TOP 10

"Mütəxəssis rəyi"ndə ilk dövrəyə baxış, çempionun kimliyi ilə bağlı əminlik: "Heç kim riskə gedib açıq futbol oynamaq istəmir"

Futbol
Tarix: 2020-10-27 20:00

Premyer Liqamızda ilk dövrə arxada qaldı. Sport24.az-ın "Mütəxəssis rəyi" rubrikasının budəfəki qonağı olan U-18 yığmamızın baş məşqçisi Elxan Abdullayev təkcə son turu yox, ümumilikdə birinci dövrəni dəyərləndirdi. 

 

- Premyer Liqanın ilk dövrəsini necə dəyərləndirərdiniz? Mövsümün əvvəlində turnir cədvəlinin indiki kimi olacağını gözləyirdiniz?
- İlk dövrədə "Səbail" - "Qarabağ" oyunu təxirə düşdü. Həmin oyunun nəticəsindən asılı olaraq, cədvəldə dəyişiklik də ola bilər. "Səbail" "Sabah"ı, "Qarabağ" isə "Zirə"ni geridə qoya bilər. Buna baxmayaraq, lider dəyişməz qalır. Ümumilikdə isə şəxsən mənim baxışıma görə etiraf etməliyəm ki, çempionat maraqlı deyil. Hazırki pandemiya vəziyyəti, azarkeşsiz oyunlar sanki futbolu ikinci plana atıb. Maraqsız olmağını da bu baxımdan deyirəm. Digər tərəfdən isə həm də maraqlıdır ona görə ki, oyunlara əvvəlcədən proqnoz vermək olmur. Hər oyun bütün klublar bir birlərindən xal ala bilirlər. Bu baxımdan Premyer Liqa digər bəzi başqa ölkə çempionatlarından yaxşı mənada fərqlənir. Bərabər oyunlar gedir. Hansısa oyunu təhlil etmək, xüsusən də proqnoz vermək mümkün olmur. Özünüz də görürsünüz ki, necə oyunlar keçir. Hansısa komanda səfərdə 3 qələbə qazanıb, ev oyununda isə məğlub olur. Turnir cədvəlində komandalar arasında olan xal fərqi də elə böyük deyil. İlk 5-likdə qərarlaşan komandalar arasında olan xal fərqinə nəzər salsaq görərik ki, liderlə 5-ci yer arasında 5 xallıq fərq var. Bu, elə də çox deyil. Komandaları ayrı ayrııqda dəyərləndirəndə isə "Sumqayıt" yaxşı qrafik cızır. İlk dövrəyə görə 66%-lik nəticə göstəriblər. "Qarabağ"da da, "Neftçi"də də bu qrafik uğurludur. Mübarizə sona qədər gedəcək.

 

- Komandaları ayrılıqda dəyərləndirək. Başlayaq "Sumqayıt"dan. İlk turdakı məğlubiyyətlərini nəzərə almasaq, 6 oyundur məğlub olmurlar. Bu komanda sizi həm xal, həm oyun baxımından təəccübləndirə bilib?
- Etiraf etmək lazımdır ki, "Sumqayıt" komanda olaraq "artırıb". Artıq kifayət qədər oyunçuları milliyə də dəvət alır ki, bu da gənc oyunçular üçün əlavə stimuldur. Futbolçu milliyə nəyə görə dəvət alır? Klubdakı oyununa görə. Belədə oyunçular anlayırlar ki, klubda nə qədər yaxşı, keyfiyyətli, əzmkar oyun göstərsələr milliyə də mütəmadi dəvət alacaqlar. Buna görə klubda daha yaxşı, milliyə dəvət almaq üçün daha əzmlə çıxış edirlər. Sonuncu turdakı qələbə də buna bariz nümunədir. Komanda 95-ci dəqiqədə qol vurursa, demək oyunçularda qələbə əzmi çox yüksəkdir. Onların bu çıxışı mənim üçün heç də gözlənilməz deyil. Baxmayaraq ki, indi ilk dövrə haqda danışırıq, mən hər zaman demişəm, indi də deyirəm ki, sonda çempion "Qarabağ" olacaq. Bu komanda çempionluğa ən uyğun gələn, bunun üçün bütün şəraiti olan klubdur. Ona görə də mən belə əminliklə danışıram. Bu gün "Sumqayıt"da "Qarabağ"da olmayan çatışmazlıqlar var. Düzdür, demirəm ki, "Sumqayıt"ın indiki liderliyi təsadüfdür. Əziyyətlərini danmaq olmaz. Buna baxmayaraq bu vəziyyət müvəqqətidir.

 

- Razılaşmaya bilmərəm. Çempionat başlamamışdan öncə də "Qarabağ" və digər 7 klub fikri var idi. İndi isə biz çempionluğu yox, ilk dövrəni müzakirə edirik. İlk dövrədə isə "Sumqayıt" digərlərindən fərqlənməyi bacarıb.
- Sözsüz. Mən dedim axı, milliyə dəvət alan oyunçuları var. Ötən mövsümlə müqayisədə heyətdə dəyişiklik olub. Yeni, gənc oyunçuları var. Azərbaycan kimi ölkənin çempionatında təcrübə elə də önəm daşımır. Bizdə daha çox mübarizə, istək ön planda olur. Belə çempionatda oynamaq da asan deyil. Komandalar bir birilərini yaxşı tanıyırlar. Hamı bilir ki, kim necə oynayacaq. Buna görə də hər oyunda daha çox istəkli olan qalib gəlir. "Sumqayıt"da bu istək var. Onlar döyüşürlər və qalib gəlirlər. Minimal hesabla da olsa qalib gəlirlər. İndiki liderlik mövqeyinə də layiqdirlər.

 

- "Sumqayıt"ın heyətində Əli Qurbani 7 oyunda 6 qol vurmaqla komandasının ümümu qol sayının yarısından da çox fərqlənib. "Neftçi"nin isə 7 qolundan 5-ini Namiq Ələsgərov vurub. Bu tendensiya komandalar üçün yaxşıdır ya pis?
- İlk öncə onu deyim ki, Əli Qurbani uğurlu transfer oldu. O, hücumçudur. Belədə təbii ki, komanda qol vurması üçün əsas silahı kimi onu görür və hücumu onun üzərində qurursa, onun da bu qədər qol vurması normaldır. Gələcəkdə necə olacaq bilmirəm. Allah etsin ki, bundan sonra da indiki kimi özünü doğrultsun. İndiki çempionatda 6 qol vurmaq elə də asan deyil. Demək o, artıq özünü doğruldub.

 

- Yarımçıq dayandırılmış ötən mövsümdə isə bombardir olan oyunçu 20 turda 7 qol vura bilmişdi...
- Bəli. İndi isə baxmayaraq ki, hələ ilk dövrə bitib, Əli artıq 6 qol vura bilib. Bu qolları isə "Neftçi", "Qarabağ" kimi rəqiblərə vurub. Milliyə dəvət alıb. Digər mövqə oyunçularından fərqli olaraq hücumçu millinin məşqçilərini vurduğu qollarla məcbur etməlidir ki, milliyə cəlb olunsun. Əli Qurbani də vurduğu qollarla milliyə dəvət ala bildi. Məşqçilər məcbur oldular ki, ona nəzər salsınlar. Bilirsiniz, əgər sən hücumçusansa və çempionatdakı digər hücumçulardan daha çox qol vururansa milliyə dəvət almamağın haqsızlıq olar. Düzdür, Bundesliqa səviyyəsində olan, orda legioner həyatı yaşayan hücumçumuz olsaydı və o orda iki qol da vursaydı rəqabət olardı onların arasında. Hazırda isə eyni çempionatda oynayan hücumçular dəvət alırsa, birmənalı olaraq Əli Qurbani ilk sırada olmalı idi. ​Namiq Ələsgərova gəldikdə isə, ona daha çox alqış düşür, çünki o hücumçu deyil. Hücumameyyli olsa da , sırf hücumçu deyil və onun qolları komandasına çox xeyir verir. Son iki oyunda da komanda onun qolları ilə 6 xal qazandı yox, deyərdim ki, komandasına 6 xalı elə Namiq qazandırdı. Bu iki oyunçu arasında fərq də ondan ibarətdir ki, Əli "Sumqayıt" üçün tək qol ümididir. Namiq isə "Neftçi"də fərqli oyunçudur. Ona görə də onları müqayisə etməzdim. Hər halda hər ikisinə alqış düşür. Bizdə belə bir tendensiya var ki, baş məşqçilər uğursuz transferi etiraf etmək istəmirlər və hər dəfə deyirlər ki, yeni gəlib, uyğunlaşmayıb. Oyunçu bir ilə yaxın oynayır, amma baş məşqçi hər dəfə deyir ki, uyğunlaşma gedir. Əli isə bunun bəhanə olduğunu isbat edir. Gəldi və artıq qollarını sıralayır. Komandaya da çox xeyir verir. Deməli, uğurlu və lazımlı transferdir.

 

- Subyektiv fikrimdir ki, baxmayaraq ki, "Neftçi" 13 xalla ikinci pillidə qərarlaşıb və liderdən cəmi bir xal geri qalır, amma sərgilədiyi oyun baxımdan ikinci pilləyə layiq deyil. Siz necə düşünürsüz?
- Mən deməzdim ki, ikinci pilləyə layiq deyil. Ümumiyyətlə, kim layiqdir?

-

Mənim fikrimə görə hətta "Keşlə" daha sanballı oyun göstərir...
- Mən hər zaman fakt tərəfdarı olmuşam. Bütün komandalar bir birirəli ilə oynadılar. İndi çox şey demək olar. Futbolda fərqli anlayışlar var. Biz komandaların strategiyasını bilmirik. Bilmirik ki, baş məşqçi oyunçulardan nə tələb edir. Xatırlayırsızsa, Haynkes rəhbərliyi dövründə "Bavariya" mümkün olan bütün titulları qazandı və komandadan uzaqlaşdırıldı. Komandaya Qvardiola dəvət olundu. Səbəb də o oldu ki, Pep klubda dəyişiklik etsin. Buna baxmayaraq, Pepin dövründə komanda qələbə qazananda belə azarkeşlər onu fitə basırdılar. Oyun stilini bəyənmirdilər, qəbul etmirdilər. Qvardiola gedəndən sonra "Bavariya" yenə də öz ənənəvi oyununu oynamağa başladı. Aqressiv futbol oynadı. İnsanlar da bunu sevirlər. "Neftçi" də eyni. Komandalar var ki, sırf nəticəyə oynayırlar. Qarşılarına müəyyən hədəf qoyublar və baş məşqşi haqlı olaraq xal qazanmaq üçün oynayır. Bu kiminsə xoşuna gəlməyə bilər, komanda baxımlı oynamaya bilər, amma xal qazanırlar. Ola bilər ki, bu sistem dəyişər. Komanda baxımlı oyun göstərər, xala görə oynamaz və belədə həmin xallarla risk etmiş olar. O xalları yığa bilməz. "Neftçi" azarkeşi isə hər zaman qələbə və birincilik tələb edir. Bu gün "Neftçi"də heyət də deyişdi, baş məşqçi də. Gənc məşqçidir. Yeni oyunçular arasında anlaşma hələ tam deyil. Düzdür, kənardan görünə bilər ki, onlar hələ bizim görmək istədiyimiz futbolu sərgiləmirlər. Buna baxmayaraq liderlə olan bir xal fərq elə də çox deyil. Düşünürəm ki, onlar da yaxşı qrafiklə irəliləyirlər.

 

- Xoşagəlməz hal isə "Sabah"dadır. son 4 oyunda, ümumilikdə isə 5 məğlubiyyət. Nə baş verir sizcə?
- Yenə deyirəm, hansısa kollektivdə baş verənlər mənə aid deyil. O ki qaldı kənardan necə görünməyinə, düşünürəm ki, ən gözlənilməz nəticəni "Sabah" göstərir. Hansı ki, biz onlardan uğurlu qrafik gözləsək də , ən zəif nəticə gördük. Baxmayaraq ki, turnir cədvəlində "Qəbələ" və "Səbail" komandalarını qabaqlayırlar, məncə, çempionatın ən zəif bəndi "Sabah"dır. Bütün oyun göztəricilərinə görə digər 7 klubdan geri qalırlar. Buna görə də bu gün ən çox qınanan komanda da məhz "Sabah"dır. Niyə? "Qəbələ" və "Səbail" aydındır. Maaliyyə çətinliyi çəkirlər. Bir çox futbolçularla vidalaşmalı oldular. Heyətləri yeniləndi. Onlarda çox sayda çatışmazlıq var. Azarkeşlər də onlardan çox şey gözləyə bilməzlər. Hazırda onların maksimum bacardıqları budur. Buna baxmayaraq bu çətin vəziyyətdə onlar da asan məğlub olmurlar, hətta bəzi rəqiblərindən xal da ala bilirlər. "Sabah"a gəldikdə isə, vəziyyət fərqlidir. Maddi-texniki bazaları var. Yaxşı xarici baş məşqçi dəvət ediblər. Komandanın koordinatoru əcnəbidir. Buna baxmayaraq heç nə alınmır. Mən başa düşmürəm niyə? İndi heç kimi günahlandırmaq da olmaz. Yaxşı futbolçuları da var. Komandanın daxilində olmadığım üçün bir söz deyə bilmərəm, amma ilk dövrənin aktivlərinə yazmaq olmaz. Yəqin ki, bu mövsüm üçün də hədəfləri var idi. İndiki durumları isə heç də ürəkaçan deyil. İndiki oyunla, xallarla bu hədəflərə çatmaq onlar üçün çox çətin olacaq. Düzdür, bunu tam iddia edə bilmərəm. Qarşıda 3 dövrəlik uzun marafon var. Fakt isə budur ki, çox uğursuz start veriblər. Ola bilər ki, qarşıdakı turlarda fərqli nəticələr göstərsinlər, qarşılarındakı hədəflərə çatmağa uyğun oyun sərgiləsinlər, qələbələri sıralasınlar.

 

- "Keşlə"nin heyəti də zəif deyil. Bir çox legionerləri var. Milliyə dəvət alan yerli oyunçuları var. Çempionatın ən yaxşı qapıçısı onlardadır. Namaşko kifayət qədər keyfiyyətli qolkiperdi. Buna baxmayaraq, "Keşlə"nin də xalı çox deyil...
- Onlarda stabil oyun görmürəm. "Keşlə" bəzən çox möhtəşəm futbol sərgiləyir, bəzən isə açıq-aşkar çox zəif çıxış edirlər. Hələ ki, onlarda həmin gücü görmürəm. Düzü, özümün bu komandaya böyük simpatiyam var. Çox döyüşkən komandadır. Onlarda potensial var. Düşünürəm ki, hələ ki, həmin tonusa düşməyiblər. Sezarın qayıdışı isə onlara çox kömək olacaq. Sezar kreativ futbolçudur və "Keşlə" böyük xeyir qazanacaq ondan.

 

- Rəşaq Sadıqov futbolçu kimi Azərbaycan futbolunun simasıdır. Baş məşqçi kimi "Zirə"də debütunu necə qiymətləndirərdiz?
- Karyerasını indi başlayan biri üçün möhtəşəm başlanğıcdır. Rəşadla uzun illər bir yerdə işləmişəm. Onun adına sevinirəm və təkcə ona görə yox ki, birinci dövrədə komandası uğurlu çıxış edib. Ona görə ki, Rəşad bu uğuru komandanı sıfırdan yığmaqla, heyəti tam yenidən qurmaqla qazanıb. Faktiki olaraq yeni komanda qurdu və indi heç kim deyə bilməz ki, "Zirə"ni asan məğlub edə bilər. Bu da məni sevindirir. Nəzərə alsaq ki, futbolda yeni komandaya zaman lazımdır, demək ki, indi bu nəticəni qazanan komanda qarşıda daha yaxşı çıxıs edib, daha böyük uğurlar qazana biləcək. Yəqin ki, indiki transferləri də büdcələrinə uyğun ediblər və qarşıda bir neçə daha səviyyəli, keyfiyyətli oyunçu transfer edə bilsələr onlarda hər şey əla olacaq.

 

- Turnir cədvəlində son iki pillədə "Qəbələ" və "Səbail" qərarlaşıb. Qeyd etdiniz ki, onların hazırki maddi vəziyyətləri də bunu labüd edir. Maraqlıdır ki, bu vəziyyətdə belə qələbəsi olmasa da "Qəbələ" cəmi iki oyunda məğlub olub...
- "Qəbələ"nin oyunu çox xoşuma gəlir. Ev, səfər fərq etmir. Çox baxımlı futbol oynayırlar. Gənc  oyunçuları var. Mübarizədən qorxmurlar, döyüşürlər. Çalışırlar ki, yaxşı futbol oynasınlar. İsətnilən halda nə istədikləri görünür. Düzdür, bəzi anlarda nələrsə alınmır. Buna baxmayaraq onlardan nə tələb olunduğunu bilirlər. Oyunlarına baxıram və görürəm ki, oyun ərzində ötürmə ilə, səliqəli oynayırlar. Pressinq edirlər. Biz öyrəşmişik Qriqorçukun vaxtında olan "Qəbələ"ni görməyə. Hansı ki həmin vaxtın üçüncü heyəti belə indiki əsas heyətdən güclü idi. Buna baxmayaraq indi bu heyət çox layiqli futbol göstərir. Demirəm ki, hansısa yüksək pilləni tuta bilərlər, amma istənilən halda gözəl futbol oynayırlar. Təsəvvür edin ki, 5 oyun heç-heçə ediblər. Bu nə deməkdir? 90 dəqiqə hər şey ola bilərdi. Necə ki, "Sumqayıt" son turda 95-ci dəqiqədə fərqləndi. Elə də "Qəbələ" hər an bir qol vurub qalib gələ bilərdi həmin 5 oyunda. Bir sözlə, heç bir komandaya kompromisə getməyən komandadır. "Səbail"ə gəldiksə isə, elə bir zamandır ki, istəməzdim kimisə tənqid edim. Bayaq "Sabah" haqda tənqid dedim, amma bu o demək deyil ki, mən o komandanı sevmirəm. Sadəcə, gözləntilərimdən danışıram. Obyektiv təhlil edirəm. "Səbail"dən, lap elə "Qəbələ"dən isə bu gözləntimiz yoxdur. Onları onsuz da olduqları yerdə təsəvvür edirdik. Buna baxmayaraq, "Qəbələ" 5 komandadan xal alıb. "Səbail" iki heç-heçə, bir qalibiyyətlə 3 komandadan xal alıb. Onlar xal qazanırlar.

 

- Futbolun gözəlliyi qoldur. Biz isə Premyer Liqada çox az qol izləyirik...
- Bəli, çox az. İkinci pillədə olan "Neftçi" də 7 qol vurub, son iki pillədən birində olan "Səbail" də 7 qol. Normal deyil.

 

- Hücumçu yoxdur, yoxsa baş məşqçilər daha çox müdafiəyə fikir verməyi tapşırırlar?
- Elə deməzdim. Bayaq da dedim, komandalar bir birilərini çox yaxşı tanıyırlar və bir biriləlirinə ehtiyatlı yanaşırlar. Haqlıdırlar da. 20 komandalı, iki dövrəli çempionatda rəqiblər 7-8 aydan bir qarşılaşırlar, bizdə isə sistematik olaraq 4 dəfə görüşürlər. Və belə az xal fərqi ilə ehtiyat edirlər. Heç kim riskə gedib açıq futbol oynamaq istəmir. Belədə də az qol vurulur.​

 

 

 

 

CEYHUN ƏLİYEV

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB