TOP 10

Prosineçkinin “iki üzü”: xorvatın “əlinin soyuma” səbəbləri - LAYİHƏ

Layihə
Tarix: 2017-11-28 17:00

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Yığma” istiqamətində “Futbol üzrə Azərbaycanın milli komandası: keçmişə baxış və perspektiv üfüqləri” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı Prosineçkinin “iki üzü”: xorvatın “əlinin soyuma” səbəbləri" mövzusundadı.

Futbol üzrə milli komandamız ötən seçmə tsiklə tarixində ilk dəfə qələbə ilə başlamaq şansı qazandı. Bunu təqvim müəyyənləşdikdən sonra əksər futbolsevərlər, mütəxəssislər, media mənsubları qorxmadan dilə gətirməyə başladı. Axı, necə də olmayaydı? İlk rəqibimiz San Marino yığma komandası idi ki, debüt oyunu səfərdə keçirilməli olsa da, hər kəs Robert Prosineçkinin rəhbərlik etdiyi millimizi Vətənə qaytaracaq təyyarənin baqajının əlavə “3 xallıq ağırlaşacağı”nı bildirirdi.

Proqnozlar özünü qismən doğrultdu. Qələbə əldə olundu. Ancaq min bir əziyyətlə. Yalnız ilk yarının son dəqiqəsində Ruslan Qurbanovun dəqiq baş zərbəsi millimizin 3 xal arzusunu gerçəkləşdirdi ki, bunu da yalnız statistik uğur hesab etmək olardı. Oyun komponentlərində isə işləniləsi xeyli məqam qalırdı. İlk oyuna görə xorvatiyalı mütəxəssis daha çox tənqid obyektinə çevrildi. Doğrudu, o, hər vəchlə keyfiyyətsiz oyunu ört-basdır etməyə çalışırdı... nala-mıxa vurmaqla. Məsələn, iddia edirdi ki, topa nəzarət yığmamızda olub, hesabda önə keçdikdən sonra da rəqib qapımız qarşısında heç bir ciddi təhlükə yaratmayıb. Prosineçki yalan danışmırdı, bir “əmma” olmasaydı. Məsələ burasındadı ki, San Marino elə bir rəqib deyildi ki, çoxgedişli kombinasiyalar qursun, millimizi təzyiq altında saxlasın. Onlar üçün 0:1 hesablı məğlubiyyət kifayət qədər məqbul nəticə sayılırdı. Ancaq bütün mənfi anlara rəğmən, millimiz tarixində ilk dəfə seçmə tsiklə qələbə ilə başladı.

Növbəti sınaq daha ciddi idi. Norveçlə evdə oynasaq da, skandinaviyalılar cütlüyün favoriti sayılırdı. Bakı Olimpiya Stadionunda baş tutan görüşün artıq 11-ci dəqiqəsində tribunalar ayağa qalxdı. Millimizin ən təcrübəlilərindən olan Maksim Medvedev dəqiq zərbəylə hesabı açdı. Ancaq bundan sonra meydanda yığmamızın hücumlarda aktivinə yazılacaq ciddi bir şey görmədik. Əvəzində “bir aktyorun tamaşası”na şahidlik etdik. Söhbət Kamran Ağayevin saysız-hesabsız seyvlərindən gedir. 2016-cı ilin sentyabr ayının ilk günü əsl Ağayev gecəsi oldu. Təcrübəli əlcək sahibinin xarüqələr yaratdığı axşam “Bəxt İlahəsi” də yanımızda olunca, millimiz qrupda ardıcıl 2-ci qələbəsini qazandı. Ancaq növbəti sınaq daha ciddi idi...

Çexiya ilə səfər qarşılaşması millimizin cari seçmə tsikldə ən gözəl oyunu kimi yadda qaldı. Xoşbəxtlikdən bu sətirlərin müəllifi həmin görüşü tribunadan izləmək şansı qazananlar sırasında idi. Ostravakı oyunun startı Prosineçkinin yetirmələri üçün həyəcanlı keçdi. Komandamız psixoloji cəhətdən toparlana bilmirdi. Lakin bu, cəmi 6-8 dəqiqə davam etdi. Sonradan futbolçularımız özlərinə gələsələr də, meydan sahibləri daha təhlükəli görünürdülər. Ən qəribəsi bu oldu ki, adətən oyunların sonluğunda yorulan millimiz, fasilədən sonra daha dinamik və istəkli görünməyə başladı. Dmitri Nazarov və Ramil Şeydayevin fəallığı bir neçə dəfə tribunadakı yerli fanatların ah çəkməsini şərtləndirdi. Lakin qapılara qol vurulmadı ki, bu nəticə də birmənalı şəkildə Prosineçkinin komandasının aktivinə yazıldı. 

Üç oyundan sonra aktivində 7 xal olan Azərbaycan millisi yalnız Almaniyadan geri qalırdı. Artıq qrupdakı rəqiblərimizin hamısı yığmamız barədə major notda danışırdı. Elə ölkə daxilində də “niyə də yox!?” deyənlərin sayı artmaqda idi. Bunda qəribəlik axtarmağa da dəyməzdi. Çünki 3 turdan sonra qapısında qol görməyən, aktivində 7 xalı olan yığma ən xoş sözlərə layiq idi.

Artıq hamı səbirsizliklə 2017-ci ili gözləyirdi. İlk rəsmi oyun da olduqca maraqlı idi. Axı, millimiz səfərdə Şimali İrlandiya ilə üz-üzə gələcəkdi. Britaniyalılar da 2-ci pillə uğrunda mübarizədə millimizin əsas rəqibi hesab edilirdi. Ümidlər böyük idi. Ancaq ümidlər puç oldu həmin axşam. Yox-yox komandamız heç də ağılsız futbol oynamırdı. Əksinə, böyük ölçüdə rəqibdən geri qalmırdıq. Sadəcə, “2-ci mərtəbə” problemi məhz Britaniya təmsilçiləri ilə qarşılaşmalarda daha qabarıq görünür. Bu dəfə də istisna olmadı. Millimiz baxımlı oyun nümayiş etdirsə də, qollar ancaq Şimali İrlandiya yığmasından gəldi. Qapısında 4 cavabsız qol görən Azərbaycan yığması turnir cədvəlindəki mövqeyini bir qədər pisləşdirdi. Ancaq Topaz Premyer Liqasının əksər oyunlarını stadiondan izləyən, futbolçulara son dərəcə motivasiya verməyi bacaran, hər açıqlama/müsahibəsində yığmamıza hədsiz inam nümayiş etdirən Robert Prosineçki hətta bu cür məğlubiyyətdən sonra da inadından və mövqeyindən dönmədi. Əksinə, xorvatiyalı mütəxəssis həmin matçla bağlı bəndənizə verdiyi müsahibədə “Şimali İrlandiya ilə Bakıda mütləq görüşəcəyik” deməklə britaniyalılara həmin fiaskonun əvəzini çıxacağına dair sərt mesaj göndərdi.

Heç növbəti turda Almaniyadan aldığımız 1:4 hesablı məğlubiyyət də heç kimi üzmədi. Çünki futbolçularımız dünya çempionlarına qarşı bacardıqlarından da artığını etdilər. Oyunun gedişatında bərabərliyi yaxalamağı bacaran (1:1) futbolçularımız rəqiblərindən futbolun bütün komponentlrində geri qalırdılar. Tək istəklə isə nəhəng uçurumu aradan qaldırmaq mümkün deyildi. Nəticədə 1:4 hesablı məğlubiyyət qaçılmaz oldu. İndi bütün diqqətlər yalnız bir oyuna idi – Bakıda Şimali İrlandiya mütləq devrilməli idi.

Hamı və hər şey milli üçün! Bu şüar altında birləşən Azərbaycan futboluna zərbə Türkiyədən gəldi. Bəli-bəli, qardaş Türkiyədən! Qardaş ölkə mətbuatı “Bursaspor”un millimizin baş məşqçisini komandasının “sükanı arxası”nda görmək istədiyini iddia edirdi. Ən qəribəsi budu ki, məsələylə bağlı Prosineçki şərh verməkdən boyun qaçırırdı. Qrupda həlledici oyunöncəsi belə bir hadisənin yaşanması milli futbolçulara mənfi təsirini göstərməyə bilməzdi. Hətta britaniyalılara qarşı oyunöncəsi mətbuat konfransında da bu sual səslənərkən, Robert susmağı üstün tutdu və qeyri-ixtiyari qarşısındakı stəkanı da sındırdı. Bu, heç də yaxşı əlamət deyildi...

Sualtı riflərin peyda olmasına baxmayaraq, millimiz oyuna əla köklənmişdi. Topa nəzarəti tamamilə əlində saxlayan futbolçularımız daha çox müdafiəçilərin arxasına ötürülən toplar hesabına təhlükəli epizodlar yaradırdı. Ancaq “Bəxt İlahəsi” həmin axşam qonaqların tərəfində oldu. Matça əlavə olunmuş 1-ci dəqiqədə vurulan qol isə bütün ümidləri puç etdi...

Yalnız bundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov Prosineçkinin heç bir yerə buraxılmayacaını və müqavilə müddəti bitənədək millimizin “sükanı arxası”nda qalacağını bəyan etdi. Xorvatiyalı hadisələrin bu cür gedişatına olduqca qəribə reaksiya göstərdi. Özü üçün tətil elan edən Prosinemki bir neçə dəfə müxtəlif bəhanələr səsləndirməklə Vətənində qaldı. Artıq bu, əvvəlki Robert deyildi. Mətbuatdan yan gəzir, özü özlüyündə AFFA-ya “soyuq müharibə” elan edib, milliyə namizədlərlə maraqlanmırdı mütəxəssis. Bu cür vəziyyətdə seçmə tsiklin startında fantastik sürət yığan yığmamızın turniri major notda bitirməsini gözləməyə dəyməzdi.

Proqnozlar özünü doğrultdu. Norveçlə Osloda baş tutan görüşdə adət etməyə başladığımız Azərbaycandan əsər-əlamət qalmamışdı. Süst, sanki Berti Foqts dönəminə qayıdan komandadan boyundan hündürə tullanmasını gözləmək sadəlövhlük olardı. Final fitinə qeydə alınan skandinaviyalıların 2:0 hesablı qələbəsi də qüvvələrin nisbətini əks etdirirdi. Prosineçkinin “yağlı tikəni” əldən qaçırması millimizin oyununa da təsirini göstərdi, onun bir sıra layiq olan futbolçunu kənarda saxlamasını da şərtləndirdi.

Doğrudu, seçmə tsiklin ikinci hissəsində öz kölgəsini xatırladan millimiz San Marino üzərində parlaq qələbə qazandı – 5:1! Ancaq burda Prosineçki amilini qabartmaq diletantlıq olardı. Çünki rəqib Bakıya məhkum durumda gəlmişdi. Elə qapımıza vurduqları yeganə qolu böyük bayram kimi qeyd etmələri faktını qabartsaq, hər şey aydın olar.

Sözlərimizin bariz nümunəsini Çexiya ilə baş Bakı Olimpiya Stadionunda baş tutan görüşdə gördük. Oyunboyu millimizdə hansısa qığılcım müşahidə olunmadı. Prosineçki artıq əsl simasını açmışdı. “Bursaspor” əhvalatının davamı olaraq, millimizin oyunlarına yalnız müqaviləyə görə gələn xorvatiyalı hansısa nəticədə maraqlı deyildi. Elə bu əhval-ruhiyyəsini də futbolçulara aşılamışdı.

Son görüşdə Almaniyadan alınan 1:5 hesablı məğlubiyyət və seçmə tsikldə ənənəvi yer – sonuncudan yuxarıdakı mövqe. Seçmə tsiklə fantastik startla başlayan Azərbaycan yekunda yalnız San Marinonu arxada qoydu.

Əslində komandamızın potensialı qrup 3-cüsü olmağa imkan verirdi. Hətta 2-ci yer uörunda da mübarizə aparmaq mümkün idi. Ancaq Türkiyədən gələn təklif Prosineçkinin “kələfin ucunu itirməsi” ilə nəticələndi. Uduzan isə bütün tərəflər oldu: istər millimiz olsun, istər xorvatiyalı çalışdırıcı, istərsə də aləmi bir-birinə qatan “Bursaspor”.

 

CEYHUN ƏLİYEV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib
 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB