TOP 10

Mircavadov "Qarabağ" üçün neytral ölkəni, "Makkabi"ni üstələməyin yolunu göstərdi: "Varşavadakı oyun onlar üçün projektordu"

Futbol
Tarix: 2020-10-22 10:00

"Qarabağ" Avropa Liqasında qrup mərhələsində mübarizəyə İsraildə başlayacaq. Bu axşam Təl-Əvivdə yerli "Makkabi"nin qonağı olacaq Azərbaycan çempionunun şanslarını dəyərləndirmək, bir çox məqamlarla bağlı söhbətləşmək üçün bu komandanın sabiq baş məşqçisi Ağasəlim Mircavadova müraciət etdik. Ona görə yox ki, AFFA Məşqçilər Komitəsinin üzvü olan bu təcrübəli mütəxəssis Ağdam klubuna ilk çempionluğu qazandırıb. Əsas ona görə ki, Mircavadov ev oyunlarını qəribçilikdə keçirməyin nə demək olduğunu yaxşı bilir. Axı, "Qarabağ" bu dəfə rəqiblərini Azərbaycanda qəbul edə bilməyəcək. 

 

- "Qarabağ" üçün qrup mərhələsində sayca 8-ci mövsüm başlayır. Aydın məsələdi ki, bu mərhələdə zəif komanda olmur. Budəfəki mövsümdən, budəfəki "Qarabağ"dan gözləntiniz nədi? Təmsilçimiz üçün əlavə çətinlik UEFA-nın qərarıyla ev oyunlarını neytral meydanda keçirməli olacağıdı...

- Bax, burda bir az problem var. Çünki oynamışam kənarda, bilirəm nədi bu.

 

- Elə buna görə sizə müraciət etdik ki, milli komandamızla debüt tsiklində Azərbaycandan kənarda çıxış etməli olmusunuz...

 - Vallah, öz azarkeşin olmasa, ağırdı. Qələbəni 50 faiz azarkeş verir. İndi belədir ki, UEFA stadionun tutumuna görə 30 faizində tamaşaçıların olmasına icazə verir. Çempionlar Liqasının ilk turunun matçlarında buna canlı şahid olduq. Sizə deyim ki, 30 faiz da kifayət deyil. Bilirsiniz, "Qarabağ" üçün bu da bir imtahandı ki, kənarda oynamaq, ölkəni layiqincə təmsil etmək. Ağdam klubu xaricdə yaxşı hazırlıqlı olur, yaxşı oynayır. 

 

- Yaxında "Legiya"yla Varşavadakı pley-off matçında bunu gördük...

- Doğrudu. Buna görə fikrimcə, problem olmayacaq. Əvvəla, istədiyin heyət olmalıdı. Qurban Qurbanova və onun başçılıq etdiyi məşqçilik korpusuna ilk növbədə bunu arzu edərdim. Heyət olanda, çox şey həllini tapır. Sizinlə razıyam ki, qrupda zəif komanda olmur. Bu, həmişə belədi. Qrupdan çıxmaq da "Qarabağ"ın öz əlindədi - futbolçuların, məşqçilərinin birgə işbirliyindən asılıdı. İndidən onlara uğurlar arzulayıram. Elə başa düşürəm ki, "Qarabağ" qrupdan çıxa bilər, çıxmalıdı da. 

 

- Bunu ilk növbədə nəyə əsasən deyirsiniz?

- Sırf oyun səviyyəsinə görə. 

 

- Bəs, "Qarabağ" üçün ev oyunlarını xaricdə keçirməli olmaq qrupdan çıxmağa əngəl ola bilərmi?

- Əngəl deyəndə ki, baxır indi harda oynayacaq. Hansı ölkədə çıxış etməkdən də çox şey asılıdı. 

 

- Türkiyəni istəyirik, ancaq UEFA bunu yaxın buraxmayaraq 3 ölkə təklif edir - Macarıstan, Kipr, Polşa. Bu ölkələrdən hansını bizim üçün daha məqsədəuyğun sayırsınız?

- Açığı, nə Polşanı istəyərdim, nə də Macarıstanı. 

 

- Niyə?

- Belə baxanda, hər 3 ölkədə erməni var, bunun söhbəti yoxdu.

 

- Kiprdə isə daha çoxdu və tribunalarda yer alan 30 faiz təxribat törədə bilər. Belə olan halda, bu ölkə heç arzuolunan deyil...

- Elədi, gərək bunu birinci nəzərə almaq lazımdı. Stadiona azarkeş buraxmayacaqlarsa, lap yaxşı. Məsələhət bilərdim ki, buraxmasınlar. İndiki halda, bir az Macarıstana üstünlük verə bilərəm.

 

- Nəyə əsasən?

- Birincisi, futbol ölkəsidi. İkincisi, Macarıstanda azərbaycanlılar da yetərincə var, orda olduğuma görə deyirəm. Onlar Azərbaycan - Ermənistan münaqişəsində çox vaxt bizə üstünlük verirlər. Yəni, həqiqəti bilirlər, əsas də həqiqətdi. Bəli, Ramil Səfərov məsələsi də var. Türkiyəni yaxın buraxmadılar, bu, bir az ağır oldu. İstəyərdim ki, bu ölkədə olsun - Trabzonda, yaxud Samsunda. Və ya Ankaranın özündə. Bu, bizə vacib lazım idi. Şəxsən mən seçim etməli olsaydım, elə Sivasda - rəqibimiz "Sivasspor"un meydanında oynayardım, qurtardı getdi. UEFA-nın bu qərarı çox qəribədi. Məgər Kipr qrupda təmsil olunur? UEFA-nın hərdən elə qərarları olur ki, adam qalır məəttəl, heç anlaya bilmədim. 

 

- Trabzonda oynadığınız vaxt istiliyi hiss edirdiniz, yoxsa istənilən halda, qəribçilik var idi?

- Yox, istilik var idi. Özü də birinci dəfə idi seçmə mərhələdə çıxış edirdik. Türklər bizim üçün imkan daxilində şərait düzəltmişdilər. Ancaq indiki dövrlə o vaxtkı arasında yerlə göy qədər fərq var axı...İndi orda oynasaq, elə bil evdə oynayarıq. Türkiyədə çıxış etdiyimizdə də qəribçilik yox idi. Sadəcə, o mənada bizə ağır idi ki, biri var stadiona 30 min nəfər gəlir, biri də var 10-15 min. Əsas odur ki, azərbaycalılar ora az gəlirdi, çünki imkan yox idi, müharibə şəraitində idik. Bundan söhbət gedir. Hal-hazırda "Qarabağ" özü fikirləşməlidi məkanı, məsləhətləşməlidi müvafiq qurumlarla ki, hansı ölkədə onlara daha asan olar. O mənada ki, istəkli olsunlar.

 

- Polşada milli komandayla matça çıxmısınız. Oyuna azarkeşlərimiz gəlmişdi?

- Stadion dolu idi. Özü də Varşavada yox, başqa şəhərdə oynadıq. Öz yığmalarına görə gəlirdilər. Polşada onda azərbaycanlı uşaqlar "yox" dərəcəsində idi. 90-cı illər idi də...

 

- Sizcə, belə bir çətin məqamda baş məşqçi komandanı toparlamaq üçün psixoloji planda ilk növbədə nəyə diqqət yetirməldi? Komandanın əsas gücü də legionerlərdi...

- Birincisi, hiss etməməlidirlər ki, evdə oynamırlar. Varşavada çıxış etdilər ha, bax, o oyun, o psixoloji durum lazımdı. Bu, əsas şərtdi. Razıyam ki, burda yerli futbolçuyla legioner arasında fərq olacaq. Ancaq indiki halda, müharibə şəraitində onları psixoloji cəhətdən birləşdirmək lazımdı. Çox xoşuma gəlir vaxtilə "Qarabağ"da, Azərbaycanda çıxış etmiş legionerlər bizə dəstək olmaları sosial şəbəkədə - "Qarabağ Azərbaycandı", "Azərbaycan qələbə çalacaq" kimi şüarlarla paylaşımlar edirlər, Gəncə terrorunu pisləyirlər. Bu, sevindirici haldı, adamın ürəyinə yağ kimi yayılır. Bu, o deməkdi ki, Azərbaycanın çörəyini itirmirlər. Onlar həqiqəti deyirlər. İnşallah, Qarabağ tam alınacaq. Həqiqəti o qansızlara, axmaq insanlara çatdırmalıyıq ki, yalanla fərqi görsünlər. Həqiqət olmayan şeyləri bizə inanın ki, "sırıyırlar". Axı, belə deyil. Rusiya telekanallarına çox baxıram, üzr istəyirəm bu ifadəyə görə, çox həyasızlıq edirlər. Burdayam, qışqıra da bilmirəm ay insan, Azərbaycan torpağında vuruşuruq, ermənini torpağında bir qarış da gözümüz yoxdu. Ancaq onlar Ermənistanın ərazisindən Gəncəni raketlə vururlar, Tərtərə, Mingəçevirə və digər məkanlarımıza bomba atırlar. Hətta Xızıya da - valideynlərimin yaşadığı yerə. Bir sözlə, kənarda oynayanda, futbolçular özləri özlərini kökləyəcəklər, toparlanacaqlar.

 

- Ardıcıl üç həftə sıx qrafik - həftədə 2 oyun, səfərlər, "Qarabağ"ın futbolçuları yollarda qalacaq. Bunun təsiri nə dərəcədə problem yaradacaq?

- Təsiri olacaq. Burda Azərbaycan çempionatı da var və ona görə də iki heyət mütləq lazımdı. 

 

- Ancaq indi "Qarabağ"da əvvəlki illərdən fərlqi həmin iki heyətin olmadığını nəzərə alaq...

- Bəli, indi ehtiyat oyunçular skamyası qısadı. Gənc futbolçular da var, hal-hazırda onlara etibar etmək lazımdı. Həmin gənclərin gücünün çox olduğunu deyirlər, ancaq "Qarabağ"da uzun illərdi oynayan futbolçular gərək komandanı arxasınca aparsınlar. Varşavadakı oyun onlar üçün aksiomadı, gur işıqdı, projektordu. Həmin oyuna necə hazırlaşıblar. o sistemlə də getməlidirlər, vəssalam!

 

- Sonda konkret "Makkabi"ylə matçda şansları dəyərləndirək. Necə bir rəqibdi? Onu necə üstələmək olar?

- "Makkabi"nin oyununu görmüşəm. Saytınızdan oxumuşam ki, bir neçə futbolçusu koronavirusa yoluxub, tam heyətlə hazırlaşa bilməyib. Topla çox işləyən komandadı, pressinqi sevmir. Bu amil var, ancaq topa yaxşı işləyirlər. "Qarabağ" kimi kombinasiyalı oyun göstərirlər. Komandamız onları topsuz qoymalıdı. Bu zaman rəqibində güc çox gedir, bir də oyunçuları hirslənirlər. Bu zaman isə çoxlu səhv buraxırlar. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

25 Noyabr 2020
24 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB