TOP 10

Turun "Ən"ləri-7: "Sumqayıt"dan het-trik, Qomesdən dubl

Futbol
Tarix: 2020-10-26 20:00

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə ilk dövrə sona çatdı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​ bu dəfə yeni çempionatın VII turunu​ dəyərləndirir.​

 

 

"Simvolik yığma"

 

Qapıçı: Mateus Albino ("Zirə", 2)

 

Müdafiəçilər: Tallison Diaz ("Neftçi") - Murad Musayev ("Qəbələ", 2) - Elvin Bədəlov ("Sumqayıt") - Abbas Hüseynov ("Qarabağ")

 

Yarımmüdafiəçilər: Yusuf Laval ("Neftçi", 2) - Səbuhi Abdullazadə ("Sumqayıt") - Xəyal Nəcəfov ("Sumqayıt", 3) - Hendrik Ekşteyn ("Səbail", 2) - Namiq Ələsgərov ("Neftçi", 4)

 

Hücumçu: Əli Qurbani ("Sumqayıt", 4)

 

 

Turun BAŞ MƏŞQÇİsi - Ayxan Abbasov ("Sumqayıt", 3)

"Sumqayıt"ın 39 yaşlı çalışdırıcısı bu nominasiyada yenidən fərqləndi. Bu, ardıcıl 2-ci,  ümumilikdə 3-cü dəfə oldu və bununla da Ayxan Abbasov ilk dövrəni lider kimi bitirdi. Onun komandanı "Sabah"la səfər matçına  yaxşı hazırlamaqla, rəqibi yaxşı təhlil etməklə yanaşı, uğurlu əvəzetməylə də yadda qaldı. Belə ki, son saniyələrdə vurulan qələbə topunun müəllifi sonradan meydana buraxılan gənc yarımmüdafiəçi Səbuhi Abdullazadə oldu.

 

 

Turun QƏHRƏMANı - Səbuhi Abdullazadə ("Sumqayıt")

Meydanda uzatmanı da nəzərə alsaq, cəmi 20 dəqiqə olmaq olar, ancaq əsas komandana fayda verməkdi. Bunu son turda "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə nümayişkarcasına göstərdi. Klubun yetirməsi olan bu 19 yaşlı yarımmüdafiəçi 75-ci dəqiqədə meydana daxil oldu və son saniyələrdə qapıçıyla təkbətəkdən maksimum istifadə etdi. Bununla da Səbuhi Saşa Stamenkoviç kimi güclü qapıçıya necə qol vurmaq lazım olduğunu, bunadək təkbətəkləri boşa verən hücumdakı komanda yoldaşlarına göstərdi.

 

 

Turun ANTİQƏHRƏMANı - Visente Qomes ("Sabah")

Bəli, bu nominasiyanın budəfəki "qalibi" sizi çaşdırmasın. Premyer Liqamızda yeganə əcnəbi mütəxəssis olan "Sabah"ın ispaniyalı çalışdırıcısı Visente Qomes bu dəfə komandasının ən zəif bəndi idi. Onun tapşırığına əsasən meydan sahibləri hesab 1:1-dən sonra az qala bütün komanda şəklində irəli atılaraq, qələbə topunu vurmağa çalışdı. Axı, komandanın 7-8 futbolçu ilə öndə hücum etməsinə nə zərurət var idi ki, sonda da əks-hücumdan qol buraxıb, 1 xaldan da olasan. Halbuki, "Sabah" müdafiədə diqqətli oynasaydı, lideri büdrətmiş olacaqdı. Qomes matçdan sonra da saytımızın əməkdaşının bununla bağlı sualında səhvlərinin olduğunu etiraf etdi. Onu da bildirək ki, ispaniyalı mütəxəssis ilk dövrədə turun baş məşqçisi seçilənlər sırasında da yer alıb.

 

 

Turun KOMANDAsı - "Sumqayıt"

Futbol 90, lazım olanda 100 dəqiqəyə yaxın davam edir. Əass odur ki, sonadək oynayasan, xarakter, əzmkarlıq göstərəsən. "Sumqayıt" onu ilk dövrəni qalib edən bu səfər qələbəsini belə qazandı. Komanda 65-cı dəqiqədə avtoqolla hesabda üstünlüyünü əldən versə də, 3 xalı qopara bildi. 

 

 

Turun SİTATı - Visente Qomes ("Sabah")


Etiraf gözəl şeydi. Hər halda, bu, peşəkarlıq məsələsində vacib amildi. Ancaq hər çalışdırıcı bunu etmir axı...Ancaq "Sabah"ın baş məşqçisi Visente Qomes bu cəsarəti özündə taparaq. səhvini etiraf etdi: "Hesabı bərabərləşəndən sonra böyük qüvvəylə irəli atılmağımız səhv addım idi". 

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB