TOP 10

Qurban Qurbanov UEFA-nın "Qarabağ"la bağlı qərarlarını şərh etdi: "Əslində, həmin anda heç bir zidd hərəkət etməmişdik, ən maraqlı iki məqam odur ki..."

Futbol
Tarix: 2020-10-23 20:00

Avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ" qrupda ilk matçını səfərdə keçirdi. İsrailin paytaxtı Təl-Əvivdə yerli "Makkabi"nin qonağı olan Qurban Qurbanovun komandası bu gün saat 17:00 radələrində Vətənə döndü. Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

 

- Avropa Liqasının qrup mərhələsində start uğursuz alındı, 0:1 hesabıyla uduzduq. Uğurlu nəticəni qazanmağa nə mane oldu?

- Turnirdə irəlilədikcə hər bir rəqib nəticəyə oynamağı daha çox düşünür. Həmişə fikirləşirik ki, rəqibə nə qədər imkan verəcəyik öz oyununu oynasın. Əlbəttə, rəqib də düşünür ki, bizə nə qədər imkan verəcək öz oyunumuzu oynamağa. Düzdür, tam düşündüyümüz, istədiyimiz oyunu göstərə bilmədik. Amma yenə də sonadək bundan əl çəkmirdik. Nəticə üçün oynamağı meydanda daim düşünürdük, buna çalışırdıq. Sadəcə, rəqib oyunun əvvəlində qol imkanından istifadə elədi. Təcrübəli komandadı, hesabı da sonadək qoruyub saxlaya bildi. Qrupda oyunlar turdan-tura daha çətin olacaq. Rəqiblər nə qədər ciddi olacaqsa, bizim üçün nəticə vermək bir o qədər çətinləşir. Ancaq hər bir halda, qarşıdakı görüşlərdə daha yaxşı oyun göstərməyə çalışacağıq.

 

- Bilindiyi kimi, ölkəmizdə mübahirə gedir, bütün diqqətlər cəbhə bölgəsindədi. Bundan əvvəl pley-offda Polşadakı oyunda bu, komandaya çox yaxşı təsir eləmişdi, motivasiya çox yüksək idi. Ancaq dünənki matçda kənardan belə görünürdü ki, futbolçularda gərginlik vardı. Ola bilərmi, bu söhbətlər futbolçulara hardasa psixoloji cəhətdən təsir eləmişdi ki, bu, gərgiinlik ordan qaynaqlanırdı? Ümumiyyətlə, gərginlik olduğunu düşünürsünüz?

- Gərginlik həmişə olur. İrəli getdikcə, rəqiblərin səviyəsi qalxır, turnir böyüdükcə, gərginlik istər-istəməz olur. Digər tərəfdən, əlbəttə ki, ölkədəki bu hadisələr istər-istəməz futbolçulara təsir göstərir. Amma dediyim kimi, təkcə özümüzü yox, qarşımızdakı rəqibi də düşünməliyik. Daim düşünməliyik ki, bu, qrup oyunlarıdı, heç bir səhv bağışlanılmır, heç də düşündüyümüz kimi asan olmur hər oyunu oynamaq. Bura birbaşa düşən komandalar bura kimi gələn komandalardan bir baş üstündürlər. Buna görə əlbəttə, çətinliklər çəkəcəyik. Çalışacağıq ki, rəqiblərimiz də çətinlik çəksin, onlara oyunumuzla mane olaq. Hər bir halda, futbolçular qalib gəldikcə, sonrakı matçlarda daha çox şey tələb olunur. Təbii ki, bu, futbolçularda məsuliyyəti daha da artırır, eyni zamanda gərginlik olur ki, nəticə verməsək, necə olacaq.  Belə hallar futbolçuya, nəticələrə təsir göstərir.

 

- "Vilyarreal"la qarşıdakı oyunu keçirməklə bağlı 3 variant var idi - Polşa, Kipr və Macarıstan. Ancaq sonda Türkiyəylə bağlı qərar verildi. Buna necə nail oldunuz? Bütün ev matçlarını orda keçirəcəksiniz? Hər halda, Türkiyədə oynamaq Bakıda oynamaq kimi olacaq...

-  Neytral meydandırsa, əlbəttə ki, bizim üçün ən ideal variant Türkiyədi. Hər baxımdan - həm qardaş ölkədi, həm də dilimiz-dinimiz eynidi. Necə ki, onları çox sevirik, onlar da bizi çox sevir. Orda oynamaq bizim üçün ən ideal variant idi. Xeyli danışıqlar getdi - həm klub rəhbərliyi danışdı, həm də federasiya rəsmiləri. Bu üçlük səviyyəsində danışıqlar gedirdi. Sonda buna nail ola bildilər ki, UEFA bu qərarı verdi, bizi də başa düşdü. Sevə-sevə Türkiyədə oynayacağıq. Belə böyük komandaların Azərbaycana gəlməsi bizim üçün çox böyük uğur deməkdi. Hansılar ki, gəlib mentalitetimizlə, mədəniyyətimizlə daha yaxından tanış olsunlar. Bu cür böyük komandaların Azərbaycanda çıxış etməsi istər-istəməz futbola sevgini daha da artırır. Amma hər bir halda, belə vəziyyətlərə də hazır olmalıyıq. Bu, bizdən asılı olan bir şey deyil. Türkiyə də Vətənimizdi, orda özümüzü daha rahat hiss edəcəyik. 

 

- Maraqlı məqam odur ki, "Vilyarreal"dan sonrakı həftə "Sivasspor"la da Türkiyədə oynayacaqsınız. Belə bir plan varmı ki, elə orda qalasınız, Premyer Liqamızda bu arada matçınızı təxirə salasınız? 

- Bilmirəm çempionatdakı oyunlar necə olacaq. Son günlərdə koronavirusa yoluxanların sayı çoxalır. Amma daxili çempionatda da iştirak edirik və inanmıram ki, oyun təxirə salınsın. Onsuz da bir matçımız ("Səbail"lə-müəllif) gələn ilə təxirə salınıb. Deyə bilmərəm ki, PFL ikincini də təxirə salmağa gedər, ya yox. Amma hər bir halda, bizim üçün həddən artıq çətindi. Qrupda digər ev oyunlarımız da səfərdə olsa, bizim üçün üçün həddən artıq sıx qrafik, çətin mövsüm olacaq. 

 

- Komanda bu müddətdə yollarda, təyyarələrdə olacaq...

- İdmançılqarın orqanizmlərini heç bir oyunda normal vəziyyətdə görmək mümkün olmayacaq. Adicə məni götürək, oynamıram, ancaq hələ mənə bir neçə gün vaxt lazım olur adaptasiya etmək üçün. Futbolçular isə bunu meydanda etməlidirlər. Ancaq başqa çıxış yolumuz yoxdu. Bu cür hallar bəlkə də 50-100 ildə bir olur. İstənilən halda, çalışıb futbloçuların yanında olmalıyıq, onlarda olan gərginliyi aradan qaldırmalıyıq. Bir şeyi deyə bilərəm ki, bəzən kənardan həqiqətən asan görünür, ancaq hal-hazırdakı durum - 7 ay futbolsuz olmaq, birdən-birə gəlib belə bir sıx qrafikə düşmək, bu, karyeramızda ilk dəfədi. Əvvəl də dediyim kimi, futbolçularımın yanında olacağam, çünki çəkdikləri əziyyəti, düşündüklərini çox yaxından bilirəm. Hər bir halda onlara təşəkkür edəcəm ki, minimum özlərini yaxşı tərəfdən göstərirlər.

 

- "Qarabağ"da onsuz da heyəti geniş olmadığı bir vaxtda zədələr günbəgün artır. Bu, yüklənmənin nəticəsidi, yoxsa..?

- Zədələr bir az fərqlidi. Məsələn, Mahir Emrelidə yüklənməylə bağlı deyildi. "Keşlə"ylə matçda topuq nahiyəsindən xəsarət almışdı. Maksim Medvedev, Bədavi Hüseynovda və Abbas Hüseynovda isə düşündüyümüz qədər yüklənməylə bağlı idi. Ümumiyyətlə, milli komandamızın oyunçuları həddən artıq sıx qrafikdə olurlar - milli, çempionat, Avroliqa. Yüklənməylə ona görə bağlıdı ki, onlarda əzələ problemləri var. Düzdür, Maksimdə diz nahiyəsindədi, ancaq milli komandada almışdı. Abbas isə 3 gündən bir oynadı və istər-istəməz belə zədələrə gətirib çıxarır. Dediyim kimi, 7-8 ay futbolsuz qalandan sonra birdən-briə belə sıx qrafikə düşəndə çətinlik çəkirlər, çünki performanslarından uzaq olurlar. Əzələlər bu yüklənməyə tab gətirmir. Abbas "Qəbələ"ylə matçdan sonra hazırlığımızdan kənarda qaldı - 2 gün müalicə olundu, sonra fərdi məşq etdi. Yalnız oyun günü meydana çıxdı. Bədavinin oynamaması, Rahil Məmmədovun hələ tam hazır olmaması var idi. Rahil yanvardan bu yana heç bir oyun oynamayıb, hələ də kiçik ağrıları var. Bu üzdən Hüseynovla bağlı belə bir addım atdıq, onu da ehtiyatla etdik. Qorxa-qorxa əsas heyətə qoyduq ki, birdən 2-ci dəfə təkrarlansa, ola bilər sağalması daha uzunmüddətli olsun. Şükür Allaha ki, pis alınmadı.

 

- "Vilyarreal"la Türkiyədəki matça səfər proqramınız necə olacaq?

- İnşallah, həftənin 2-cü günü - oyuna 2 gün qalmış səfərə yollanacağıq. Bakıdan birbaşa İstanbula uçacağıq. 

 

- Türkiyədəki matça azarkeşlər buraxılar. Ən azı 200-300 nəfərin "Qarabağ"ın xəttiylə İstanbuldakı matça buraxılması mümkün olarmı?

- Bəli, Türkiyədə icazə alınıb. Ancaq bu, bizə aid deyil. Çünki ev komandası kiimi ölkəmizdə olan qayda-qanuna uyğun hərəkət etməliyik. Buna görə də yəqin kİ, stadiona azarkeş buraxa bilməyəcəyik. 

 

- Sonda UEFA-nın "Legiya"yla səfər matçından sonra əsgər salamıyla bağlı "Qarabağ"ı rəsmi xəbərdarlığını şərh etməyinizi istərdik...

- Düzdür, UEFA-nın heç bir qərarlarına hörmətsizlik etməmişik. Ancaq zidd heç bir şey etməmişik. Çünki oyun qurtarıb, televiziya çəkilişi bitib. Matçdan sonra hamı bir yerə yığışıb, bunu edib. Əlbəttə, həmin vaxt müharibənin ilk, ən qızğın günləri idi. Belədə əsgərlərimizin yanında olmağımızı hiss etdirmək istədik. Sadəcə, hərə öz mobil telefonuyla əsgər salamı verməsiylə bağlı şəkillərini çəkdi, sosial şəbəkəyə qoydu. Maraqlısı odur ki, üstündən hardasa bir həftə keçmişdi, ondan sonra bunu qaldırdılar. Çünki orda həm UEFA nümayəndəsi vardı, həm də digər rəsmilər. Bunlar onu görüb dərhal bizə narazılıq edə bilərdilər. Yaxud elə orda UEFA-ya yaza bilərdilər ki, belə bir şey olmuşdu. Bundan da maraqlısı o idi ki, bütün kim vardı şəkildə, hamısının adını çox düzgün, gözəl şəkildə yazıb bizə göndərmişdilər UEFA-dan (gülür).

 

- Görünür, kəşfiyyatları yaxşı işləyib...

- Həddindən artıq maraq doğurdu. Düzdür, xəbərdarlıq edəilər, əlbəttə, biz də diqqətli olmalıyıq, belə şeylərə yol verməməliyik. Bəlkə başqa yerdə də bunu edə bilərdik, hava limanında etsəydik, daha yaxşı olardı. Sadəcə, bir tərəfdən qələbə sevinci, digər tərəfdən də döyüşlər yenicə başlamışdı, buna görə həddən artıq sevincli idik və bu addımı atdıq. Çalışırıq ki, "Qarabağ" olaraq Azərbaycan mədəniyyətini həmişə qoruyaq, hər bir yerdə özümüzü daha yaxşı nümayiş etdirək. Bəlkə təcrübəsizlikdən bəzən belə şeylər olur. Amma düşünürəm ki, get-gedə buna daha çox fikir vermək lazımdı. Özüm də xoşlayan deyiləm ki, xırda bir şeyə görə komandaya, futbolçuya, yaxud özümə hər hansı xəbərdarlıq gəlsin. Fikrimcə, gələcəkdəki qalibiyyətlərdən sonra daha səbrli olarıq, özümüzü daha sadə apararıq. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB