TOP 10

Ənənələrini pozmayanların Qəbələ dueli - bu qədər sülhsevərlik olarmı?

Futbol
Tarix: 2020-10-25 15:00

"Qəbələ" ilk dövrənin son turunda Aftandil Hacıyevli "Səbail"i qonaq etdi. Bu mütəxəssisin adını əbəs yerə vurğulamadım. Çünki Hacıyevin 2 il əvvəl nəinki "Səbail"də, ümumiyyətlə, Premyer Liqada debütü məhz Qəbələdə baş tutmuşdu. Ancaq heç də uğurlu olmamışdı. Çünki Hacıyev "siftə"dəcə böyükhesablı məğlubiyyət almışdı - 0:3. Ancaq yaxşı deyiblər ki, ən yaxşı sevinən sonda sevinən olur. Çünki "Səbail" məhz "Qəbələ"yə 3-cü yer uğrunda mübarizədə üstün olaraq tarixində ilk medalı - bürünc medal və Avropa Liqasına vəsiqəni qazandı.

 

Ancaq indi hər iki klubla bağlı vəziyyət fərqlidi. Çünki məhz həmin mövsümdən - 2018/19-dan, "Qəbələ" tarixində ilk tutulu - Azərbaycan Kubokunu qazanandan sonra onlarda ciddi maliyyə problemləri baş qaldırdı. Bunun da nəticəsidir ki, "Səbail"lə "Qəbələ" indi autsayderlər sırasındadı. Budəfəki duel ilk dövrəni kimin sonda bitirəcəyinə aydınlıq gətirəcəyidi. "Qırmızı-qaralar"a son pilləni yaxa qurtararaq, onu rəqibinə təhvil vermək üçün yalnız qələbə qazanmaq lazım idi. 

 

Hər şey buna da doğru gedirdi. Çünki Elmar Baxşıyevin komandası oyuna çox inamlı başlayaraq, artıq 4-cü dəqiqədə hesabı açdı. Gözəl kombinasiyanı, özünün başladığı hücumu müdafiəçi Yurgen Qoxa dəqiq tamamladı. Albaniyalı komanda yoldaşlarından təbriklərini alandan sonra meydanın kənarına tərəf qaçaraq əsgər salamı verməsi çox xoş an idi. Bu dəqiqələrdə meydanın mərkəzini keçməkdə belə çətinlik çəkən "Səbail"in nəinki uduzacağı, hətta darmadağınla burdan gedəcəyi gözlənilirdi. Və bu anda "Qəbələ" 2-ci qolu vurmağa borclu idi. Ən real vəziyyət isə Ceyms Adeniyidə oldu. Messisayağı reydlə gözəl ustalıq oyun nümayiş etdirən nigeriyalı forvard topu tora göndərsəydi, cari çempionatın ən baxımlı qolunun müəllifi olacaqdı. Ancaq "Səbail"in qapıçısı Nikolas Hagen ustalığını göstərərək topu ayaqla çıxardı. Bundan sonra top, bəxt meydan sahiblərindən üz döndərdi. Onlar "çərçivə"ni dəqiq nişan ala bilmirdilər, bunu edəndə də Hagen manesiylə üzləşirdilər. Təkcə Adeniyi nə qədər qol imkanlarını qaçırdı. Halbuki, Ceyms Azərbaycana dönəndən sonra "Qəbələ"də yenidən fərqlənməli idi.

 

Təbii ki, "vurmayana vurarlar" hər zaman işini görür. İranlı müdafiəçi Peyman Keşavarzın baş zərbəsi həyəcan siqnalı oldu. Bundan az sonra isə "Qəbələ"nin oyun rekordçusu Ürfan Abbasovun başladığı hücumu Hendrik Ekşteyn qolla tamamlaya bildi. Yəni, Adeniyədn fərqli, bu çempionatda qol hesabını açmağı bacara bildi. Yeri gəlmişkən, qol müəllifləri solaxay olmasalar da, məhz sol ayaqlarıyla topu qapıdan keçirə bildilər. Ümumiyyətlə, Hagen arxada "Qəbələ" üçün nə qədər mane idisə, Ekşteyn irəlidə bir o qədər təhlükə idi. Meydan sahibləri rəqibin bu bəstəboy yarımmüdafiəçini heç cürə zərərsizləşdirə bilmirdi. 

 

Bəli, komandalar ənənələrini davam etdirdilər. O mənada ki, "Qəbələ" bu çempionatda hər 4 ev matçında heç-heçə edib. Əvvəlki bərabərliklər mükafatlara iddialı "Zirə", "Keşlə" və "Sumqayıt"la olmuşdusa, budəfəki turnir cədvəlində qonşusuyla olması birmənalı xal itkisidi. Hər halda, autsayderin udmasan, kimi udacaqsan...

 

"Qəbələ"də müdafiənin cinahlarında problemlərin olması diqqət çəkir. Qismət Alıyevin gedişindən sonra Qoxa müdafiənin mərkəzindən sağa çəkilib. O, etibarlı müdafiəçi olsa da, hücuma qoşula, cərimə meydanında təhlükəli ötürmələr verə bilmir. Sol cinahda isə "Qəbələ"nin yetirməsi Faiq Hacıyev oynadılsa da, solaxay deyil, ümumiyyətlə, bu cinahda zəif təsir bağışlayır. Yusif Nəbiyev isə yavaş-yavaş şans qazansa da, əməliyyatdan sonra çox geri düşüb. "Qəbələ"nin digər "axsayan" mövqeyi oyun qurucusudu. Bu dəfə həmin funksiyanı əslində, hücumçu olan Nikolas Raysel yerinə yetirirdi. Ancaq bu sloveniyalı legioner heç də yaxşı təsir bağışlamadı. Oyun qurucusu olan Cavid Hüseynov yenə də sonradan meydana çıxdı. Ancaq onun hazırlıq durumunda problemlər özünü göstərir, bir sözlə, əvvəlki Cavidin kölgəsidi. "Qəbələ"nin yay transferləri arasında ən yaxşılardan olan braziliyalı Rafaeli Utriq bu dəfə ilk dəqiqələrdən sönük təsir bağışladı və haqlı olaraq əvəzləndi.

 

"Səbail"ə gəlincə, bu komanda da rəqibi kimi hər oyunda qol buraxsa da, ondan fərqli hər matçda qol vurur və ənənə deyəndə, bunu nəzərdə tuturduq. Yəni, Aftandil Hacıyevin komandası hələ ki "Qarabağ"ın qapısına qol vurmayıb ki, həmin görüşün təxirə salınmasını nəzərə almalıyıq. Özü də "dənizçilər"in bombardiri də yoxdu. Yalnız əsas qol ümidi olan təcrübəli hücumçu Rauf Əliyev hamıdan çox fərqlənib - o da cəmi 2 dəfə. Qalanların isə hərəyə 1 qol vurub, sayları da artıq 5-di. Özü də təkcə ön xətt oyunçuları deyillər, müdafiəçilərdən Peynan Keşavarzla Ürfan Abbasov da var. Ancaq "Qəbələ" kimi "Səbail" də mütləq hər matçda qapısında top görür. Hacıyevdə isə əsas problemlər müdafiənin mərkəziylə bağlıdı.

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Qəbələ 

 

 

 

 

 

 

 

 

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB