TOP 10

"Qəbələ"də qapıçı yetişməməyin səbəbini göstərən, Balayevi dəstəkləməyi məsləhət bilən: "Qarabağ"a çempionluğu uduzmağımızda özümüz də günahkarıq"

Futbol
Tarix: 2020-10-25 11:40

Azərbaycanda əcnəbi məşqçilər həddən çox işləyib. Ancaq onlar arasında müxtəlif illərdə gəlib-gedən qardaşlar çox az olub. Bu sırada əsas yada düşən "Qəbələ"dəki Qluşenkolardı. Qapçılarla işləyən bu məşqçilərdən Andrey əvvəl gəldi, Aleksandr sonra. Hər iki ukraynalını həmyerliləri Roman Qriqorçuk gətirmişdi. Andrey yenidən Roman İosifoviçlə birgə işləyir, bu dəfə Belarusda. Kiçik qardaşı Aleksandr isə hələ ki işsizdi. 33 yaşlı Qluşenkonun Sport24.az-a müsahibəsinin ikinci hissəsi özüylə, Azərbaycan karyerasıyla bağlı oldu.

 

- Ölkəmizdən ayrlandan sonra karyeranız necə alındı?

- "Qəbələ"dən gedəndən sonra Ukraynanın I liqasında çıxış edən "Avanqard"da işlədim. Baş məşqçisi məni çağırdı - Aleksandr Kosyeviç. Ukrayna üçün tanınmış simadı, Premyer Liqada "Zarya", "Krivbass"da işləyib. Premyer Liqaya çıxmaq vəzifələri vardı. Ancaq koronavirus düşdü və bu, təxirə salındı. Klubun maliyyələşməsi aşağı düşdü və sadəcə, çempionatı başa vurduq. 8-ci pilləni tutduq və baş məşqçi vəzifəsindən ayrılmağı qərara aldı. Biz də onun məşqçilər korpusu olaraq bütünlüklə getdik. Yanvardan avqustadək orda işlədim. Müqaviləmiz mövsümün sonunadək idik, sonradan avqustun 11-dək uzatdılar, həmin gün çempionatda son matçımız idi. Yeri gəlmişkən, Azərbaycandan bir futbolçu bizdə çıxış edirdi.

 

- Yarımmüdafiəçi Arzuman Rizvanov...

- Bəli-bəli. O, ikinci komandada oyun praktikası qazanırdı. Əsas komandaya cəlb olunmaq planı vardı. Ancaq karantin hər şeyi alt-üst etdi. Belə götürəndə, pis təsir bağışlamırdı. Prinsipcə, yaxşı futbolçudu. Biz də kluba müəyyən vəzifələrin həlli üçün getmişdik - Premyer Liqaya çıxmaq şansımız vardı. Sonradan bilmədim ki, Rizavnov hara getdi, agentiylə nəsə həll edirdi.

 

- Belə çıxır ki, artıq 2,5 aydı işsizsiniz. Bir təklif olmayıb bu müddətdə?

- Hələ ki evdəyəm, ailə məsələləriylə məşğulam. Qardaşım isə yenidən Roman Qriqorçukla birgə çalışır - bu dəfə Soliqorsk "Şaxtyor"unda.

 

- "Qəbələ"də işlədiyiniz dövrü necə xatırlayırısınız?

- Orda düz 3 il işlədim. 2016-cı ildə elə Qriqorçuk məni dəvət etdi, 2 il onun, son mövsümü isə Sənan Qurbanovun başçılıq etdiyi məşqçilər korpusunda idim. Azərbaycanla daim uşaqlarla əlaqədəyəm, işlədiyim məşqçilərlə ünsiyyət qururam. Hər halda, 3 il az müddət deyil. Bunadək Qazaxıstanda da 3 il işləmişəm, ordakılarla da indiyədək əlaqəm var. "Tobol"da çalışmışam - millinizin qapıçısı Emil Balayevin də çıxış etdiyi klubda. O, məndən sonra gəlmişdi. Həmin vaxt artıq Azərbaycanda işləyirdim. Gürcüstan yığmasının üzvü olan yarımmüdafiəçi Nika Kvekveskiri 1 ildə bizimlə "Qəbələ"də oldu, sonra "Tobol"a keçdi. İndiyədək Kostanay klubundadı. 

 

- Məşqçilik karyeranızda yeganə titulu məhz "Qəbələ"də qazanmısınız....

- Elədi. Bu, "Qəbələ"nin də ilk tituludu və bunu qazanmaqla tarixə düşdük. Bundan başqa, 2 dəfə gümüş medalçı olduq. Bu, Qriqorçukun son 2 mövsümü idi. Həmin vaxt formada olan "Qarabağ" çempionluğa şans vermirdi. Hərçənd, özümüz də ola bilər, nədəsə günahkarıq ki, sonadək duruş gətirə bilmədik. Hər halda, "Qəbələ"ylə bağlı çox yaxşı təəssüratlarım qalıb. Ölkə Kubokunu götürdük, bu, həmişə xoşdu. Nə qədər buna doğru getdik ki, "Qəbələ"nin mükafat kolleksiyasında titul olsun. Təəssüf ki, indi fərqli şeylər baş verir klubda. Belə başa düşürəm maliyyə durumu çox aşağı düşüb ki, indi komanda son pillədə gedir. 

 

- Siz gedəndən sonra - 2-ci mövsümdü belədi...

- Digər tərəfdən, gəncləri, öz yetirmələri oynayr, inkişaf edir. Yəni, bunu da başa düşmək lazımdı ki, iş gedir, akademiyadan çıxanlar artırırlar. Həmin Bəhlul Mustafazadə, Amin Seydiyev - indi "Sabah"da çıxış edirlər - prinsipcə, gözümüzün qabağında inkişaf etdilər. Baxıram ki, Qismət Alıyev də gedib, yaxında "Zirə"yə keçib. Rövlan Muradov yaxşı oynayır, indi də "Qəbələ"də çıxış edir. Bir sözlə, qoy, titul olmasın, əvəzində nəticə var gənc futbolçuların inkişafıyla bağlı. Bu, bütün Azərbaycan futbolu, milli komandanız üçün müsbət amildi. Görürük ki, həmin gənclər yığmanıza dəvət olunurlar. 

 

- Bir məqamla bağlı fikriniz maraqlıdı. Bu sualı bir vaxtlar qardaşınıza da vermişdim. O, boy amilinin əsas problem olduğunu vurğulamışdı. Sizcə, "Qəbələ"nin akademiyasından niyə bu uzun müddətdə bir qapıçı çıxmadı ki, əsas komandaya düşsün, möhkəmlənsin, heç olmasa 2-ci olsun?

- Səbəbini sizə deyim. Akademiyada ən vacibi yığım yox, seçim olmalıdı. Bu problem təkcə "Qəbələ"də deyildi, şərti olaraq Yaxın Şərqindi. Əsasən Rusiya, Ukraynada da belə problemlər var. Bir mövqeyə elə uşağı seçmək lazımdı ki, onun şansı olsun. Əsas şərtlər - boy, çəki...Qoy, indi hansısa yaxşı nəticələr göstərməsin, problem deyil, öyrənəcək. Bütün proses seçimlə bağlıdı. Mən işləyəndə "Qəbələ"də də gəlirdilər gənc qapıçılar, məşğul olurduq. Yaxşı uşaqlardı, ancaq müasir futbol qapıçı üçün 1,85 metrdən yuxarı boy tələb edir. Heç olmasa belə olmaldı, ancaq uşaqlar 1,80-ə çatmırdılar. Vəssalam, artıq problemdi, qabağa getməyəcəklər. Bəli, hər şeyi yaxşı bacarırlar, gözəldi, ancaq irəliləmələri çətindi. Yenə I Divizionda çıxış edə bilərlər, ancaq Premyer Liqada səviyyə, tələblər başqadı. Bir hədd var ki, ondan yuxarı heç cürə tullana bilmirlər. Peşəkar idmanda yüksək vəzifələrin yerinə yetirlməsindən danışırıqsa, düzgün seçim edərək, sonra üzərində işləmək lazımdı. Yeri gəlmişkən, sizdə Azərbaycanda heç də pis qapıçılar yoxdu.

 

- Kimləri bəyənirsiniz?

- İndi "Neftçi"də olan Aqil Məmmədovla birgə işləmişəm. "Zirə"dən "Qəbələ"yə gələn Anar Nəzirovun artıq karyerasını bitirəcəyini düşünürdülər. Ancaq hələ də oynayır bu oğlan. Ola bilər ki, yaxşı məşq prosesi lazımdı. 

 

- Aqil hazırda "Neftçi"nin "1 nömrəsi"di, bu il Səlahət Ağayevi əsas heyətdən sıxışdırıb çıxarıb..

- Yeri gəlmişkən, Səlahət da yaxşı qapıçıdı. Bir az da "qazsaq", yenə çıxacaq. Həmin Emil Balayev heç də pis qapıçı deyil. Bəli, səhvlər buraxırlar, həmin Emil bunu millidə etdi. Ancaq onu üstünə getməyərək, əksinə, onu dəstəkləmək lazımdı. Axı, yaxın keçmişdə millidə uğurlu çıxış edirdi. Sadəcə, fərqli çıxışın səbəblərini araşdırmaq lazımdı. Bunu etməyəcəm, çünki işim deyil. Buna məsul olan məşqçilər var, onlar da bunu edəcək. Mən tərəfdən müdaxilə etmək etik cəhətdən düzgün olmazdı. Baxın, Kamran Ağayev vardı, uzun ilər millinizin "1 nömrə"si idi. İndi onu artıq heç kim xatırlamır. Halbuki, yaxınadək Azərbaycanın ən yaxşı qapıçısı idi. Ağayevsiz millinizi heç kim təsəvvür etmirdi. 

 

- Yeri gəlmişkən, Kamran 1 idən sonra peşəkar futbola qayıdıb, indi "Səbail"dədi. Sadəcə, artıq çəki problemini həl etməlidi ki, yaşıl meydana qayıtsın...

- Aydındı. Sadəcə, məsələ ondadır ki, qapıçılarınızla necə işləmək, işi necə yönəltmək lazımdı. Onlar işgüzardı, bunun söhbəti yoxdu. Səhvlər buraxırlar, bu, həmişə olacaq ki, üzərində işlənilsin. Az səhv buraxan oynayır.

 

 

 

MEHMAN SÜLEYMANOV  

28 Noyabr 2020
27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB