TOP 10

Romero həmyerlilərini büdrətməyə qadir olduqlarını hesab edir: "Vilyarreal"la matçda azarkeşlərimizi sevindirə bilərik"

Futbol
Tarix: 2020-10-29 10:28

"Qarabağ"ın heyətində bir futbolçuya "Vilyarreal"la bugünkü matç xüsusi önəm kəsb edəcək. Axı, komandanın aparıcı futbolçularından olan Xayme Romero ispan olduğundan, həmyerlilərinə qarşı çıxış edəcək. Özü də Mahir Emrelinin tam hazır olmadığı bir vaxtda, Xayme hücumun sivri ucunda çıxış edəcəyi gözlənilr. Əsas qol ümidimiz olacaq 30 yaşlı Romero Avropa Liqasının qrup mərhələsində ilk ev matçı ərəfəsində Sport24.az-ın suallarını cavablandırıb.

 

- Avropa Liqasına məğlubiyyətlə başlayan "Qarabağ" ilk ev oyununu da kənarda keçirəcək. Bu, nə dərəcədə oyun keyfiyyətlərinə təsir göstərəcək?

- Artıq real vəziyyət belədi və qərar verilib. Nəticədə ev oyunlarının demək olar hamısını kənarda keçirmək məcburiyyətində olacağıq. Bununla barışmalıyıq və artıq nəyisə dəyişmək əlimizdən gəlmir. Buna görə özümüzü reallığa kökləməliyik. Futboldu, ay evdə oynayacağıq, ay səfərdə - artıq bunu beynimizdən qırağa atmalıyıq. Yekunda futbol 11-11-ə qarşı oynanılır. Çıxıb oyunumuzu oynamalı, vəziyyətlə barışmalıyıq. 

 

- Qrupun favoritinə qarşı matçda Azərbaycan azarkeşi nəyə ümid edə bilər?

- Burda təkcə azarkeşlər yox, özümüz də müsbət nəticə qazanmağı düşünürük. Buna nail olmağı hədəfləyirik. Rəqibimiz vurğuladığınız kimi, qrupun favoritdi. Ümumiyyətlə, "Vilyarreal" turnirin ən güclü komandalarındadı. Amma məğlubiyyətlə barışıb meydana çıxmaq - ümumiyyətlə, belə futbolçu, belə komanda varmı? Məncə, istənilən komanda meydana rəqibindən asılı olmayaraq, qalib olmaq, müsbət nəticə qazanmaq üçün çıxır. Bunun əksini düşünənlər varsa, ümumiyyətlə, kimsə, əksini düşünürsə, onda meydana çıxmağa elə gərək yoxdu. Onsuz da bilirsən ki, çıxıram uduzmağa, onda oyuna niyə çıxırsan ki? Buna görə də gözləntilərimiz müsbət nəticə qazanmaqdı. Və bu məqsədlə də, bu istəklə də meydana çıxacağıq.

 

- "Vilyarreal"a qarşı oynamısan. Bu komandanı necə xarakerizə edərdin?

- Bildiyiniz kimi, "Vilyarreal" Kastelyon şəhərini təmsil edir. Ümumiyyətlə, kastelyonluların son illərdə yaxşı heyətləri olub. Onlar artıq neçə vaxtdı, xüsusilə son 5-6 ildə ardıcıl qruplarda çıxış edirlər. Yaxşı komandaları var, ancaq bu mövsüm xüsusilə heyətlərini daha da gücləndiriblər. Yaxşı futbolçuların transferiylə güclərinə güc qatıblar. Baş məşqçiləri də yenidi - Unay Emeri. Və onun da gəlişiylə komanda artırıb. Çempionatda hal-hazırda yaxşı formada olan komandalardan biridi. "Vilyarreal"ı belə xarakterizə edərdim ki, topa daha çox sahib olmağa çalışır. Keyfiyyətli futbolçulardan təşkil olunan komandadı. Amma bütün bunlara baxmayaraq, biz də rəqibi büdrədə biləcəyimizə ümidliyik. "Vilyarreal"la matçda azarkeşlərimizi sevindirə bilərik.  

 

- Yəqin ki, rəqibin zəif nöqtələri də var. Bunları sadalaya bilərsən?

- Şübhəsiz ki, bütün komandaların zəif nöqtələri var. "Vilyarreal" da istisna deyil. Bunun sərf nəyin olduğunu deyə bilmərəm. Amma əsas odur ki, güclü nöqtələrimizə, güclü tərəflərimiz hansıdı - onlara daha çox köklənməliyik. Ki, istəyimizə çatmaqda bizə kömək eləsin.

 

- "Qarabağ"ın ev oyununu kənarda keçirməsi erməni separatçılarının formasını geyindiyin klubun adını daşıdığı bölgənin 30 ildi işğal altında saxlaması və hazırda həmin zonada qanlı döyüşlərin getməsi, habelə, müharibə ərazisindən xeyli aralıda yerləşən dinc əhalimizə təcavüzü səbəbindəndi. Maraqlıdı, İspaniya mətbuatı bu müharibəylə bağlı səninlə əlaqə saxlayıbmı? Ümumiyyətlə, özün bu haqda nələr düşünürsən?

- Burda əcnəbi olsaq da, başqa ölkədən gəlsək də, həm komanda yoldaşlarımı, həm klubda çalışanlar bizə ümumi vəziyyət haqda məlumat verirlər. Özümüz də məlumat toplamağa çalışırıq. Təbii ki, bizimlə İspaniya mətbuatından maraqlananlar olub. Biz də buradakı vəziyyət haqda bildiyimizi onlara deyirik, şəxsən mən həmyerlilərimizi məlumatlandırmışam. O ki qaldı özümün fikrinə, mən olum, yaxud qardaşım, bu məsələdə Azərbaycanın doğru yolda olduğunu düşünürük. Ümumiyyətlə, neçə müddətdi artıq burdayam, insanlarınızın xoş niyyətli olması - həm ətrafda olsun, həm də klub daxilində - bizə qarşı xoş münasibət özünü göstərir. Ümid edirəm ki, tezliklə bu münaqişə Azərbaycanın xeyrinə başa çatacaq.

 

- 3 il əvvəl "Qarabağ" İspaniya nəhənglərindən sayılan "Atletiko"yla Çempionlar Liqasının qrupunda keçirdiyi 2 matçın heç birində məğlub olmayıb. Həmvətnlərinlə budəfəki görüşdə eyni qəhrəmanlığı göstərmək nə dərəcədə realdı?

- Əlbəttə, bu, mümkündü. Futbolda istənilən nəticəni gözləmək olar. Həmişə demişəm ki, futbol bərabər sayda olan komandaların mübarizəsidi. Aydın məsələdi ki, əvvəl dediyim kimi, "Vilyarreal"ın yaxşı heyəti var, keyfiyyətli futbolçulardan qurulan güclü komandadı. Ancaq bizim komanda da pis deyil, rəqibi büdrətməyə qadirdi. "Qarabağ" o potensiala malikdi. Komanda yoldaşlarımla oyun günü istədiyimiz meydanda alınsa, ümid edirəm ki, dediyiniz kimi də olacaq. Yekunda nədən olmasın? "Atletiko"ya qarşı nəticəni bu komanda qazanıbsa, "Vilyarreal"a qarşı da eyni nəticəni nədən təkrarlaya bilməsin ki? Təbii ki, bu, mümkündü. 

 

 

 

CEYHUN ƏLİYEV

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB