TOP 10

Elmar Baxşıyev "Neftçi"ylə matçda uğurlu nəticəyə köklənib: "Gəlin, qardaşlığı futbola qatmayaq"

Futbol
Tarix: 2020-09-26 16:00

"Ümumi götürəndə, bizim üçün ilk sırada öz komandamız durur və hər bir matça hazırlığı onun üzərində qururuq. Rəqib "Neftçi" olacaq, ciddi hazırlaşırıq. Çalışacağıq ki, Qəbələyə uğurlu nəticəylə qayıdaq". Bu fikirləri Spor24.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev bildirib.

 

Premyer Liqada ilk 3 turdan sonra qələbəyə həsrət olan əyalət təmsilçisini sabah "Neftçi"ylə çətin səfər matçı gözləyir. Baxşıyevin sözlərinə görə, rəqibin kimiyi onlar üçün ciddi fərq eləmir: "Çempionat göstərir ki, hər bir komandaya qarşı oynamaq olar. Bizim də məqsəd "Neftçi"ylə görüşdə müsbət nəticə qazanmaqdı".

 

Məlumdur ki, "Qəbələ"də yeni mövsüm öncəsi məşqçi dəyişikliyi oldu. Belə ki, Azər Bağırovla yollar ayrılaraq onun yerinə "Qəbələ" Futbol Akademiyasında çalışan Xaqani Məmmədov təyin olundu. O isə bilindiyi kimi, "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovun böyük qardaşıdı. Maraqlıdı, Baxşıyev yeni köməkçisinin bu matçda məsləhətindən daha çox faydalanmaq fikrindədirmi?: "Xaqani müəllimin gəlişindən mənə faydası dəyir. Özüm onun yanımda olmağını istədim və birgə işlədiyimiz bu müddətdə mənə köməyi dəyir. Gəlin, qardaşlığı futbola qatmayaq. O, mənimlədi, "Qəbələ"də işini davam etdirir. Qardaşı isə "Neftçi"yə cavabdehlik daşıyır".

 

Baxşıyevin fikrincə, "Neftçi"ylə matçın stadionunun dəyişdirilməsi - "Bakcell Arena"dan "Dalğa Arena"ya keçirilməsi onların planlarına elə bir mənfi təsir etməyib. Ümumiyyətlə, 40 yaşlı mütəxəssis azarkeşlərsiz oynamağa görə meydan amilini həlledici məqam saymır: "Bizim üçün fərqi yoxdu hansı stadionda oynayacağıq. İnanmram ki, arena dəyişikliyinə görə qazonun mənfi təsiriylə qarşılaşaq. İndiki durumda matçlar azarkeşsiz oynanılır və belə şəraitdə məncə, futbolçulara heç biri təsiri yoxdu. Çünki "12-ci oyunçu"nun təsiriylə üzləşmirlər ki, həmin təzyiqi meydanda hiss etsinlər. Azarkeş olmasa belə, bizə xoşdu öz meydançamızda oynamaq. Boş tribunalar qarşısında oynasaq da, bizə sadiq olan azarkeşləri hiss edirik. Bizi dəstəkləyən azarkeş qrupumuz var - "Red Black Army". Onların dəstəyini, qayğısını həmişə hiss edirik. Evdə oynamaq hər bir halda bizim üçün yaxşıdı". 

 

Xatırladaq ki, IV tura yekun vuracaq "Neftçi" - "Qəbələ" qarşılaşması saat 19:00-da keçiriləcək. 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB