TOP 10

Zəngilanın ən tanınmış futbolçusu Zəngilanda məşqçi işləmək istəyir: "Orda son dəfə olanda mərmilərin səsini eşidirdik, tez işıqları söndürürdük ki..."

Futbol
Tarix: 2020-10-21 11:00

"Bakıda dünyaya gəlsəm də, əslən Zəngilandanam. Atam bu rayonun Beşdəli kəndindəndi. Sadəcə, Qərbi Azərbaycanın Qafan rayonunda yaşayıblar, sonra köçüb bura gəliblər. Zəngilanın başqa kəndlərindən də qohum-əqrəbalarımız var". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Quliyev bildirib. 

 

Zəngilanın 27 illik fasilədən sonra işğaldan azad olunmasının şadyananalığı yaşayan 43 yaşlı keçmiş müdafiəçi bütün həmyerlilərinin sevincinin həddi-hüdudunun olmadığını diqqətimizə çatdırıb: "Prezidentimiz, Ali Baş Komandamız İlham Əliyevin televiziya ilə xalqa müraciətində bu xoş xəbəri eşitdim. Zəng edib xəbər verənlər də oldu, sevindirdilər, təbriklərini çatdırdılar. Ən gözəl yerlərimizin hamısı oralardı da...O şərəfsizlərin əlində idi, şükür Allaha ki, hamısını geri qaytarırıq. Müzəffər Ordumuz ermənilərdən işğal etdikləri doğma torpaqlarımızı almaqda davam edir. O gün olsun ki, işğal altındakı o biri torpaqlarımız da bizdə olsun. İnşallah, tezliklə onlarla da bağlı xoş xəbərləri eşidək".

 

Quliyev Zəngilanla bağlı xatirlərini də bizimlə bölüşdü: "Uşaq vaxtlarımda ora getmişəm. Buna baxmayaraq, yenə yadıma gəlir. Son dəfə işğaldan bir az əvvəl olmuşdum, müharibə gedirdi, ermənilər top, mərmilər atırdılar. Xatırlayıram, qonaq getmişdim, mərmilərin atılmasını eşidirdik, bir də görürdün səs gəldi, tez işıqları söndürürdük ki, işıq olmasın". 

 

Həmsöhbətimiz doğma Zəngilanda futbol klubunun yaradılmasını, orda məşqçi işləməyi arzulayır: "Əlbəttə, bu istəyim var. Niyə yoxdu ki? Allah ömür versin, təki hər şey yaxşı, sağ-salamatlıq olsun. Oralar düzəlsin, futbol klubu yaradılsın, canla-başla işləyərik. Niyə də işləməyək? Açığı, başqa zəngilanlı futbolçu yadıma gəlmir. Zəngilandan futbolçu olan deyəsən, yalnız mənəm (gülür)".

 

Qeyd edək ki, Azərbaycan çempionu, Azərbaycan Kubokunun qalibi olan Quliyev "Birlik Kuboku"nun da qızıl medalını boynundan asılıb. O, Rusiyada keçirilən bu ənənəvi turnirdə Ermənistan "Pünik" klubu üzərində 2:0 hesablı qələbədə iştirak eidb. 

 

 

 

MEHMAN SÜLEYMANOV

04 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB