı altında özünü necə hiss etməyindən çox şey asılıdı. Ancaq biz Moldovada nəticəyə oynamağı bacardıq və hər şey düşündüyümüz kimi alındı. Rəqib bizim qurduğumuz planı gözləmirdi.


- “Şerif” və “Kopenhagen”lə matçlarda taleyüklü qollar Dino Ndlovudan gəldi. Doğrudu, o, “Samtredia” ilə görüşdə də fərqlənmişdi. Ancaq çəkisinə görə bu qollar müqayisəolunmazdı. Ndlovunun ulduzu məhz bu iki görüşdən etibarən parlamağa başladı. Hərçənd, ötən mövsüm cənubi afrikalını hətta Armenterosla müqayisə edənlər və ikincidən geri qaldığını da iddia edənlər var idi...
- Bəzən oyunçuya vurduğu qollara görə qiymət verilir. Mənim baxış bucağım tam fərqlidi. Futbolçu işinə məsuliyyətlə yanaşırsa, məşqçinin tapşırıqlarını yerinə yetirirsə, komanda oyunu oynamağı bacarırsa, bu, mənim üçün böyük üstünlükdü. Məsələn, komandada 8 meydan oyunçusu kollektiv oyun nümayiş etdirir, ikisi isə fərdi şəkildə. Bu, mənim üçün böyük problemdi. Elə ola bilər ki, komandamda ardıcıl 3 oyunda ancaq müdafiəçilər fərqlənə bilər. Amma gözə görünməsə də, bu qollarda hücumçunun rolu böyük olub. Dinonun potensialına bələd idik. Ən böyük üstünlüyü də meydandakı işgüzarlığıdı, göstərdiyi xarakterdi. Futbol belə oyundu ki, hər qarşılaşmanın ulduzu ola bilir. Məsələn, bir oyunu Dino çıxardır, digərini Mahir, üçüncüsünü Miçel və s. Əlbəttə, hücumçu qol vurmağı daha yaxşı bacarmalıdı. Onu komandaya cəlb edəndə hansı xüsusiyyətlərini görmüşdüksə, onun da şahidi oluruq.

 

“Bəlkə də Allahın bizə rəhmi gəldi”

-  Müstəqillik dönəmində əlçatmaz görünən Çempionlar Liqasının qrup mərhələsi Qurban Qurbanova nə verdi, “Qarabağ”a nə qazandırdı?
-  İlk növbədə Azərbaycan futboluna, Azərbaycana böyük fayda verdi. Ölkəmizin, Qarabağımızın daha çox tanınmasında böyük rol oynadı. Şəxsən özümə gəlincə, hər bir beynəlxalq oyun mənim üçün böyük bir təcrübədi. Bəzən böyük komandaların oyunlarını izləyirik və özümüzə sual veririk ki, Avropada daim uğur qazanan “Çelsi”, “Atletiko”, “Roma”nı fərqləndirən nələrdi? Bu komandaların uğur fəlsəfəsini tapmaq üçün saatlarla televizorda baxırıq. Bir də var ki, bütün bunları canlı hiss edirsən. Bu komandaların texniki, taktiki gedişlərini, düşünmə qabiliyyətlirini əyani gördükdə öz gücünə də bələd olursan. Bütün bu komponentləri gördükdən sonra başa düşürsən ki, hələ çox geridəyik və öz üzərimizdə daha çox işləməliyik. Deməli, özümü yaxşı məşqçi kimi aparmalı deyiləm. Çünki digərlərinin səviyyəsini görürəm və indi-indi bu yolda addımladığımızın şahidi oluram. Futbolçuların, komandanın da bu cür turnirdə iştirak etməsi zəngin təcrübə toplamalarına şərait yaratdı.  Eyni zamanda rəhbərlik, əməkdaşlarımız da təşkilati işlərin necə qurulmasının şahidi oldular. Əlbəttə, bizdə çatışmazlıqlar oldu. İlk dəfə idi 60 min insanı idarə etməli idik. Təbii ki, dərhal bütün işlərin ideal olması mümkünsüz idi.


- Kənardan isə belə bir mənzərə müşahidə olunurdu ki, “Çelsi”dən alınan 0:6-dan “Roma”dan alınan 0:1-dək müddətdə “Qarabağ” da, Qurban Qurbanov da böyüdü. Hətta qrup mərhələsi oyunları başa çatdıqdan sonra bu cür fikirlərə rast gəlmək mümkün idi ki, kaş, “Qarabağ bir də ÇL-in qrupuna düşəydi və onda 100 faiz pley-offa vəsiqə əldə edə biləcək...
-  Böyümək, irəliləyişə nail olmağımızla bağlı 100 faiz razıyam. Ancaq əfsuslar olsun ki, rəqiblərimiz bizdən xeyli güclüdülər. Biz hələ indi-indi onların böyüklüyü, gücünü hiss etməyə başlamışıq. Qəbul etməliyik ki, onların mövsüm ərzində oynadıqları səviyyə ilə bizim oynadığımız səviyyə arasında nəhəng fərq var. Bizim onların səviyyəsinə çatmağımız üçün tək mənim və futbolçularımın böyüməsi bəs etmir. Bütün futbol təsərrüfatımız, klublarımız, azarkeşlərimiz, federasiyamız – hamı onların səviyysinə çatmalıdı ki, biz onlarla ayaqlaşmaq barədə düşünək. Futbolun bütün komponentlərində bu komandalar bizdən xeyli üstün idilər. Bəlkə də Allahın bizə rəhmi gəldi ki, bu cür uğurlu çıxış edə bildik. Futbolçularımdan çox razı qaldım. Çünki bilə-bilə ki, rəqiblərimiz bizdən nə qədər üstündülər, onlar çəkinmədilər və hər bir qarşılaşmada sonadək mübarizə apardılar.

 

“Özümüz Avropa bazarına çıxmaqda maraqlıyıq”

- Fərdlər ətrafında da dayanmağı təklif edərdim. Ansi Aqollinin 35 yaşı var, Rəşad Sadıqovun məşqçi kimi üzərinə düşənləri nəzərə alsaq, çətin ki, qışdan sonra aktiv şəkildə futbolçu kimi fəaliyyət göstərə biləcək, Bədavi Hüseynov və Maksim Medvedev zədəlidilər. Arxayınlıqla yalnız Yakub Jezniçakın adını çəkmək olur. Belə olan halda, qışda müdafiəçi(lər) almağı planlaşdırırsınızmı?
-  Həqiqətən də müdafiədə 4 oyunçumun ximətindən yararlana bilmirəm. Özünüz də şahidi olsudunuz ki, Madriddə də, Romada da seçim imkanım məhdudlaşmışdı. Əlbəttə, əlimin altında daha çox futbolçunun olmasını istəyərdim. Komandama hər transfer pəncərəsi zamanı yeni oyunçunun cəlb olunmasını istəmişəm. Təbii ki, komandanın özəyini qorumaq şərti ilə. Ancaq desəm ki, müdafiə xəttində hansısa futbolçuyla danışıq aparıram, bu, həqiqəti əks etdirməz. Ancaq belə bir planım var. Mərkəz və cinah müdafiəçisi tək “Qarabağ”da deyil, ümumiyyətlə, Azərbaycan futbolunda var. Doğrudu, son oyunlarda Donald Geryenin xidmətindən cinah müdafiəçisi kimi istifadə edirik. Bu da təsadüfi deyil. O, Polşada oynadığı dönəmdə məhz cinah müdafiəçisi kimi cəlb olunub. Sadəcə, bir neçə qola imza atdıqdan sonra məşqçisi Donaldı cinah hücumçusu mövqeyinə atıb. Geryeni alarkən, bu universallığından zaman-zaman istifadə edəcəyimizi bilirdik.


- Riçard Almeyda, Mahir Mədətov və bir sıra digər futbolçularınıza Azərbaycandan kənardan təkliflər gəlməsi barədə zaman-zaman xəbərlər çıxır...
- Son zamanlar belə bir tendensiya yaranıb ki, bəzi menecerlər gündəmə gəlmək, gələcəkdə potensiallı oyunçularla işbirliyi yaratmaq üçün bu cür gedişlərə əl atırlar. Hazırda adlarını çəkdiyiniz oyunçuların keçidinə dair heç bir təklif yoxdu. Bilirlər ki, mənə zəng etsələr, bu cür gedişlər alınmayacaq. Neçə-neçə futbolçuya deyiblər ki, İtaliyadan, Rusiyadan, Portuqaliyadan təkliflər var. Ancaq heç biri təsdiqini tapmayıb. Biz özümüz Avropa bazarına çıxmaqda maraqlıyıq. Normal kluba oyunçu sata bilsək, əməkdaşlıq edə bilsək, biz özümüz də inkişaf edərik. Özüm bunun tərəfdarıyam ki, futbolçularımız yaxşı klublara transfer olunsun. Ancaq kimsə ortaya bir söz atacaq və bu, futbolçunun diqqətini yayındaracaqsa, alqışlaya bilmərəm. Çünki oyunçuya da da, Azərbaycan futboluna da, klubumuza da zərərli olur. Azərbaycan futboluna faydalı olacaq heç bir transferin qarşısını almaram!

 

Şeydayevin sirli qüsuru

 

-  Ancaq daxili bazarda Rahid Əmirquliyevlə “Neftçi”nin ciddi maraqlandığı bildirilir...
-  "Qarabağ”da oyunçu qoymadınız ki, qalsın (gülür)... Rahidlə bağlı mənə”Neftçi” rəhbərliyi tərəfindən heç bir müraciət olunmayıb.

- Nəzərə alsaq ki, Əmirquliyev millinin kapitanıdı və “Qarabağ”da çox oyun praktikası qazanmır, onun hansısa komandaya icarəyə verilməsinə millinin baş məşqçisi kimi münasibətiniz maraqlıdı...
- Dəfələrlə şahid olmusunuz ki, neçə-neçə oyunçumuzu icarəyə vermişik. Hətta elə olub ki, həmin futbolçunun məvacibini bütöv, yaxud qismən biz ödəmişik. Məsələn, Əfran İsmayılov. Onu “Turan”a icarəyə vermişdik, lakin maaşını “Qarabağ”dan alırdı. Təqribən 6 aydan sonra onu komandamıza birbaşa əsas heyətə qatdıq. Bu gün də belə bir vəziyyət yaransa ki, hansısa oyunçunu icarəyə verməklə, futbolumuza faydalı olar, bu addımı ataram. Ancaq burda futbolçunun da istəyi rol oynayır. Çünki belə bir fikrim yoxdu ki, rəhbərliyim altında çıxış edən oyunçunu komandamdan kənarlaşdırım. Statistikaya nəzər yetirsək, daxili arenada meydana çıxan futbolçularımız ÇL-in əsas simalarından Premyer Liqamızda daha çox oynayıblar. Eyni zamanda mən bilmliyəm ki, icarəyə verəcəyimiz futbolçu həmin komandada daimi oyun praktikası qazanacaq və inkişaf edəcək. İcarəyə gedib olan potensialını da itirəcəksə, ondansa burda qalsın. Çünki burda bütün futbolçulara nəzarət edirəm və ehtiyac duyanda bəzən əvəzedici komandaya göndərirəm ki, oyun tonusundan düşməsin.

- Ramil Şeydayev. Bu futbolçuda hər şey var: sürət, istək, əzmkarlıq, döyüşkənlik. Ancaq hansısa halqa çatmır ki, həlledici nöqtəni qoysun. Qol vurmaqda çətinlik çəkir. Bax, bu çatışmazlıq nədən ibarətdi?
-  Tamamilə haqlısınız. Ramilin işgüzarlığını, xarakterini olduqca bəyənirəm. Meydançada necə görürsünüzsə, məşqlərdə də elədi. Məsələn, 10-15 gündən bir futbolçu həvəssiz məşq edir. Elə özümdə də bu cür hallar olub. Ancaq Şeydayevdə bunu müşahidə edə bilməzsiniz. Ramil qol vurmağı həddən artıq çox istəyir. Sırf bu istək ona mane olur. Üstəlik, bəzən yazırlar ki, qol vura bilmir, bu da ona təsir edir. Gəncdi, həddən artıq çox istəkli olması ona mənfi təsir göstərir. Ramil öz üzərində daha çox işləməlidi ki, bir az da artırsın. Ancaq ən çətinini edir. Qol epizodlarında daim hadisələrin episentrində olur. Çətin ki, elə bir gücumçu tapa bilərsiniz ki, hər oyunda qol epizodu yaransın. Amma Ramil bütün görüşlərdə belə fürsət yaxalayır. Bu da onun işgüzarlığı, epizodu düzgün hiss etməsindən qaynaqlanır. Son zamanlar öz üzərində çox işləyir. Vaxtım olduqca mən də ona öz məsləhətlərimi verirəm. Düşünürəm ki, bu işgüzarlığın faydasını görəcəyik. Amma o, ustalığını daha da artırmalıdı.

 

-  “Qarabağ”ın U-19 komandasında parlayan Yaroslav Dedanı yəqin ki, izləmisiniz. Onun barədə fikirləriniz maraqlıdı...
-  İzləmişəm. Ancaq indi konkret fikir söyləmək məncə, bir qədər tezdi. Bəli, həmyaşıdlarından bəzi üstün xüsusiyyətləri var.

-  Yaxın gələcəkdə Yaroslavı əsas komandaya cəlb etmək planlarınız yoxdu?
-  Xeyr, heyətimizdə yetərincə futbolçu var. Ancaq bəzi məşqlərdə əsas komandaya cəlb etmişəm.

 

“Qurban gəldi, deməli, Avropa çempionatına vəsiqə cibimizdədi”

- Klublar Komitəsinin son iclasından sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov legioner limitinin dəyişdirilməsinin tərəfdarı olduğunu dilə gətirdi. Bu yöndə Sizin fikirləriniz necədi?
-  Hansısa fikrə cavab bildirmək üçün düşünməyə ehtiyac var. Hazır olmayanda fikir bildirməyi sevmirəm. Təşəbbüs irəli sürüləndə İcraiyyə Komitəsində müzakirə olunur. İstənilən təklifin arxasında səbəblər dayanır. Bu da mənfi və müsbət tərəflərin araşdırılmasına zəmin yaradır. Ortaya çıxan detalları da nəzərdən keçirdikdən sonra təklifin Azərbaycan futboluna faydalı olub-olmayacağı tam aydın olur. Əgər təklif futbolumuzun inkişafına təkan verəcəksə, əlbəttə ki, qərar müsbət olur.

 

- Milli komanda. İndi hamının diqqətləri yeni islahatlara yönəlib. Növbəti Avropa çempionatına düşmək üçün 2 yol var: seçmə mərhələ və Millətlər Liqası (ML). Sizin üçün prioritet ML olacaq, yoxsa hər iki turnirə eyni gözlə baxacaqsınız?
-  Nə asan turnir var, nə də asan rəqib. Çünki biz Millətlər Liqasına daha münasib turnir kimi baxırıqsa, potensial rəqiblərimiz də eyni fikirlə yanaşır. Kimə zəif deyə bilərik? Qazaxıstana? Yaxud Moldovaya? Bilirsiz, qısa turnirlərlə çempionatlar arasında böyük fərq olur. Nə Millətlər Liqasına, nə də seçmə tsiklə asan turnir kimi baxmıram. Əksinə, bu cür düşüncələr varsa, bizə daha çətin olur. Çünki hamı deyəndə ki, ML-dən qitə birinciliyinə qatılmaq şanslarımız olduqca yüksəkdi, belədə, futbolçunun həyəcanı artır və ondan gözlənilənləri ortaya qoya bilmir. Bəli, qatıldığım bütün turnirlərdə ən yaxşı nəticəni göstərməyə çalışmışam. Ancaq gücümüz çatan qədər. Qarşımıza məqsəd qoysaq ki, ML-dən mütləq qitə birinciliyinə yüksəlməliyik, bu, birmənalı şəkildə bizə mane olacaq. Bu gün biz heyətin komplektləşməsindən, ortadakı problemlərin aradan qaldırması yolları barədə düşünməliyik. “Qurban gəldi, deməli, Avropa çempionatına vəsiqə cibimizdədi” kimi fikirlər səsləndirilməsinin isə əleyhinəyəm. Bu, mənim özümə də mane olar. 


Qurbanovun “sehrli çubuğu” – TOP!

-  Milli komandada “Qarabağ” modeli”ni tətbiq etməyi düşünürsünüz, yoxsa fərqli ideyaları həyata keçirəcəksiniz?
-  Həyat prinsipim belədi ki, hansı sahədə çalışırsansa, onun özəyini tapmalısan. Futbol nədən ibarətdi? Topdan. Baxış bucağım belədi ki, biz həmişə topa sahib olmalıyıq. Ən çətini də budu. Əgər komandam topa sahib ola bilmirsə, mən 5 cür fəlsəfə yürüdüm, 10 cür taktiki sxem cızım – heç nəyin xeyri yoxdu. Düzdü, ola bilər hansısa oyunun, hətta turnirin qalibi olasan, amma bu, daimi xarakter almayacaq. Bəzən deyirlər ki, nəyə lazımdı ki, qapıçı ayaqla yaxşı oynasın, yaxud müdafiəçinin topla davranışı kimə lazımdı? Ancaq bu, yanlış yanaşmadı. Çünki hücumlar da arxadan başlayır, qolun qeydə alınması üçün də bir neçə ötürmədən istifadə etməlisən, rəqibin fərqlənməsinin qarşısını da almağı bacarmalısan. Bütün bu komponentlər isə topun ətrafında yaşanır. Top səndədisə, deməli, hücum da qura bilərsən, qol da vura bilərsən.
Doğrudu, “Qarabağ”da legionerlərimiz var və əlbəttə ki, milli komanda fərqlidi. Üstəlik, klubda biz hər gün bir yerdəyik, millidə isə fərqli mənzərədi. “Qarabağ”dakı ideyalarımı həyata keçirmək mənə daha asandı. Yığmaya müxtəlif klubların futbolçuları cəlb olunur. Onların öz klublarındakı məşqlər fərqlənir və bütün fikirlərimi həyata keçirmək üçün zamana ehtiyac duyulacaq.
ÇL-in qrupunda bəzən sistemdə dəyişiklik etməli olurduq. Bəzi hallarda topa daha az nəzarət edirdik. Bu da rəqiblərə uyğun seçimlərimiz idi. Yəni, milli komandada da bəzən oyunu rəqibə uyğun qurmalı olacağıq. Çünki burda nəticə daha önəmli olacaq. Ancaq bütün hallarda, futbolçulardan tələbim topa daha çox nəzarət etmələridi. Bu xətti də hətta müəyyən rəqiblərlə fərqli sistemlə oynadıqda belə, parallel olaraq tətbiq edəcəyik.


-  Qarşıdan Gücüstanla oyun gəlir. Heyəti nə vaxta açıqlamağı düşünürsünüz?
-  Yəqin ki, dekabrın sonlarında dəvət olunan futbolçuların siyahısı artıq bilinəcək.

 

-  Bəs, Türkiyə toplanışı zamanı digər matç baş tutacaqmı?
-  Bunu istəyirik. Amma hələ ki, rəqib tapa bilməmişik.

 

- Sonda bir məqama da toxunmaq istəyərdik. Gürcüstanla yoxlama görüşü klubların qış toplanışının hazırlıq dönəminin sonlarına təsadüf edəcək. Bunun xüsusilə, qış fasiləsindən sonra ilk rəqibiniz olacaq “Qəbələ” tərəfindən narazılığa səbəb olacağını düşünmürsünüz?
- Əvvəllər də milli komandanın toplanışları klubların hazırlıq vaxtları ilə üst-üstə düşüb. Həmişə də milliyə dəvət aldıqda futbolçularımı sevə-sevə göndərmişəm. Bəzən xahiş etmişəm ki, 15 günlük toplanış əvəzinə, futbolçularımı 12 gündən sonra komandama buraxsınlar. Mənfi cavab eşitdikdə isə buna qarşı çıxmamışam. Bütün klublarımız da həmçinin. Onsuz da cəmi 8 klubumuz qalıb. Bu komandalardan da millini formalaşdırmalıyıq. Burda da problem yaransa, daha heç nə. Açığı, inanmıram da ki, hansısa narazılıq yaransın. Bütün hallarda klublarımızı düşünəcəyik ki, onlara da zərbə olmasın. Həm də heç hələ bilmirəm ki, hansı komandadan neçə futbolçu çağıracam. Belə ola bilər ki, ən böyük zərbə elə “Qarabağ”a dəysin. Daha çox oyunçunu klubdan ayırmaq baxımından nəzərdə tuturam. Həm də “Qəbələ”ylə də, digər klublarımızla da olduqca gözəl münasibətlərimiz var. Düşünmürəm ki, 5-6 günə görə fikir ayrılığı yarana. Çünki bundan sonra növbəti topanış çox gec olacaq. Axı, “pəncərə” yoxdu.

 

CEYHUN ƏLİYEV

23 Iyun 2018
22 Iyun 2018
B.eÇ.aÇC.aCŞB