TOP 10

Milan Obradoviç: "Yeni müqavilə barədə AFFA ilə danışmışam"

Futbol
Tarix: 2020-10-16 15:16

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Milan Obradoviçin müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir.

 

- Milli komanda AVRO-2021-in seçmə mərhələsində keçirdiyi son 2 oyunda müvafiq olaraq Slovakiya və Gürcüstan yığmalarına uduzdu. Əvvəlcə ilk görüş barədə fikirlərinizi bilmək istərdik: Niyə xal qazana bilmədiniz?

- Bu görüşlərdən gözləntilərim yüksək idi. Meydana yalnız oynamaq xatirinə çıxmamışdıq. Qələbə qazanmaq istəyirdik. Rəqibdən asılı olaraq, hər görüşdən sonra nələri daha yaxşı edə biləcəyimizi müzakirə edirik. Məqsədim yeni mübariz komanda formalaşdırmaqdır. Slovakiya ilə matça baxanlar yaxşı qol şanslarımızın olduğunu gördü. Son dəqiqələrdə künc zərbəsi zamanı bəxt rəqibin tərəfində oldu və qol vurub qələbə qazandılar. Bu cür məğlubiyyət bizi bir az üzdü. Çünki həm Slovakiya, həm də Gürcüstana qarşı yaxşı oynamışdıq, meydanda xeyli enerji sərf etmişdik. Belə bir məqamda öz qələbələrimizlə Azərbaycan xalqını sevindirmək istəyirdik.

 

- Gürcüstana məğlubiyyət barədə nə deyə bilərsiniz?

- Taktiki baxımdan yaxşı oynasaq da, nəticədə məğlub olduq. Ümumiyyətlə, hər iki görüşdə müdafiə xəttində bəzi səhvlərə yol verdik. Futbolçular dəqiq ötürmələr etməklə bağlı problem yaşadılar. Həmçinin ön xətt oyunçularımız ikili mübarizələrdə rəqibə uduzurdular. Halbuki belə imkanlarımız kifayət qədər oldu. Qapıya zərbə və qol keyfiyyətlərimizi inkişaf etdirməliyik. Son ötürmələrdə, zərbələrdə, driblinqlərdə daha yaxşı konsentrasiyaya ehtiyacımız var.

 

- Slovakiya ilə oyunda iki sarı vərəqə alaraq meydandan qovuldunuz. Həmin epizodları necə şərh edərdiniz?

- İlk vərəqəni göstərdiyim çılğın reaksiyaya görə aldım. Həmin vaxt baş hakimin hansısa qərarına etiraz etmirdim. Sadəcə, oyunçularımı sanki yuxudan oyatmaq istəyirdim. Çünki oyuna tam köklənə bilməmişdilər. Belə anlarda onlara meydanda olduqlarını xatırlatmaq olduqca önəmlidir. İkinci "sarı"nı da eyni səbəbdən gördüm.

 

- AFFA ilə müqaviləniz bu ilin sonunda başa çatacaq. Yeni sözləşmə ilə bağlı danışıq olubmu?

- Bəli, müqaviləmin müddəti 2021-ci ilin yanvarınadəkdir. AFFA rəhbərliyi ilə danışmışam. Razılığa gəldik ki, seçmə mərhələdəki son oyunu gözləyək. İsveçrə ilə çətin matçımız var. Hazırda bütün enerjimi və konsentrasiyamı həmin matça yönəltmişəm. Seçmə mərhələ başa çatdıqdan sonra oturub hər şeyi müzakirə edəcəyik.

 

- Yeri gəlmişkən, İsveçrə ilə oyundan nə gözləyə bilərik?

- Real danışsaq, 2 ilə yaxındır bu komandaya başçılıq edirəm. Əlimizdəki futbolçuların nəyə qadir olduqlarını görürəm. İsveçrə ilə matçda yalnız yaxşı oyun söz verə bilərəm. Hər matçdan sonra bir az da artırırıq. Bu oyunda da inkişaf etməyə çalışacağıq. Bilirik ki, isveçrəlilər qrupda 1-ci yer üçün Fransa ilə mübarizə aparırlar. Bizdən sonra fransızlarla vacib görüşə çıxacaqlar. Rəqibin üzərində təzyiq olacaq. Biz də bundan istifadə edəcəyik. Öz oyunumuzu göstərib yaxşı nəticə qazanmaq istəyirik.

 

- Yaxşı nəticə nədir?

- Bunu oyundan sonra görəcəyik. Görürsünüz ki, heyətdə xeyli dəyişiklik etmişik. Komandaya 12-13 gənc oyunçu cəlb etmişik. Bunlar qarşıdakı 2-3 il üçün nəzərdə tutulub. Aşağı yaş qruplarından yaxşı futbolçular gəlir. Məqsədimiz onları ölkə futboluna qazandırmaqdır.

 

- Siz özünüz necə, Azərbaycan millisindəki işinizi davam etdirmək istəyirsiniz?

- Olduqca birbaşa sualdır. Amma bayaq da dediyim kimi, İsveçrə ilə oyundan sonra bu barədə AFFA ilə müzakirəmiz olacaq. Ona görə də nə isə deyə bilmərəm. Ümumiyyətlə, bu barədə bütün səlahiyyət AFFA-ya məxsusdur. Lazımi məlumatı özləri açıqlayırlar. Özümə gəlincə, son matçı oynanamadan fikir bildrimək istəmirəm. Bu, düzgün deyil. Seçmə mərhələdən sonra hər şeyi - oyunları, futbolçuların inkişafını, AFFA-nın və mənim planlarımı müzakirə edəcəyik. Azərbaycanı, burada işləməyi sevirəm. Bu, heç kimə sirr deyil. Məqsədim hər zaman qələbə qazanmaqdır (report.az).

 

 

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB