TOP 10

"Qarabağ"ın "gizli silah"ı

Futbol
Tarix: 2020-10-22 16:00

Premyer Liqamızda ilk dövrənin bitməsinə cəmi bir tur qaldı. Qol sayı artıq 50-ni keçdi. Ümumilikdə, cari mövsümün baş tutan 23 qarşılaşmasında 52 top vurulub. Orta məhsuldarlıq 2,26-ya bərabərdir.

 

Bu turda qol vuranlarla bağlı bir sıra ilklər imza atıldı. Misal üçün Rəhman Hacıyev cari mövsümdə icarədə oynadığı "Keşlə"də qol hesabını açdı. Bununla da millimizin üzvü xeyli fasilədən sonra fərqləndi. Təsəvvür edin ki, Rəhman hələ də müqaviləylə məxsus olduğu "Neftçi"də keçən mövsümdə qol vurmamışdı. 

 

Tellur Mütəllimov da yeni klubunda qol hesabını açdı. Özü də bunun keçmiş komandasıyla matçda baş verməsi diqqət çəkdi. Tellur yay fasiləsində lazım olmadığı "Zirə"dən "Sumqayıt"a keçdi. Mütəllimovun "gənclik şəhəri"nin təmsilçisində ilk qolu çox baxımlı alındı. Onun "Sumqayıt"dakı komanda yoldaşı Rəhim Sadıxov isə bu çempionatda hələ ilk qolun müəllifi ola bilərdi. Ancaq millimiizn yarımmüdafiəçisi startda penaltidən yararlana bilməmişdisə, bu dəfə 11 metrlik cərimə zərbəsini qola çevirə bildi. 

 

İndisə "Sumqayıt"ın digər mili futbolçusu - hücumçu Əli Qurbani penaltidən dəqiq yararlana bilməmək problemiylə üzləşdi. Halbuki, fərqlənsəydi, qol seriyasını 5-ə çatdıracaqdı və 6 qolla bombardirlər yarışında liderliyini bir qədər də möhkəmləndirəcəkdi.

 

Qurbaninin büdrəməsindən ən yaxın izləyiciləri - "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərovla "Zirə"nin gürcü hücumçusu Davit Volkov istifadə etdilər. Onlar hesablarına daha bir qol yazmaqla, Əliylə fərqi minimuma endirdilər. 

 

Artıq 4-cü mövsümdə ölkəmizdə çıxış edən Donald Gerye "Qarabağ"a dönüşündən sonra Premyer Liqada ilk qolunu vurdu. Ancaq bu, o demək deyil ki, haitili sol cinah müdafiəçisi bu 3 ayda Ağdam klubunda fərqlənə bilməmişdi. O, vaxtilə "Qarabağ"da debütünü Çempionlar Liqasında qolla qeyd etmişdi, dönüşündən sonra isə bu turnirdə dərhal dubla imza atdı. 

 

"Qarabağ"ın legionerlərinin qol hesablarını avrokuboklarda açması artıq xoş ənənədi. Belə ki, Patrik Andrade Avropa Liqasında "Legiya"yla Varşavadakı görüşdə rəqib qapısına yol tapdı. Kabo-Verde millisinin yarımmüdafiəçisi Premyer Liqamızda qol hesabını son turda penaltidən açdı.

 

Ən nəhayət, xüsusi diqqət yetirmək istədiyimiz Toral Bayramlı. Fərqli ada malik bu gənc cinah yarımmüdafiəçisi son turda 90+1-ci dəqiqədə meydana daxil oldu və bir neçə saniyə sonra topa ilk toxunuşda onu tora göndərdi. Bununla da Toral təkcə sonradan meydana çıxanlar arasında erkən qol müəllifi olmadı, ən vacibi, cari mövsümdə qol vuran ən gənc futbolçu oldu. Belə ki, 2001-ci ilin fevralın 23-də dünyaya gələn Tural 19 yaş 7 ay 24 günlüyündə fərqləndi. 

 

Düzdür, bu turda 21 yaş limitində fərqlənən daha bir futbolçu oldu. Bu, Premyer Liqamızda ilk qolunu icarədə olduğu "Səbail"də vuran cinah yarımmüdafiəçisi Bahadur Həziyevdi. Ancaq onu da nəzərə alaq ki, 1999-cü təvəllüdlü olan Bahadurun 21 yaşının tamam olmasına elə də çox qalmayıb.

 

"Qarabağ"ın yetirməsi olan Toral bu dəqiqə komandalarının heyətində rəqibləri üçün "gizli silah"a çevrilib. O mənada ki, bu futbolçu U-21 yığmamızın heyətində Fransa ilə Sumqayıtdakı görüşdə sonradan meydana çıxandan az sonra uzaq məsafədən cərimə zərbəsindən gözəl qola imza atmışdı. Yeri gəlmişkən, Bayramov Azərbaycanın Fransayla yığma səviyyəsində matçlarda ilk qolunun müəllifi kimi tarixə düşdü.

 

Bəli, Toral nə qədər gənc olsa da, artıq "Qarabağ"da daha çox oynayaraq qollarıyla fayda verməlidi. Hər halda, Ağdam klubunun yaxın iki ay ərzində "iki cəbhə"də oynayacağını, ən əsası, ev matçlarının da ölkə xaricində keçirməli olacağını nəzərı alsaq, yorğunluq, yüklənmə fonunda heyətdə rotasiyalar etməsi qaçılmazdı. Bu isə Bayramov kimi gənc oyunçularına özlərini göstərməyə daha çox imkan yaradacaq. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

 

MEHMAN SÜLEYMANOV

27 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB