TOP 10

Açılan qapılar, bağlanan qapılar - LAYİHƏ

Layihə
Tarix: 2017-10-31 23:41

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Yığma” istiqamətində “Futbol üzrə Azərbaycanın milli komandası: keçmişə baxış və perspektiv üfüqləri” adlı layihəsində silsilə yazılarını davam etdiri. İkinci yazı "Açılan qapılar, bağlanan qapılar: millinin debütantları, layiq olub, şans qazanmayanlar" istiqamətindədi. 

 

Ən uğurlu debütant

Milli komandamızın başa çatan seçmə mərhələdə 6 debütant futbolçusu olub. Baş məşqçi Robert Prosineçki müdafiəçi Təmkin Xəlilzadə, yarımmüdafiəçilər Emin Mahmudovla Riçard Almeyda, hücumçular Ramil Şeydayev, Dəniz Yılmaz və Renat Dadaşova yığmamızda debüt etmək şansı verib.

Bunlardan ən uğurlusu Şeydayevi saymaq olar. Ən azı ona görə ki, Ramil ötən seçmə mərhələdə keçirilən 10 oyunun hamısında iştirak edən 3 futbolçudan biri, yeganə debütantdı. 21 yaşlı hücumçu bu matçların 6-da start heyətində yer alaraq ümumilikdə 534 dəqiqə meydanda olub. Onun hesabında 1 qol, 1 məhsuldar ötürmə və 1 sarı vərəqə var.

Şeydayev əslən Kürdəmir rayonundan olsa da, özü Rusiyada anadan olub. 1996-cı ilin martın 21-də Sankt-Peterburq şəhərində dünyaya gələn Ramil uzun illər vətəndaşlığını daşıdığı bu ölkənin futbol məktəbinin yetirməsidi. Hücumçu Rusiyanın U-17 yığmasından U-21-dək keçirdiyi 36 oyunda qolçuluq bacarığı ilə seçilib. Hər halda, bu matçlarda vurulan 24 qol məhsuldarlığının yaxşı olduğunu göstərir. Ramil yaxın keçmişdə, ötən seçmə mərhələdə Rusiya U-21 yığmasının heyətində Azərbaycanla “Bayıl Arena”da keçirilən rəsmi oyunun iştirakçısı olaraq 0:3 hesablı məğlubiyyət acısı yaşamışdı.

Yetirməsi olduğu “Zenit” klubunun Şeydayevin 2016-cı ilin yayında müqaviləni uzatmaması futbolçuçunun gələcək karyerasında yeni səhifəsinin açılması demək oldu: Ramil Rusiyada həm klub, həm də yığma karyerasını başa vurdu. O, ilk legioner həyatını 4 illik müqavilə imzaladığı Türkiyənin “Trabzonspor” klubunda yaşamağa yollandı, milli ilə bağlı isə tarixi vətəninə üstünlük verdi. Rusiyadan ayrılandan sonra bu ölkədə perspektiv görməyən hücumçu yığma karyerasını Azərbaycanda davam etdirməyi üstün tutdu. Şeydayev ötən ilin iyulunda AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirəndən sonra bunu reallaşdırmağın hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycanın ali futbol qurumu FIFA-nın müvafiq komitəsinə müraciət ünvanladı. Dünya ali futbol qurumunun cavabı özünü çox gözlətmədi. Avqustda çıxarılan qərarda bildirildi ki, AFFA ilə futbolçunun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun və bu qərar tərəflərə göndərilən tarixdən etibarən Ramilə Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin. FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırdı.

Millimizin xorvatiyalı baş məşqçisi Şeydayevə seçmə mərhələdə həmişə start heyətində olmasa da, hər halda, bütün oyunlarda güvəndi. Hər bir hücumçu üçün ən vacib amil qol vurmaqdı ki, Ramil bunun üçün meydanda dəridən-qabaqdan çıxdı. Qol hesabını açması isə yalnız son matçda reallaşdı. Ancaq elə bir gözəl qoldu ki, bunu gözləməyə dəyərmiş. 90 dəqiqə meydanda olduğu San-Marino kimi zəif rəqibə qol vura bilməyən (məhsudar ötürmə edən) Şeydayev Almaniya kimi güclü komandanın qapısına yol tapdı. Özü də “Çelsi”nin müdafiəçisi Antonio Rudigeri böyük məharətlə keçərək. Bu qolun çəkisi həm də ona görə böyük oldu ki, millimizin ötən seçmə mərhələdə səfərdə fərqləndiyi ilk və yeganə qarşılaşma kimi tarixə düşdü. Ramilin passivində olan yeganə sarı vəərqə Şimali İrlandiya yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə uduzduğumuz matçın 55-ci dəqiqəsinə təsadüf etdi.

Şeydayev bir seçmə mərhələdə millimizdə 3 klubu təmsil edən yeganə futbolçu oldu. O, seçmə mərhələin əvvəlində “Trabzonspor”un, ortasında Sloivakiyann “Jilina” klubunun futbolçusu idisə, sonunda artıq “Qarabağ”ın üzvü idi.

Ramil seçmə mərhələdə ən gənc qol vuran futbolçulardan biri olsa da, rekordçu deyil. Bu baxımdan o, Vaqif Cavadovdan geri qalır. Cavadov 2009-cu ildə Rusiya yığmasına Bakıda 1:1 hesabı ilə nəticələnən matçda qol vurarkən 20 yaş 5 aylığında olub. Ramil isə almanları cəzalandıranda 21 yaş 7 aylığında idi. 

İstənilən halda, millimiz fərdi ustalıq keyfiyyəti ilə seçilən, taran tipli mərkəz hücumçusu olan Şeydayevi sıralarına cəlb etməkdən qazandı. Elə futbolçunun da bu seçimiylə itirmədiyini deyə bilərik. Hərçənd, o, Rusiya U-17 yığmasıyla Avropa çempionu olmuş, U-19-la isə 14 qolla Avropa çempionatının bombardiri adına sahib çıxmışdı.

 

Hələ ki ofsaydda

Rusiya futbol məktəbinin yetirməsi olan digər həmyerlimiz Emin Mahmudovun da millimizə gəlişi eyni vaxtda, FİFA-yla bağlı eyni prosedurlardan sonra baş tutdu. Sadəcə, Ramildən fərqli Emin Azərbaycanda anadan olub. Yarımmüdafiəçi 1992-ci ilin aprelin 27-də Saatlı rayonunda dünyaya gəlib və uşaq vaxtı ailəsi ilə birgə Rusiyaya köçüb. Mahmudov da klub, yığma səviyyəsində ilk addımlarını bu ölkədə atıb, U-19 yığmasıyla Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin çempionu, bombardiri olub. O, Rusiyanın U-18-dən U-21 yığmasınadək 34 matçda forma geyinib.

Şeydayev kimi Mahmudovun millimizdə çıxışını başlaması Rusiyanı tərk edərək legioner həyatı yaşamasıyla eyni vaxta təsadüf etdi. Düzdü, Emin Portuqaliyanın “Boşavişta” klubuna keçsə də, karyerası uğurlu alınmadı. Yığmamızda çıxışı da hələ ki, uğurlu deyil – 1-i start heyətində olmaqla cəmi 2 oyun, 82 dəqiqə meydanda olmaq və 1 sarı vərəqə. Emin Şimali İrlandiya ilə Belfastdakı matçda gözlənilmədən start heyətində yer aldı, yeganə xəbərdarlığını həmin oyunda “qazandı” və bundan sonra ehtiyatda qaldı. O, “Boavişta”da meydana çıxmamaqla  oyun praktikasını itirdi, yayda müqaviləsini pozdu və “Neftçi”yə keçdi. Bu, ötən seçmə mərhələdə son 4 oyuna təsadüf edirdi ki, həmin vaxt millimizə dəvət almadı.

 

“Qarabağ”ın düşünən beyni millimizdə

Şeydayevlə Mahmudovdan fərqli olaraq Riçard Almeyda nə özü, nə də əcdadları əslən Azərbaycana bağlıdı. 27 il öncə Braziliyada dünyaya gələn futbolçu 2012-ci ildən ölkəmizdə, konkret olaraq “Qarabağ”da legioner həyatı yaşayır. Almeyda Azərbaycanda yaşamasının 5 ili tamam olandan qaydaya əsasən ölkəmizin vətəndaşlığını almaq hüququna malik oldu. Bu zaman AFFA tərəfindən atılan ilk addım baş katib Elxan Məmmədov səviyyəsində Riçardla görüşdə millimizdə oynaması razılığını alması oldu. Növbəti addım artıq FİFA-ya müraciət idi. 2017-ci ilin mayında bu qurumun müvafiq komitəsi AFFA-nın braziliyalı futbolçunun milli komandada oynamaqla bağlı müraciətinə baxaraq məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verdi. AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırıldı və Almeyda Şimali İrlandiya yığmasıyla Bakıdakı oyunda debüt etdi.

Riçard millimizdə çıxışına seçmə mərhələnin ikinci dövrəsindən başladı və 5 oyunun hamısında əvəz olunmadan keçirdi. O, qol hesabını aça bilməsə də, San-Marino üzərində 5:1-lik qələbəmizdə assistentlik etdi. Yeganə sarı vərəqəsi Almaniya ilə səfər matçının 45+1-ci dəqiqəsində oldu. Almeyda “Qarabağ”da olduğu kimi, millimizin də düşünən beyni, yarımmüdafiənin mərkəzinin əvəzolunma ismi oldu, həm rəqib hücumlarının qarşısının alınmasında, həm də öz hücumlarımızın təşkilində fəal iştirak etdi.

 

Ümidləri boşa çıxaran, oynamağa naz edən

Almaniyada dünyaya gələn, milliyətcə türk olan Dəniz Yılmazın milliləşdirilərək yığmamıza cəlb olunması da ötən seçmə mərhələdə oldu. Ancaq “Bursapsor”un hücumçusu ona bəslənilən ümidləri heç doğrultmadı - cəmi 2 oyun, hər ikisində sonradan meydana çıxmaq və 68 dəqiqə top qovmaq. Ötən mövsümün ikinci yarısında Yılmaz “Bursaspor”un əsas komandasından kənarlaşdırılandan sonra da millimizə cəlb olunmadı, fransız baş məşqçi Pol Le Quen tərəfindən qaytarılandan sonra da. Niyə? Prosineçki Çexiya ilə Bakıdakı oyundan sonra mətbuat konfransında hər şeyə aydınlıq gətirdi. Məlum oldu ki, Dənizi Almaniya ilə Bakıdakı oyunda start heyətində qoysa da, forvard oynamaqdan imtina edib. Bununla belə, Prosineçki həmin matçda onu sonradan meyadan buraxmışdı. Xorvatiyalı mütəxəssis bəyan etdi ki, nə qədər ki, mən burdayam, Yılmaz millidə olmayacaq, bir daha çağırmayacağam. Ancaq Prosineçkinin artıq vəzifəsindən getdiyini nəzərə alsaq, Dənizin üzünə bağlanan millinin qapıları açıla bilər.

 

Almaniyadan cəlb olunan böyük perspektiv

Dəniz kimi Renat da Almaniyada dünyaya gəlsə də, o, əslən azərbaycanlıdı. Millimizin sabiq hücumçusu Rüfət Dadaşovun kiçik qardaşı olan Renat ondan fərqli ölkəmizdə yox, Almaniyada doğulub. 18 yaşlı hücumçu AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmişdi. Bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Almaniya Futbol İttifaqı bildirmişdi ki, futbolçu bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb. AFFA Renatın müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamış və buna müsbət cavab almışdı. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirildi ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Dadaşovun FIFA-ya müraciəti təmin edilsin, futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahib olsun. Qərar bu ilin yanvarında verilsə də, Prosineçki dəvət göndərdiyi “Ayntraxt”ın U-19 komandasının hücumçusuna yalnız San-Marino ilə matçda şans verdi, o da son 18 dəqiqədə. Yaxşı fiziki göstəricilərə malik ucabolyu hücumçu millimizə gələcək pespektiv baxımından faydalı olmalıdı.

 

Təmkinli Təmkin

Debütantlardan yalnız Təmkin milliləşdirilməyən, dünyaya gözünü açandan bəri Azərbaycana bağlı futbolçudu. “Qarabağ”ın yetirməsi olan 24 yaşlı sol cinah oyunçusu “Zirə”də inamlı çıxışıyla Prosineçkinin də diqqətini çəkdi. O, son 4 oyunda  Xəlilzadəni milliyə dəvət etdi və 5:1-lərdə şans verdi. Sadəcə, Azərbaycan bunun birində evdə San-Marinonu darmadağın etdisə, Almaniyada özü eyni aqibətlə üzləşdi. Təmkin hər iki matda sol cinah müdafiəçisi mövqeyində inamlı, soyuqqanlı, təmkinli çıxışıyla diqqət çəkdi. Gənc, beynəlxalq təcrübəsinin az olmasına baxmayaraq ayaqları əsmədi. Əksinə, topla oynamağı, hücumlara qoşulmağı sevən Təmkin iki qolumuzda yaxından iştirak etdi: San-Marinonun futbolçusu Miçel Çevole məhz onun ötürməsinin qarşısına alarkən topu öz qapısına göndərdi, Şeydayev Almaniyada qol vurakən isə məhz Xəlilzadə topun auta çıxmasına imkan verməyərək irəli vurdu və bu, sonda məhsuldar ötürməylə nəticələndi. Sadəcə, bir məsələ var ki, Təmkin bu mövsümdə “Zirə”də sol cinah yarımmüdafiəçisi kimi oynayaraq hücumların təşkilində daha faydalı olsa da, millidə hələ ki, onun xidmətindən sol cinah müdafiəçisi kimi yararlanırlar.

 

Millimizdə rəsmi oyunlarda debüt edənlər

Millimizdə 2 futbolçunun rəsmi oyunlarda debütü məhz ötən seçmə mərhələ oldu. Bu, Ukraynanın “Aleksandriya” klubunun müdafiəçisi Pavel Paşayevlə “Qarabağ”ın hücumçusu Mahir Mədətovdu. Onların millimizdə debütü yoldaşlıq görüşünə təsadüf etmişdi. Hər ikisi də məhz Prosineçkinin vaxtında millimizə cəlb olunanlardır. Paşayev tsikldə 4 oyunun hamısını əvəzolunmadan keçirərək sol cinah müdafiəçisi möqeyində yaxşı təsir bağışladı, sarı vərəqə almayaraq intizamlı futbolçu kimi yadda qaldı. Pavelin ən zəif oyununu çexlərlə Bakıdakı matçı saymaq olar. Təsadüfi deyil ki, Prosineçki Almaniya kimi güclü rəqiblə çətin səfər matçında ona yox, gənc Xəlilzadəyə şans verdi vəs seimində yanılmadı. Paveli müdafiənin sol cinahında Təmkinlə güclü rəqabət gözləyəcəyini nəzərə alsaq, millimizdə əsas heyətə düşməsi artıq çətinləşəcək. Onu da qeyd edək ki, Paşayev də əslən Azərbaycandan olsa da, onun hüdudların kənarda – Ukraynada anadan olub.

Mahir isə “Qarabağ”da parlasa da, millimizdə seçmə mərhələdə cəmi 2 oyun keçirib. Bunun 1-də start heyətdə meydana çıxan 20 yaşlı hücumçu ümumilikdə 73 dəqiqə oynayıb və qol hesabını aça bilməyib.

 

Seçmə mərhələdə şans qazanmayanlar

Milimizdə bəzi futbolçular oldu ki, onlar seçmə mərhələdə heyətdə olsalar da, meydana çıxmadılar. Bu sırada qapıçı Anar Nəzirovu xüsusi vurğulamalıyıq. “Zirə”nin kapitanı ötən seçmə mərhələdə bütün oyunlarda dəvətlilər sırasnda olda, daim ehtiyatda qaldı. 32 yaşlı qapıçı ümumiyyələ, millimizdə rəsmən debüt etməyib, yalnız yoldaşlıq görüşlərində çıxış edib.

“Qəbələ”nin oyun sayında rekordçusu olan Ürfan Abbasov builki qarşılaşmalarda daim dəvətlilər sırasında olsa da, ona meydana çıxmaq nəsib olmadı. 25 yalı cinah müdafiəçisinin millimizdə debütü və yeganə oyunu Prosineçkinin vaxtında Moldova yığmasına Bakı Olimpiya Stadionunda 2:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşü olub.

Hazırda Ürfanla “Qəbələ”də komanda yoldaşı olan Elvin Məmmədov bir vaxtlar, daha dəqiq desək, almaniyalı baş məşqçi Berti Foqtsun vaxtında millimizin aparıcı futbolçularından, bombardirlindən biri idi. Elvin ötən mövsüm “Zirə”də kapitan olanda millimizə dəvət alsa da, ehtyat oyunçular skamyasının daimi sakini oldu. Bu yay “Qəbələ”yə keçəndən sonra isə heç çağırılmadı da.

Rəhman Hacıyev “Neftçi”nin aparıcı futbolçularından olsa da, ötən seçmə mərhələdə milliyə az dəvət aldı. Alanda da meydana çıxmağa şans qazanmadı.  Bu gənc yarımmüdafiəçi də millidə Prosineçkinin vaxtında yoxlama matçında oynayıb.

Nəhayət, qapıçı Emil Balayev son 2 oyunda yığmamızın sırasında oldu. Bu da təcrübəli həmkarı Səlahət Ağayevin ağır zədə üzündən uzun müddətə sıradan çıxmasıyla bağlı idi. Ancaq “Səbail”in gənc qapıçısının oynamayacağı əvəvldən bəlli idi. 23 yaşlı əlcək sahibi hələ də millidə debüt etmək vaxtını gözləyir.

 

Ulduzu sönənlər

Millimizdə bəzi futbolçular oldu ki, onlar tədricən yerlərini itirdilər. Bu sırada ilk növbədə Arif Daşdəmirovu qeyd etməliyik. Təcrübəli futbolçu keçən seçmə mərhələnin əvəvlində sol cinah müdafiəçi kimi daim, əvəzounmadan oynayırdısa, “Qarabağ”da ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilməklə milliyə dəvət almadı.

İspaniyada anadan olaraq indiyədək orada klub karyerası yaşayan Eddi İsrafilovu Prosineçki hələ bundan əvvəlki seçmə mərhələdə cəlb edərək debütünü reallaşdırmışdı. Klubunda əsas heyətdə möhkəmlənə bilməyən 25 yaşlı yarımmüdafiəçi 1-i start heyətdə olmaqla cəmi 3 oyunda 68 dəqiqə meydanda oldu. O, Sequndada “Kadiz”i “Xmnastik”ə dəyişəndən sonra ümumiyyətlə, millimyə dəvət almadı.

“Qarabağ”ın hücumçusu Ağabala Ramazanov seçmə mərhələnin ilk yarısında 2-si start heyətdə olmaqla 5 oyun keçirmiş, 1 məhsuldar ötürmə müəllifi olmuşdusa, sonradan klubunda ehtiyata düşmək və zədə onu millidən kənarda qoydu. Araz Abdullayev üçünsə Kiprin “Anortosis” klubunda legioner həyatı yaşamaq düşərli oldu. O, millidə rəsmi oyunlarda qol hesabını məhz bu komandanın futbolçusu kimi San-Marinonu darmadağın etdiyimiz matçda açdı.

 

“Qara siyahı”ya düşənlər

Prosineçki bəzi futbolçularla intriqaya girərək onlara qarşı haqsızlıq etdi. Bu daha çox “İnter”in futbolçularına, ilk növbədə kapitan Nizami Hacıyevlə bağlı idi. Təcrübəli yarımmüdafiəçi komandasının liderlərindən biri kimi çempionatda üzdə olsa da, xorvatiyalı mütəxəsis ona heç bir dəfə də olsun dəvət göndərmədi. Hacıyevə görə mətbuatla da kəllə-kəllə gəlməli olan xorvatiyalı mütəxəssis “Nizami mənim futbol fəlsəfəmə uyğun gəlmir” deməklə qərarının səbəbini açıqladı.

Millimizin tarixində ən çox qol vuran futbolçulardan biri olan Rauf Əliyev də ötən seçmə mərhələnin iştirakçısı olmadı. Təcrübəli hücumçu ötən çempionatın bombardirlərindən biri olsa da, bu, Prosineçki üçün yetərli fakt olmadı. Özü də maraqlıdır ki, Raufu martda Qətər yığmasıyla Dohadakı yoldaşlıq görüşünə apararaq şans verən mütəxəssis qayıdandan sonra Almaniyayla ev oyununa hazırlıqdan kənarda qoydu. Əliyevin Albaniyanın “Kukesi” klubunda legioner həyatı yaşayaraq orada qollarını sıralaması da Prosineçkinin diqqətini çəkmədi.

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

 

 

 

 

 

 

 

20 Iyul 2018
19 Iyul 2018
B.eÇ.aÇC.aCŞB