TOP 10

Turun "Ən"ləri-6: Xilaskar qapıçı, lider baş məşqçi və coşan çempion

Futbol
Tarix: 2020-10-19 18:00

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümündə ilk dövrə sona yaxınlaşır. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​ bu dəfə yeni çempionatın VI turunu​ dəyərləndirir.​

 

 

"Simvolik yığma"

 

Qapıçı: Aqil Məmmədov ("Neftçi")

 

Müdafiəçilər: Tellur Mütəllimov ("Sumqayıt") - Vurğun Hüseynov ("Sumqayıt") - Bədavi Hüseynov ("Qarabağ") - Ömər Buludov ("Neftçi")

 

Yarımmüdafiəçilər: Bahadur Həziyev ("Səbail") - İsmayıl İbrahimli ("Qarabağ") - Xəyal Nəcəfov ("Sumqayıt", 2) - Rəhman Hacıyev ("Keşlə", 2) - Namiq Ələsgərov ("Neftçi", 3) 

 

Hücumçu: Əli Qurbani ("Sumqayıt", 3)

 

 

Turun BAŞ MƏŞQÇİsi - Ayxan Abbasov ("Sumqayıt", 2) 

Ayxan Abbasov komandasını yenidən liderliyə daşıya bildi. Özü də bunadək zirvənin sahibi üzərində qələbəylə. Keçən turda "Qəbələ"ylə səfər matçından xal itkisindən sonra futbolçularını lazımınca kökləyən, ikihəftəlik fasilədən yaxşı yararlanan gənc mütəxəssis keçmiş komandası "Zirə"ni də yaxşı təhlil etməsi onun üzərində qələbədə həlledici oldu. Bununla da Abbasov turun baş məşqçisi nominasiyasında 2-ci dəfə fərqləndi. 39 yaşlı mütəxəssis ilk dəfə II turda "Neftçi"ni səfərdə 2:0 hesabıyla məğlub edəndə buna nail olmuşdu.

 

 

Turun QƏHRƏMANı - Aqil Məmmədov ("Neftçi") 

Bəli, yaxşı qapıçı həqiqətən komandanın yarısıdı. Ancaq "Neftçi"nin qapıçısı Aqil Məmmədov bu turda komandası üçün yarıdan da çox idi desək, yanılmarıq. Bütün matçı inamlı keçirən Aqil komandasını 2 dəfə yüzfaizli qoldan xilas etdi. Xüsusilə onun son saniyələrdə "Sabah"ın hücumçusu Xulio Sezar Rodrigesin yaxın məsafədən güclü zərbəsinə bir əllə necə reaskiya göstərməsi inanılmaz idi. Bununla da Məmmədov "Neftçi"yə vacib olan 3 xalı qazandırdı.

 

 

Turun ANTİQƏHRƏMANı - Şəhriyar Rəhimov ("Zirə")

Keçən seçmə mərhələdə millimizə də cəlb olunaraq əsas heyət üzvlərindən sayılan Şəhriyar Rəhimov üçün son tur çox uğursuz alındı. Belə ki, təcrübəli müdafiəçi 2 dəqiqə ərzində 2 dəfə qapısına penaltiyə səbəbkar oldu - əvvəlcə Xəyal Nəcəfovu yıxdı, sonra isə Vurğun Hüseynov əllə tutub saxladı. Düzdür, "Sumqayıt" yalnız bir penaltini qola çevirə bilsə də, bu, Şəhriyarın uğursuz çıxışını sığortalamır. Təsafüdi deyil ki, baş məşqçisi Rəşad Sadıqov onu artıq fasilədə əvəzlədi.

 

 

Turun KOMANDAsı - "Qarabağ" (2)

Bu tura hesab baxımından əsas damğasını vuran "Qarabağ" oldu. Qurban Qurbanovun komandası böyükhesablı qələbəyə nail oldu ki, bu da cari çempionat üçün yalnız 2-ci göstəricidi. Ağdam klubu "Qəbələ"ylə ev matçında 90 dəqiqə meydanda dominant tərəf idi. 7-ci ildi çempionluğu əldən verməyən "Qarabağ" son dəqiqələrdə 2 qol vuraraq böyükhesablı qələbəni rəsmiləşdirdi.

 

 

Turun HAKİMı - Əliyar Ağayev (3, "Neftçi" - "Sabah")

Son illərdə ən yaxşı hakimimiz olan Əliyar Ağayev bu nominasiyada da aşkar liderə çevrilir. Belə ki, bu FİFA referisi artıq 3-cü dəfə ən yaxşı hakim seçilir. Turun ən maraqla gözlənilən "Neftçi" - "Sabah" matçına təyinat alan Əliyar meydanda yaxşı mövqe seçərək hər epizodla bağlı rahat qərar verirdi. O, qarşılaşmanın tempini da aşağı salmayaraq yersiz fit səsləndirmirdi, futbolçuya qarşı kobudluq olanda da hücumun davam etməsinə imkan verir, yalnız o bitəndən sonra gəlib xəsarət yetirən oyunçunu cəzalandırırdı. Ağayev qətiyyətilə də seçilərək, "Neftçi"nin legioneri Mamadu Kanenin ilk dəqiqələrdən kobudluğunu bağışlamadı, matçın sonuna yaxın isə ona 2-ci sarı vərəqəni göstərərək meydandan çıxardı. 

 

 

Turun SİTATI - Visente Qomes ("Sabah")

Məlumdu ki, cari çempionata mükafaçılara əsas namizədlərdən sayılan "Sabah" son vaxtlar uğursuz çıxış edir. Belə ki, Visente Qomesin komandası ardıcıl 3-cü məğlubiyyətini aldı. Belə vəziyyətdə yay fasiləsində komadanı qəbul edən ispaniyalı mütəxəssisin gələcək taleyi maraq doğurur. Qomesə bununla bağlı oyunsonrası mətbuat konfransına sual verdikdə, cavabıyla hazırda istefa vermək fikrində olmadığını bəyan etdi: "Mən hələ ki, getməyi məqsədəuyğun saymıram".

30 Noyabr 2020
29 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB