TOP 10

Hacıyev böyük pauzanı dəyərləndirdi: "Legionerlərimizə cəhbədəki duruma görə heç bir narahatlığın olmayacağı barədə düzgün informasiya çatdırırıq"

Futbol
Tarix: 2020-09-30 16:00

Azərbaycan Premyer Liqasının V turuna oktyabrın 4-də yekun vurmalı olan “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb. Bu, AFFA-nın istəyi ilə gerçəkləşib. Belə ki, assosiasiya PFL-a müraciət edərək Azərbaycan yığmasının Millətlər Liqasındakı növbəti iki matçına daha yaxşı hazırlaşması məqsədilə oyunun təxirə salınmasını istəyib. AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutan PFL-in prezidenti Ramin Musayev "Azərsun Arena"da keçirikməli olan həmin görüşün təxirə salınmasıyla bağlı əmr imzalayıb.

 

Bununla da Avroliqada çıxış edən "Qarabağ"dan fərqli "Səbail" növbəti rəsmi oyun keçirmək üçün üç həftə gözləməli olacaq. Çünki qarşıdakı turdan sonra millimizin UEFA Millətlər Liqasındakı matçlarıyla əlaqədar ikihəftəlik fasilə yaranacaq. Komandanın baş məşqçisi Aftandil Hacıyev Sport24.az-a müsahibəsində bu və digər mətləblərdən söz açıb. 

 

- Təxirəsalmadan sonra hazırlıq planlarınız necə olacaq?

- Məşqlərimizi "Qarabağ"la oyuna hazırlıq kimi davam etdiririk. Özü də axırıncı oyundan sonra kifayət qədər zədəli futbolçularımız var, hansıların ki müalicəyə ehtiyacları var. Bunları edəndən sonra onları məşqlərimizə qatacağıq. 

 

- Oktyabrın 4-nə yoxlama matçı keçirmək planınızda var?

- Komanda tapa bilsək, bunu edərik. Tapa bilməsək, çalışacağıq ki, heç olmasa oynamayanlarla öz aralarında ikitərəfli oyun keçirək. 

 

- Zədələr kimlərdi və konkret problemləri nədi?

- Adil Nağıyev onsuz da son oyundan qabaq zədəli idi. Ağrıya-ağrıya iynəylə meydana çıxmışdı. Ürfan Abbasovda bir az ağrılar var. Rauf Əliyevin köhnə xroniki zədəsi özünü göstərir. Deməzdim ki, ciddi problemlərdi. Çalışacağıq ki, bu üçlüyün ağrılarının aradan qalxmaları üçün bu həftə istirahətlərinə şərait yaradaq. Yalnız Peyman Keşavarzla Hendrik Ekşteynin bir az müalicəyə ehtiyacları var. 

 

- Belə çıxır ki, "Qarabağ"la matç təyin olunan vaxtda olsaydı, meydana ciddi itkilərlə çıxmalı olacaqdınız...

- Əslində, belədi. Düzdür, "Qarabağ"la görüşədək vaxtımız vardı. Ancaq komandanın tam halında məşq etməsi sual altında idi. Ola bilərdi ki, Peymanla Hendrik heyətlən kənarda qalardılar. Hər ikisi "Sabah"la matçın sonunda ayaqlarında ağrılar hiss etdilər. Məlum məsələ idi ki, Ekşteyndə bir az məşq azlığı var. Peyman isə xeyli vaxtdı start heyətindən kənarda qalmışdı. 

 

- Bütün bunları nəzərə alsaq, matçın tərixə salınmasının sizin üçün yerinə düşdüyünü demək olarmı, yoxsa..?

- Əlbəttə, bizdə geniş seçim yoxdu və istəyərdik ki, əsas heyət üzvlərinin hamısı sıraya dönsün. Amma dönməyəcəklərini də indidən deyə bilmərik. Çünki tibbi müayinədən keçirdikdən sonra tam dəqiq biləcəyik ki, nə vaxt məşqə başlayırlar. Raufla Ürfan bu gün komandayla məşqə qoşulurlar. Qalanlarının hazır olması sual altında ola bilərdi. Son oyunda da tempi yaxşı yaxalamışdıq. Matçın olmamasına etiraz yoxdu, sadəcə, uzun fasilə yaranacaq bizim üçün. Bunun nə dərəcədə komandamıza xeyri dəyəcəyini sonrakı turlarda biləcəyik.

 

- Məlumdu ki, qarşıdakı turdan sonra millinin oyunlarına görə ikihəftəlik fasilə olacaq. Bu pauzaya daha tez çıxan "Səbail" üçün cari çempionatın startını - 4 oyuna topladığı 3 xalı necə dəyərləndirə bilərsiniz? 

- Açığı, bundan da pis ola biərdi. Çünki bildiyiniz kimi, yoldaşlıq görüşlərində oynadığımız heyətlə çempionata başlaya bilmədik. Bəzi oyunçular zədələndi, bəziləri müəyyən səbəblərdən komandayla olmadılar. Yəni, ilk 3 turu fərqli heyətlə çıxmalı olduq. Buna baxmayaraq, uduzduğumuz ilk 3 turun bəzilərində hakim səhvlərindən məğlub olduq, bəzilərində şans biz tərəfdə olmadı, penaltini dəqiq vura bilmədik. Bir sözlə, xalımız bundan da aşağı ola bilərdi, bundan çox da. Bütün hər şeyi təhlil edəndə, bu gün bizi sevindirən odur ki, oyun baxımından futbolçular rəqiblərinə uduzmamağa çalışırlar. Amma əlbəttə ki, həm oynamaq, həm də nəticə qazanmaq artıq hər şeyin yolunda olmağı deməkdi. Bizdə də bu baxımdan bir az rəqabətsizlik var ki, əsas heyətin bəzi üzvləri zədəli olanda öz təsirini göstərir. Yəni, rəqabət hələ istənilən səviyyədə deyil. Ümumən 4 turda istədiyim komandanı meydanda görə bilirəm. Amma əlbəttə, daha yaxşı nəticə istəyiriksə, gərək mütləq heyəti gücləndirək, rəqabəti artıraq. 

 

- İndiki dövrdə bunu həyata keçirməyiniz nə dərəcədə real görünür?

- Belə götürəndə, hər zaman axtarışdayıq. Sadəcə, imkanlar daxilində. Bu gün olan durumla da bağlı hər şey təsir edə bilir oyunçu gətirməyinə. Hazırkı vəziyyətdə bizə bu, lazımdı, ya yox -  bunu aydınlaşdırmaq vacibdi. Bəli, yeni transferin komandaya xeyri dəyəcək, ancaq məsələnin maddi tərəfləri də var. Hal-hazırda bütün fikrimiz ölkənin yaşadığı durumla - cəbhə bölgəsiylə bağlıdı. Planlarımız tam silinməsə də, dondurulmuş kimi qalmaqdadı. Bacarsaq, rəqabəti qışa kimi artıracağıq. Əks halda, əlimizdə olan heyətlə çalışacağıq qışadək ən azından mübariz bir heyət görək. 

 

- Hansı mövqeni gücləndirmək istərdiniz?

- Bu oyunlar göstərdi ki, bizdə müdafiədə bir az rəqabətə ehtiyac var. Əsasən bu mövqeni gücləndirməyi düşünürük.

 

- Cəhbədə olanlarla baş verənlərlə bağlı komandada psixoloji durum necədi?

- Oyundan sonra bir gün bərpa prosesi keçdik. İstirahətdən sonra ilk dəfə yığışdıq və çalışırıq ki, futbolçulara bu hadisələri düzgün çatdıraq. Əsasən də bizdə olan legioner futbolçular var ki, evlərindən uzaqda narahatlıq keçirməsinlər və onlara doğru məlumat verməyə çalışırıq. Yerli futbolçularla da vətənpərvilik yönündə çağırışlarla bağlı işləri düzgün həyata keçirməyə səy göstəririk. Həm sevinirik, ona görə ki, topraqlarımızın geri alınması xəbərləri sürətlə yayılır. Ancaq əlbəttə, kədərlənməmək də olmur, çünki bunların hamısı itkilərlə baş verir. Ordumuza hər zaman dəstək verir və çalışacağıq ki, biz də hər zaman - arxa cəbhədə də olsaq - dualarımızla əlimizdən gələni nümayiş etdirək. Bu, həm komanda daxilindədi, həm də ümumi futbol camiəsində.

 

- Legionerləriniz baş verənlərə necə reaksiya göstərirlər? Onlard bir narahatlıq varmı?

- Açığı, onlar üçün gözlənilməz hadisədi. Əslində, çox da legionerimiz yoxdu - 5 nəfərdi. Onlardan 3-ü keçən mövsüm də çıxış ediblər, 2-si yenidi. Söhbət Qvatemala millisinin üzvü olan qapıçı Nikolas Hagenlə şimali makedoniyalı yarımmüdafiəçi Florian Kadriudan gedir. Belə baxanda, ciddi narahatlıqları yoxdu. Ancaq bütün hallarda onlara həm tariximiz, həm də indiki durumun heç bir narahatlığın olmayacağı barədə düzgün informasiya çatdırırıq. O dərəcədə panika yoxdu ki, burdan getsinlər. Sadəcə, hamı hər zaman nəsə məlumat gözləyir. Biz də çalışırıq ki, xəbərləri onlara operativ, düzgün çatdıraq. 

 

- Hücumçunuz Rauf Əliyevin əslən Füzulidən olduğunu nəzərə alsaq, bu rayonun 7 kəndinin işğaldan azad olunmasına görə onda ruh yüksəkliyi daha çox olar. Bu, sezilirmi?

- Nəinki Raufda, bu gün komanda daxilində həqiqətən böyük sevinc hiss olunur. Təkcə onun yox, hamımız üçün sevindiricidi ki, torpaqlarımız geri qayıdır. Burda əsasən ölkə başçısına təşəkkür etmək lazımdı ki, yürütdüyü siyasət nəticəsində bunlar baş verir. Təbii ki, itkilər adamı narahat edir. Bunsuz baş versə, daha yaxşı olar. Amma müharibə heç vaxt itkisiz baş vermir. Nəyisə əldə etmək istəyiriksə, təbii ki, bu, qan bahasına başa gələcək. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB