TOP 10

Abasov "Neftçi"nin çempionluğa oynamağa başladığını açıqladı: "Onun fikirli futbolçular komandada əksəriyyət təşkil etsə, super olar"

Futbol
Tarix: 2020-11-13 16:00

"Neftçi"də Samir Abasov dönəmi başladı. Komanda yeni çalışdırıcısının rəhbərliyi altında artıq ilk məşqə də çıxıb. 42 yaşlı Abasovla "Neftçi"nin bazasında görüşərək, bir sıra mətləblər ətrafında söhbətləşdik. 

 

- Maraqlıdı, "Neftçi"ylə imzaladığınız müqavilənin hansısa müddəasında fikir ayrılığı yaranmışdı ki, belə olsa, daha yaxşıdı? Ya klub, ya da siz tərəfdən...

- Yox. Sadəcə, işin gedişatında bəzi məqamlar var  ki, onları məsləhətləşəcəyik. Hansı daha yaxşıdırsa, o yöndə gedəcəyik. Fikrimiz, görünən də bu idi ki, müqavilənin şərtləri iki tərəfi də razı saldı. 

 

- 9 tur arxada qalandan sonra komandanı idarə etmək nə dərəcədə düzgün addımdı? Daha yaxşı olmazdı ki, bu, qış fasiləsində olsun?

- Yaxşı olardı, ancaq qarant da yoxdu ki, qış fasiləsində bu iş mənə təklif olunar. 

 

- "Neftçi" liderlər qrupunda olmasına baxmayaraq, bu vəziyyətdə ən böyük başağrısı qol vura bilməməsidi. Çünki 9 tura 7 qol ən azı "Neftçi" adına biabırçılıqdı. Bunu aradan qaldırmaq üçün hansı addımlar atılmalıdı? Çünki bu 9 turda normal hücum da görməmişik...

- Artıq özünüz sualınıza cavab verdiniz - normal hücumlar qurmalıyıq. 

 

- Bu, necə qurulacaq?

- İnşallah, onu görəcəksiniz. Komanda hücumda olanda, pərakəndə şəkildə, hərəsi bacardığı qədər yox, kollektiv şəkildə olmalıdı. Sizinlə hücum məsələsində razılaşıram. Məncə, nəinki "Neftçi", digər komandaları da bura aid edərdim ki, hücum qurmaq planında böyük problemlərimiz var. Çalışarıq ki, bunu aradan qaldıraq.

 

- Maraqlıdı, sistem olaraq prioritet nə olacaq? 5-li, 4-lü müdafiə, yoxsa...?

- İnanın səmiyyətimi ki, 2 gündü bu haqda danışırıq - oyunçuları yerləşdirək, həmin sistemdə keyfiyyətlərini özlüyümüzdə axtarmağa başlamışıq. Hətta bəzi futbolçular var ki, onlarla oturub individual danışacağıq, danışmaq istəyirik. Əfsuslar olsun burda yoxdurlar ki, baxaq, bu sistemdə uyğun olarlarmı, özləri necə görərlər. Dediyiniz hər 2 sistem ola bilər. 

 

- Buna nə vaxta qərar veriləcək?

- Dünən məşqimizə başladıq, əsas heyətin 5 üzvü bizimlə idi, qalanları əvəzedici komandanın futbolçuları idi. Son klubum "Zirə"dən misal gətirim. Mfo Kvasqanve vardı bizdə, sistem dəyişiləndə, 5-li müdafiəyə keçəndə, ona dedik ki, solda çıxış edəcəksən, ancaq həmişə hücumda olacaqsan. Onsuz da rəngi qaradı, bir rəng aldı ki, deyiləsi bir şey deyil...Bunun üçün futbolçunun özünün də orda özünü rahat hiss etməsi çox vacibdi. Hansısa oyunlarda riskə gedib sistemləri dəyişməyimiz də mümkündü ki, daha uyğunu hansıdırsa, onu da istifadə edək. 

 

- Samir Abasov yenidən Kamran Quliyevlə işləyəcək. Necədi?

- Yaxşıdı, yaxşıdı (gülür). İnşallah, yaxşı olacaq. Kamran Quliyev də həmin "Sumqayıt"dakı Kamran Quliyevdi, Samir Abasov da həmin cavan vaxtlarındakı. Düzdür, yaşlaşmamışıq, ancaq inşallah, hamımızın təcrübəsi bizə kömək olacaq.

 

- Bu zaman kəsiyində "Samir Abasov nəticə verəcək" ifadəsi işlənib, ancaq "Samir Abasov nəticə verib" yox. Nə "Sumqayıt"da bu alındı, nə də "Zirə"də. Bunun səbəbini yəqin ki, özünüz üçün araşdırmısınız...

- "Sumqayıt"dakı tam aydındı mənim üçün, nələrsə alınmadı. "Zirə"dəki özüm üçün müəmmalı qalıb (gülür). Məncə, nəticənin alınması üçün bir az vaxtımız da olmadı. Amma uğurdan danışa bilmərəm. Demişəm ki, bir uğrurumuz da yoxdu, bir nəticə qazanmamışıq. Buna baxmayaraq, mənim üçün sevindirici haldı ki, hər bir post boşalan kimi birinci mənim adım olur. Yəqin ki, bu, doğrudan da işimizin nəticəsidi. İnşallah, işimizin axırı də nəticəylə tamamlansa, möhür olar. 

 

- "Neftçi"də uğur nəyə deyəcəksiniz? Xal 14-dü, ancaq sizin də, "Neftçi"nin xətrinə dəysə, deyəcəm ki, "Neftçi"də oyun sistemində pərakəndəlik görünür...

-  Razıyam. Hamı "Neftçi"dən danışandan sonra o da uğur olacaq bizim üçün. 

 

- Medaldan çox hamının "Neftçi"dən danışması daha önəmlidi?

- Bəli. Onunla da camaata, hamısına ümid verəcəm. 

 

- Çox qısa zaman keçsə də, əminəm ki, "Neftçi"nin hanısa oyunlarını vdeoyazısına baxmısınız. Nə çatmırdı?

- Bəli, baxmışam. Buna bilavasitə cavabım digərlərinin - bundan qabaq olan məşqçilərin xoşuna gəlməyəcək. Elə etməliyəm ki, özünüz ona cavab olaraq deyəsiniz -  bu, çatmırdı, bu çatır. 

 

- Birini deyim ki, "Qarabağ"la son matçda Filip Ozobiç topla 60 metr qaçır, topsuz futbolçular ona çata bilmir. Sizə elə gəlmir ki, "Neftçi"nin futbolçularında həddən artıq çox yüklənmə olurdu?

- "Qarabağ"la həmin matçı ümumiyyətlə, silib atmaq istəyirəm bir qırağa. Belə bir oyunlar olur ki, alınmayanda alınmır. Yaxud bəlkə matçdan qabaq sən uduzmusan - psixoloji və s. Bunun içində olmamışam, dəqiq deyə bilmirəm. Məni yandıran deməzdim, həddindən artıq narahat edən bundan qabaqkı oyunlardı, dediyiniz hücumda problemlə bağlıdı. Sirr deyil ki, "Neftçi" hansı futbolu oynamalıdı. Bunun olmamağı o demək deyil ki, baş məşqçi bunu istəmir. Həmin oyunlar məni bir az təlaşa salır. 

 

- Yəni, dolayısıyla deyirsiniz ki, futbolçular baş məşqçini istəməyib?

- İstəməyib deyə bilmərəm. Ola bilər ki, qavramaqda bir az çətinlik olub. Futbolçularıma da demişəm, misal üçün siz mənimlə birgə şəhərdə gedirik, şüşəli "vitrin"də gözəl-gözəl şirniyyatlar var, deyirsən gəl, bunu alaq. Ancaq alandan sonra deyirsən ki, bu, nə idi pul verdim, gərək o birini alaydım. Qıraqdan gördüyümüz futbolçulardı, indi isə komandanın içinə düşmüşük. Bizə qalıb ki, bunun ən yaxşı tərəfini çıxaraq. Kənardan "Neftçi"nin oyununa baxaraq iradlarımızı bildirmişik. Bu çatışmazlıqların hamısı düzələcək. Bəlkə də zamanı bir az qabaqlayıram, ancaq dünənki məşq mənə həzzin həzzini verdi. Baxmayaraq ki, əsas heyətin 5 futbolçusu vardı, gəncləri də qatıram bura. Doğrudan da məşqdən ləzzət aldım. Bəlkə çoxdandı darıxmışdım. 

 

- Samir Abasov özünə kənardan baxanda, nə qiymət verərdi? Ən azı bizim gənc həmkarlar bildirir ki, xasiyyətiniz çox tünddü. Bəs, özünüz necə hesab edirsiniz? Bu xasiyyət problem yaşada bilərmi?

- Bilər. Topladığımız təcrübə inşallah, bunları aradan götürəcək. Öz-özümə kənardan baxa bilmirəm. Ancaq dünən məşqə baxırdım, öz-özümə dedim ki, nələr edirəm. O ab-havanın içinə girəndən sonra hər şey unudulur. Ancaq xasiyyətimin tündlüyü ilə bağlı televiziyada, saytlarda çox vurğulanıb. Bilmirəm bu piar hardan yaranıb ki, əcnəbi futbolçularla problemim var. Sizə söz verirəm ki, işlədiyim legionerlərin hamısının "Vatsap"ı sizə verib bir-bir oxudaram necə onlarla super münasibətim olub. Təbii ki, slinməyibsə, inşallah, qalar. İndiyədək yazırlar, təbrik edirlər - özü də hamısı. 

 

- "Neftçi"də sizi ən çox narahat edən nədi?

- Ümumi planda deyirsiniz, yoxsa bu gün düşdüyü vəziyyəti?

 

- Bugünkü...

- Oyunçuların yanımda olmamağı. Narahat edir məni, istəyirəm ki, milidən tez qayıtsınlar. 

 

- Bir transfer hüququnuz olsaydı, kimi istəyərdiniz? O vaxt "Sumqayıt"da işlədiyiniz vaxtda mənə verdiyiniz müsahibədə Cavid İmamverdiyevin adını çəkmişdiniz. Eyni şeyi təkralayarsınız, yoxsa onun qatarı gedib?

- Yox, getməyinə getməyib. İnanıram ki, Cavid düzələcək, onda futbolçu ağlı var, sosial ağlı yoxdu. O düzələcək məncə. Qıraqdan baxdığımız qədər "Neftçi" heyətində indi olan futbolçulara görə kimi istəməyimdən bir az uzağam.

 

- Sabir Buqrin, yoxsa Saman Nəriman Cahan?

- Nərimanı görmüşəm, Burqrini yox. Bu gün qoşulur hazırlığa.

 

- Ən azı keçmiş turlarda oyununu görmüsünüz...

 - İkisi də.

 

- Eyni vaxtda meydanda ola biləcəklər?

- Ola da bilər ki, bir dayaq yarımmüdafiəçi, iki hücumameylli futbolçuyla oynayaq.

 

- Hamı tez-tez "Neftçi" çempionluğa oynayır" deyirdi. Bəs, səmimi olsaq, bu, nə vaxt reallaşa bilər?

- Başlayırıq inşallah. Elə bu mövsümdən.

 

- Bunu belə adlandırmaq olar ki, Samir Abasov Qurban Qurbanova "əlcək atdı"?

- Əlcək niyə atdı ki...Salam verdi deyək də (gülür). 

 

- "Çempionluq əlcəyi"ndən söhbət gedir...

- Bilmirəm necə adlandıraq. Bu sözü mən deməmişəm ki, "əlcək atdım". Əsas odur ki, "Neftçi"nin futbolçuları özləri-özlərini çempionluğa layiq görsünlər, razılaşmasın "Qarabağ çempiondu" fikriylə, vəssalam. Bu, bəladı da, onsuz da uduzmusan. Bəlkə sən oyundan qabaq 0:6 uduzmuşdun. Yəni, beyin özü inanmalıdı ki, buna nail ola bilərəm. Dünən Vojislav Stankoviçlə danışıram, görürsən hirsindən deyir ki, niyə filankəs çempionluğa oynamalıdı, biz yox. Belə fikirli uşaqlar komandanın əksəriyyətini təşkil eləsə, super bir şey olar, qalanları da dartacaq. Əsas özləri inansın. 

 

- Bu gün "Neftçi"nin fanatını dindirirsən, birinci ağla gələn sima kimi deyirlər ki, rəhmətlik Böüykağa Hacıyev. Müasir jurnalistlərin fikirlərini soruşanda söyləyirlər ki, rəhmətlik Böyükağa Hacıyev bizə mövzu verirdi. Müasir gənc məşqçilərdən isə bunu Samir Abasov edir. Bəs, Abasova Hacıyevin nəticələrini vermək üçün nə lazımdı?

- Bilmirəm nə lazımdı...

 

- Zaman?

- Zaman yox, onun kimi olmaq ən azından. Onun da kimi olmağı bacaracağıqsa, bilmirəm. Böyükağa müəllim təmiz başqa aləm idi. 

 

- Tarixə varanda, deyilənlərə görə, Əhməd Ələsgərov da psixoloq olub, Böyükağa Hacıyev də daha çox buna üstünlük verib...

- Ələsgərovun psixoloq olmağıyla bağlı yaxşı tərəflərini doğrudan da çox eşitmişəm. Amma məncə, o vaxt əlində olan futbolçuların digərlərindən xeyli fərqləndiyini demək lazımdı. Ancaq Ələsgərov həqiqəqən güclü məşqçi olub.

 

- Deməli, sizin üçün psixoloji cəhətdən hazırlıq vacibdi...

- Bu, indi bizdə prioritetdi. Bir futbolçu özünü çempionluq mübarizəsində görmürsə, reallığı başa düşmür. Elə bilirsə ki, adi komandada oynayır, o fikirlə burdasırsa, indi görün, nələri dəyişməliyik. Deyirsə ki, "Neftçi" olmasın, gedib başqa komandada oynayaram  - bu, doğrudan rəzalətdi, katastrofadı.

 

- Katastrofa demişkən, 9 tur arxada qalıb, "Neftçi"nin hücumçuları 1 qol vurmayıb. Bəs, bu nədi?

- Katastrofa. 

 

- Müalicəsi varmı?

- Var.

 

- Nə olmayıb, nə olacaq? "Neftçi"nin hücumçuları nəinki qol vurmayıblar, onları meydanda da görmürük. Nədi problem?

- Məhz qol vurmamaqdı. Bu gün hücumçular deyir ki, mənə ötürmə verən yoxdu. Bunların hamısını cəmləşdirməliyəm. 

 

 

CEYHUN ƏLİYEV

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB