TOP 10

"Atletiko"yla uğurlu matçlarda iştirak edən sabiq "Qarabağ"lı: "Villyarreal"dan da 1 xal götürmək olar, bu, qələbə kimi sayılacaq"

Futbol
Tarix: 2020-10-28 13:22

"Belə götürəndə, "Atletiko" "Vilyarreal"dan heç də geri qalmır. Nəticə sarıdan baxanda, hətta ondan üstün olduğunu deyə bilərik. Ancaq Madrid klubuna uduzmayaraq xallar aldıq - evdə də, səfərdə də heç-heçə etdik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov bildirib. 

 

Üç il əvvəl Çempionlar Liqasında Ağdam klubunun heyətində "Atletiko"yla uğurlu görüşlərdə iştirak edən təcrübəli yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk ev matçında rəqibi olan digər İspaniya təmsilçisinini dəyərləndirib. İsmaylovun fikrincə, "Vilyarreal" tamam başqa futbol nümayiş etdirir: "Açığı, bu komanda hazırda formadadır, bu dəqiqə yüksək templi oyun nümayiş etdirir. İzləmişəm bu mövsüm oyununu. Fərqli, üstün rəqibdi, keçən turadək lider idi çempionatda. "Vilyarreal"ın həmişə məktəbi güclü olub. Əvvəldən bilirəm ki, həqiqətən topla, ötürməylə çox oynamağı sevən, hücuma tez çıxmağı xoşlayan komandadı. "Qarabağ"ın üslubunda oynayır, ancaq ispan futbolu tamam başqa cürdü. Ola bilər ki, baş məşqçimiz Qurban Qurbanov fərqli taktika seçsin. O, rəqibləri yaxşı analiz edir. "Qarabağ" düzgün oynasa, toparlansa, inanıram ki, ən azı 1 xal ala bilər. Bəli, çox çətin görünür həqiqqətən. İlk növbədə "Vilyarreal"ın hazırkı vəziyyətinə, belə yüksəlişdə olmağına görə. Ancaq futboldu, hər şey ola bilər. "Atletiko"dan hər iki matçda xal almışıqsa, "Vilyarreal"dan niyə də olmasın?".

 

Onu da nəzərə almalıyıq ki, "Qarabağ"ın heyəti İsmayılovun çıxış etdiyi vaxtdan fərqlənir, indi ehiyat oyunçular əvvəlkitək uzun deyil. Üstəlik, zədələrə görə heyətdə itkilər yaranıb. Əfran bu amillərin həqiqətən futbola təsir göstərdiyini vurğulayıb: "Elə bir şey yoxdu ki, zədə problemi, ehtiyat oyunçular skamyası qısa olsun, ancaq öz mənfi təsirini göstərməsin. Ancaq bir şeyi də nəzərə alaq ki, avrokuboklar matçları çempionatdan tamam fərqlidi. Bu qısa bir turnirdi, bir oyuna toparlanıb, münasib "11-lik" də olsa, nəticə qazanmaq mümkündü".  

 

32 yaşlı futbolçu ev matçlarını Azərbaycanda keçirə bilməməyimizə də toxunub: "Bir arzuolunmaz məqam var ki, evdə oynamayacağıq, rəqibləri ölkəmizdən kənarda qəbul edəcəyik. Bəli, Türkiyə qardaş ölkədi, fikirlər bildirdilər ki, qapımızı, evimizi, stadionumuzu "Qarabağ" üçün açmağa hazırıq. Türkiyə nəinki futbolda, siyasətdə, hər bir şeydə bizə dəstəkdi, bizə evimiz kimi doğmadı. Buna görə sağ olsun. Hər halda, ev matçını Bakıda keçirsək, daha yaxşı olardı. "Qarabağ" ilk turda səfərdən xalsız qayırdığından, ardıcıl 2-ci məğlubiyyətini almamağa, ev matçında nəticə qazanmaqla vəziyyətini düzəltməyə çalışacaq. İnanıram ki, ən azı 1 xal üçün meydana çıxacağıq. 1 xal qazanmaq bizim üçün böyük şey, qələbəyə bərabər nəticə sayılacaq  Ona görə deyirəm ki, heç-heçə olsa, "Qarabağ" rəqibini udmuş kimi sayılacaq".

 

İsmayılov "Qarabağ"ın pley-offa çıxmağa iddiaçılar görərək, 2-ci yerə ən şanslı saydığı komanda haqda da söz açıb: "Makkabi"dən belə oyun gözləmirdim açığı, Çox stabil, müdafiədən hücuma tez keçən komandadı. "Vilyarreal"ı qoyuram bir kənara, qrup qalibi olmağa aşkar favoritdi. Fikrimcə, 2-cu yer uğrunda 3 komanda arasında gərgin mübarizə gedəcək. Əvvəl isə düşünürdüm ki, 2-ci vəsiqə üçün "Sivasspor"la "Qarabağ" yarışacaq. Ancaq "Makkabi"nin bizə qarşı oyununa baxandan sonra tamam başqa fikrə gəldim ki, həqiqətən yaxşı futbol oynamağı bacaran komandadı. Sizi inandırım ki, "Makkabi"ni "Sivasspor"dan da üstün sayıram. İstənilən halda, hər üçü iddalıdı, mübarizənin sonluğunu isə zaman göstərəcək".

 

Qeyd edək ki, Əfran avrokuboklarda bütün qollarını "Qarabağ"ın heyətində vuraraq (41 oyun 7 qol) ən sərrast oyunçular sırasındadı. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV 

28 Noyabr 2020