TOP 10

Qurbanov milldə əsas boşluğu, qol vura bilməməyin səbəbini, Şeydayevin problemini göstərdi: "Elə bilirdim ki, Mahir Ronaldo kimi bir futbolçu olacaq"

Futbol
Tarix: 2020-11-16 17:00

Millimiz başa çatmaqda olan UEFA Millətlər Liqasında son 2 matçda uduzmayaraq, hesabına 2 xal yazıb. Ancaq Sloveniya yığmasıyla yoldaşlıq görüşünü də nəzərə alsaq, son 3 oyunda qolsuz bərabərliklərimizin olması da diqqət çəkir. Qol buraxmamaq bir tərəfdən nə qədər yaxşı xüsusiyyət olsa da, qol vura bilməmək digər tərəfdən narahatlıq yaradan məqamdı. Azərbaycan futbolu tarixində ən yaxşı hücumçulardan olmuş Səməd Qurbanovla söhbətimizdə bu və digər məqamlara aydınlıq gətirməyə çalışdıq.

 

- Son oyunlarda millimizin çıxışı sizi nə dərəcədə razı salır?

- Hazırda milli bir az toparlanıb, futbolçular vuruşular. Onların bu keyfiyyəti, əzmkarlığı xoşuma gəldi. 

 

- Bəs, əsas çatışmazlıq nədi?

- Lider yoxdu, bir az bunun təsiri var. Əvvəllər bu, Rəşad Sadıqov idi, uzun illər millini arxasınca daşıdı. İndi çox gənc futbolçuya etimad göstərirlər. Onlar da özlərini göstərirlər, hiss olunur ki, bütün güclərini meydanda qoyurlar. Görünür ki, nəyisə qazanmaq üçün döyüşürlər. Ancaq millidə əvvəllər 3-4 lider futbolçu var idi ki, biri dediyim kimi, Rəşad idi. İndisə bu planda boşluq var, hələ ki millidə o liderliyi görmürük. Ancaq bu uşaqlarda istək var, yaxşı xüsusiyyətdi. 

 

- Hazırkı baş məşqçimiz Canni de Byazi milliyə xeyli yeni futbolçu gətirib. İstəyi başa düşdük, bəs, sizcə, debütantlar ustalıq səviyyələrinə görə meydanda duruş gətirə bilirlər?

- Bilirsiniz, axır vaxtlar bizdə belə bir şey çıxıb ki, kim ön plana çıxanda, başlayır özündənrazılıq məsələsi. Yeni gələnlər yaxşı futbolçulardı, qaçan uşaqlardı, xoşuma gəldilər. Yəqin, baş məşqçinin sayəsində daha da artıracaqlar. Onlara yollarını göstərəcək ki, itib-batmayın, gələcəyiniz var, ən azı 10-15 il futbol oynayacaqsınız. İtib-batmasalar, yaxşı komanda olacaqlar. 

 

- Bu məsələ çox müzakirə olunur ki, millidə gəncləşdirmə lazımdı, ya yox. Bu fikri bildirənlər çoxdur ki, futbolçunun pasportuna, yaşına baxılmamalıdı, indiki anda hazır olanlar çağırılmalıdı. Bəs, siz nəyin tərəfdarısınız?

- Gəncləşdirməyin. İndiki halda ancaq bu, olmalıdı ki, gələcəyə doğru yaxşı addım ataq, bunlardan nəsə götürək. Qoymayaq ki, gənclər bir az özlərinə gələn kimi "sınsınlar". Onlara onu başa salmalıyıq ki, əldə etdiyimiz keyfiyyətləri qoruyun. Bəzi uşaqlar olub ki, adlarını çəkmirəm, "sınıblar". Qara Qarayevdən çox xoşum gəlir, stabil oyunçudu. Nə "sınıb", nə də başqa bir şey. Necə başlayıb, elə də oynayır. Başqa bir misal çəkim, Mahir Emrelidən çox şey gözləyirdim. Elə bilirdim ki, Ronaldo kimi bir futbolçu olacaq. Ləzzətli oyunçudu, ancaq öz üzərində işləsə, güclü futbolçu olacaq. 

 

- Niyə parlaya bilmir Mahir? Hər dəfə adı çəkilir ki, legioner həyatı yaşayaq, ancaq bu, reallaşmır ki reallaşmır. Sizə elə gəlmir ki, Emrelinin Azərbaycanda qalması inkişafının qarşısını alır?

- Nə bilim, bu, Allahın işidi. Qabaqcadan heç nə deyə bilmərəm. Hər şey Mahirin özündən asılıdı. Allah ona istedadı, ruzini, çörəyi veribsə, onun arxasınca ikiqat qaçmalı, ikiqat çalışmalıdı. Emreli bəyəndiyim yaxşı futbolçudu. Elə etməldi ki, xaricilər də ona həsədlə baxsın. Çağıranda da böyük coşquyla desinlər ki, komandamıza belə bir futbolçu dəvət etmişik. Onda istedad, futbol ağlı var. Bir az da özünə baxmalıdı ki, futbolçu kimi artırsın.

 

- Digər hücumçumuz da var, özü də Rusiya futbol məktəbini keçən - Ramil Şeydayev. Bir il əvvəllə müqayisədə dağlar qədər fərq var. Onda Şeydayev millidə lider idi, indisə kölgədə qalıb, bəzən əsas heyətə də düşə bilmir. Sizcə, Ramildə niyə belə eniş oldu?

- Bilirsiniz, Şeydayev fiziki planda bir az ağır futbolçudu. O, qıraqdakılara göstərmək istəyir ki, oynamaq istəyirəm. Qaçır, həvəsi var, ancaq elə bil ki, bir az ağırdı. Öz üzərində işləsə, o da yaxşı futbolçudu. İrəlidə yaxşı qol imkanları olur, hücumda açılmağı bilir, topla yaxşı rəftar edir. 

 

- Düşünümürüsüz ki, Şeydayevi Azərbaycana qayıtmaq geri saldı?

- Bu, mənə bir az qaranlıq qalır ki, fərqi nədi harda oynayır-oynasın, futbolçu özünü göstərməlidi. 

 

- Hər halda, Azərbaycan Premyer Liqasında oynamaq başqadı, Rusiya Premyer Liqasında çıxış etmək başqa. Şeydayevə Moskva "Dinamo"sunda özünü göstəmək şansı düşdü, ancaq möhkəmlənə bilmədi. Bura döndü, daha da geriləməyə başladı...

- Yəqin, yola getməyib və ya onların məşqinə dözə bilməyib, orda başqadı. Futbolçumuz başqa ölkəyə, Avropaya yollansa, məşqlərinə dözə bilməyəcək. Bəlkə bunlarla bağlıdı. Yaxud xasiyyəti düz gəlməyib, bunu dəqiq deyə bilmərəm. 

 

- Millimiz ardıcıl 4 oyundur qol vura bilmir. Bir keçmiş hücumçu olaraq buna nə izah verərdiniz?

- Bayaq dediyim kimi, komandada liderlik yoxdu. Ancaq xüsusilə son oyunda futbolçuların mübarizlik keyfiyyətlərini gördüm. Rəqib futbolçunun üzərinə 3-4 nəfərlə gedirdilər. Həvəslə oynayırdılar, ayaqlarını qorumurdular, lazım gələndə topa başlarını də qoyurdular. 

 

- Ancaq nəzərə alaq ki, hücumda əsas məsələ yaradıcılıq keyfiyyətlərinin olması, qol vəziyyəti yaratmaq, sön nöqtəni qoymaqdı. Bunun üçünsə dəqiq ötürmələrin sayı çox olmalı, kombinasiyalı oyun gərəkdi...

- Razıyam, onun üçün da irəlidə ağıllı oynayan hücumçu lazımdı. 

 

- Sizin vaxtda hücumçular fərdi oyun keyfiyyətləriylə seçilirdilər, rəqibin bir neçə futbolçusunu rahat keçib qol vururdlar. İndikilər isə oyunu öz üzərlərinə götürmürlər, daha çox yarımmüdafiəçilərdən asılıdırlar ki, mənə top verin, qol vurum. Bəlkə əsas problem budu?

- Bəli, bu məqam da var və ona görə irəlidə 3-4 lider futbolçu lazımdı ki, oyunu aparsınlar, ön xətdə aparıcı qüvvəmiz olsun. Bir Qaradı ki, ortada oyunu aparır. İrəlidə isə Mahirdi. Hər şey onun açılmasından, vuruşmağından asılıdı. Çalışır, vurşur, nəsə alınır, nəsə yox. Allahın köməyilə Emrelidə alınacaq. 

 

- Sizcə, millimiz bir hissə azlıqda oynayan rəqibinə qol vura bilməyib qalib gələ bilməməsinə görə kəskin tənqdi olunmaldı?

- Futbolda idman xoşbəxtliyi deyilən bir şey var. Futbolun da gözəlliyi qoldu, bunu hamı bilir. Ancaq bu, oyundu, heç kim əvvəldən gözləyə bilməz ki, uda biləcəksən, ya yox. Futbolçularımızın əzmkarlığından razıyam, yəqin, gələcəkdə qollarımızı da görəcəyik. 

 

- Millətlər Liqası başa çatmaq üzrədi. İtaliyalı baş məşqçimizin ilk işinə necə qiymət vermək olar? Komandada onun dəst-xəttini görürsünüz?

- Bir sözü deyə bilərəm ki, futbolçularda döyüşkənlik ruhu görünür. Qabaq çıxırdılar oyuna, bunu görmürdük, indisə görürük. Meydanda 90 dəqiqə durmurlar, qaçırlar, canlarını qoyurlar. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB