TOP 10

Polşalı futbolçu təndir çörəyimizin xüsusi dadını unuda bilmir: "Çempionatlarında olduqca iddialı və çox zəif komandalar var"

Futbol
Tarix: 2020-10-23 14:30

"Azərbaycanda keçirdiyim 5 ilin həyatımda xüsusi yeri var. Ora nikbin insanların yaşadığı gözəl ölkədir". Sport24.az xəbər verir ki, bunu "Simurq" və "Qəbələ"nin polşal sabiq qapıçısı David Pietrzkieviç öz ölkəsinin mətbuatına Azərbaycandakı karyerası barədə danışarkən deyib.

 

Hazırda Polşanın I liqa təmsilçisi "Sandetsya"da çıxış edən 32 yaşlı qapıçı "Qəbələ"nin heyətində 2 dəfə UEFA Avropa Liqasının qrup mərhələsində oynadığını xatırladıb: "Qrupa düşmək üçün "Lill", "Maribor" və "Panatinaikos" kimi komandaları məğlub etdik. Bu klubda zəngin futbol təcrübəsi olan insanlarla tanış oldum. Məsələn, Toni Adamsdan futbol haqqında çox şey öyrəndim. Həmin vaxt klubda idman direktoru idi. Daha sonra klub prezidentinin müşaviri təyin olundu. Adams hər kəslə ünsiyyət qurmağa çalışan mehriban və gülərüz qonaq idi".

 

Pietrzkieviç Qəbələdəki futbol infrastrukturunu görəndə şoka düşdüyünü gizlətməyib: "Orada 9 möhtəşəm meydan var. Klubun özü çox yaxşı təşkilatlanıb. Ölkənin digər təmsilçisi "Qarabağ"ın avrokuboklardakı nəticələri təsadüfi deyil. Bu, çempionatın Polşadakı kimi zəif olmaması deməkdir. Amma klubların gücündə xeyli fərq var. Olduqca iddialı və çox zəif komandalar var".

 

Paytaxtımızdakı həyat tərzindən də danışan David burada yaşayarkən hər şeyin ürəyincə olduğunu vurğulayıb: "Bakı gözəl şəhərdir və günü-gündən çiçəklənir. Şəhər Dubaya oxşayır. Azərbaycan paytaxtının inkişafının ən yaxşı sübutu "Formula 1" ilə imzalanmış uzunmüddətli müqavilədir. Bir çox ölkə bunu yalnız xəyal edə bilər".

 

Azərbaycan mətbəxinə də toxunan oyunçu təndir çörəyini çox sevdiyini deyib: "Zaqataladan Qəbələyə gedərkən avtobusu yolun kənarında saxlayıb çörək alırdıq. Təndir çörəyinin xüsusi dadı var".

 

Qeyd edək ki, 2012/13 mövsümündə "Simurq"da çıxış edən David Petrjkeviç həmin il Azərbaycan Premyer Liqasının ən yaxşı qapıçısı seçilib. O, 2013/14 və 2015/17 mövsümlərində "Qəbələ"nin formasını geyinərək Premyer Liqamızın 2 dəfə bürünc, 1 dəfə gümüş medalçısı olub. 

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB