TOP 10

İsgəndərli doğma Füzulidə yaşamaq, oynamaq, ona dəstək vermək istəyir: "Qol vurub bunu Gəncədə ölən, bu gün ad günü olan qıza həsr etmək istəyirdim"

Futbol
Tarix: 2020-10-18 13:24

"Bir füzulili olaraq Füzulinin tam işğaldan azad olunmasıyla bağlı sevinc hisslərimi sözlə, səslə ifadə etməyim əlbəttə, mümkün deyil. Düzdür, rayonumuz ermənilər tərəfindən alınanda, heç anadan olmamışdım. Füzuli şəhərini, doğma Qacar kəndimi görməmişəm. Düzdür, rayonumuzun işğalda olmayan kəndləri var, ora getmişəm. İnşallah, topaqlarımız tam azad olunar, erməni bəlasından canımız qurtarar, onda ailəmlə birgə ora yollanmağı çox istəyirəm". Bu fikirləri Sport24.az-a açqılamasında "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli deyib. 

 

Əslən Füzulidən olan 25 yaşlı cinah yarımmüdafiəçi doğma rayonunun erməni işğalından azad edilməsiylə bağlı sevincinin hədsiz olmasını vurğulayır. Vüsal Füzuliyə, ümumiyyətlə, köçmək, hətta oranın futbol klubunun yaranıb peşəkar səviyyədə çıxış edəcəyi halda, onun şərəfini qorumaq istədiyini gizlətmir: "Ailəmiz, ümumiyyətlə, hər bir azərbaycanlı üçün rayonlarımızın, kəndlərimizin alınmağı çox vacibdi. Sadəcə, ailəmiz orda şəhid verib - əmim, bibim həlak olub. Bunu çox adam bilir. Atamın, ailəmizin, bütün Azərbaycanın arzusu işğal altında olan bütün torpaqlara yenidən qovuşmağımızdı. Mənin də arzum doğma torpağa qayıtmaq, nəsib olarsa, orda yaşamaq, bundan sonrakı həyatımı Füzulidə davam eləməkdi. Bəli, gözümü açıb Bakını görmüşəm, burda yaşamışam. Ancaq bizim iş bəllidi - futbol oynamaqdı. Bir gün burdayıq, bir gün orda. Sırf yaşamaq üçün əlbəttə, istəyərəm Füzulidə evim olsun, orda məskunlaşım.  Valideynlərim orda yaşamağa həmişə arzulayır. İstəyərəm ki, onlara şərait qurum bunun üçün. Füzulinin futbol klubu olarsa, oynamağı da çox istəyərəm. Əlimdən gələn dəstək də, kömək də olaram. Niyə də olmasın?".

 

İsgəndərli keşən mövsümdə "Səbail"lə səfər matçında qol vuraraq bunu əsgər salamıyla qeyd etməklə diqqət çəkmişdi. Ancaq "ASCO Arena"da bu dəfə nə özü fərqlənə bildi, nə də komandası qələbə sevinci yaşadı - 1:1. Halbuki, füzulili futbolçuya həyatında ən xoş günlərin birində bu, ən gözəl hədiyyə olardı. Ancaq Vüsal doyunca sevinə bilməməyinin səbəbini belə göstərib: "Yenə fərqlənərək, bunu əsgər salamıyla qeyd etmək istəyirdim. Əslində, qol vurub bu gün ad günü olan Gəncə sakini - dağıntılar arasında həlak olan məktəbli  qıza həsr etmək istəyirdim. Ancaq alınmadı, xeyirlisi, qismət belə imiş. Fikrimcə, mənə bir az dəqiqlilik, soyuqqanlılıq çatmadı. Hər zaman özümdən fikri verirəm ki, bir şeyi daha çox istəyəndə, onun üçün daha çox mübarizə aparıram, daha çox döyüşürəm. Həmin vaxt isə bir az soyuqqanlılıq itir. Rəqin autsayder olduğuna görə ona saymazlıq fikri yox idi. Əksinə, çox çətin oyun olacağını bilirdik. Meydan amilinin əslində, təsiri var idi. Amma bunu bəhanə eləmək istəmirəm. Sadəcə, qol şanslarımızdan istifadə edə bilmədik". 

 

Xatırladaq ki, Gəncədə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin raket atəşinə tutulması nəticəsində həlak olanlardan birinin məktəbli qızın - Nigar Əsgərovanın bu gün ad günüdü. O, 15 illik yubileyinə 1 gün qalmış doğma şəhərinə raket hücumu nəticəsində evləri başına uçaraq həlak olub. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

23 Noyabr 2020
B.eÇ.aÇC.aCŞB