TOP 10

Canni de Byazi: "Bura ona görə gəlməmişəm ki, həyatda​ nə edəcəyimi bilmirdim"

Futbol
Tarix: 2020-09-23 15:10

Millimizin baş məşqçisi Canni de Byazi ilə hələ İtaliyada olduğu vaxt müsahibə götürmüşdük. Ölkəmizə gəlməmişdən də paytaxtda görüşməyi planlaşdırırdıq. Nəhayət, dünən istəyimiz baş tutdu. İtaliyalı mütəxəssis Sport24.az-a verdiyi müsahibəyə elə bir pozitiv enerji gətirdi ki, bu insanla dağlar aşmağın mümkünlüyünə şübhə yeri qalmadı.

 

- Azərbaycan haqda ilk dəfə nə vaxt eşitdiniz? Ölkəmiz sizdə hansı assosiasiya oyadırdı - Azərbaycanı neft ölkəsi kimi tanıyırdınız, yoxsa vaxtilə "Mixaylo" kimi tanınan​ azərbaycanlı Mehdi Hüseynzadənin II Dünya Müharibəsində italyan partizanlarıyla çiyin-çiyinə döyüşdüyü​ zaman eşitmişdiniz?

- İlk əlaqəm AFFA-yla koronavirus pandemiyasından əvvəl olub. Sonra bu virus gəldi, hər şey dayandı, iflic​ oldu. Daim əlaqədə idik və yekunda baş məşqçiylə bağlı qərar verərək məni seçdilər. Bilirəm ki, siyahıda başqa namizəd məşqçilər də var idi. Seçimin üzərimdə dayanmasına çox şad oldum. Elxan Məmmədovla ilk dəfə 6 il əvvəl də Parisdə görüşmüşdüm. Onda mənimlə işbirliyi ilə bağlı danışmaq istəyirdi, ancaq həmin vaxt Albaniya yığmasının baş məşqçisi idim. Bundan sonra deyəsən, yığmanıza Robert Prosineçki gəldi.

- Ancaq həmin vaxt ölkəmiz haqda məlumatınız yox idi?
- O vaxtdan tanıyırdım, çünki Albaniya yığmasında futbolçum vardı - Ansi Aqolli. Onun "Qarabağ"da oyununa baxmaq üçün 2014 və ya 2015-ci ildə Bakıya gəlmişəm. Oyunçuya televizorla da baxmaq olar. Amma mənim üçün ən vacibi hər futbolçunun daxili dünyasına bələd olmaqdı. İki gün paytaxtınızda​ qaldım. Çox bəyəndim buranı, ilk növbədə də komandaya görə. Çünki "Qarabağ" çox güclü komandadı. Həm də şəhər çox xoşuma gəldi, gözləmirdim belə​ xoş mənzərəni. Gələcəklə bağlı böyük inkişaf görünürdü.​

- Saytımıza ilk müsahibənizdə​ Bora Millutinoviçlə müqayisə aparmışdıq...

- Bora çox millilərdə işləyib. Böyük təcrübəyə, yüksək keyfiyyətə malik mütəxəssisdi. Vaxtı gələndə mən də onun kimi ola bilərəm. İstərdim ki, mən də Azərbaycanda belə uğura nail olum. Çox çətin bir işdi, ancaq əminəm ki, bu mübarizədə hamımız birgə çalışaraq​ yaxşı nəticələrə imza ata bilərik.​

- Maraqlıdı, Azərbaycan sizi nəylə cəlb elədi?​ Hər halda, Vətənimiz böyük futbol ölkəsi deyil...

- Həyatda həmişə nəyisə birinci dəfə edirsən - dünyaya gəlirsən, yeriməyə başlayırsan, məktəbə gedirsən, evlənirsən... Hamımız üçün vacib uğurlu başlanğıcdı. Bunu başa düşsək, daha böyük işlər görə bilərik.​

- Albaniyada uğur piramidasının bünövrəsini qoyanda təməldə nə dayanırdı? Bu layihəni Azərbaycanda da tətbiq etmək mümkündürmü?

- Ürəyimizdə, beynimizdə böyük bir istək olmalıdı. Buna nail olmaq üçün maksimum dərəcədə çalışmalıyıq. Mənə ən​ böyük motivasiya verən məqam​ var - bu günə kimi hamı fikirləşir ki, bu milliylə​ heç bir nəticəyə nail olmaq mümkün deyil. Hesab edirəm ki, bu, hamımız üçün bir çağırışdı. Hamımız bu işə ürəyimizi versək, istədiyimiz hər şey reallaşa bilər. Təbii ki, buna vaxt lazımdı. Fikrimcə, Azərbaycan milisiylə də uğur qazanmaq olar. Ən əsası, bilək nə qədər gücümüz, istəyimiz var.

- Zamanı geri qaytara bilsəydiniz, Lüksemburqla matçda start heyətində neçə dəyişilik edərdiniz? Və əvəzetmələrdə neçə səhvə yol verdiyinizi​ düşünürsünüz?

- İndi danışmaq çox asandı. Çünki matç bitib, səhvlər ovuc içindədi. Oyunadək məşqlərdə​ gördüyün futbolçulardan​ seçərək çalışırsan​ əsas heyətlə bağlı düzgün qərar verəsən. Təbii ki, bir az qəribə, gözləmədiyim hal oldu - 1 saatdan çox 10 nəfərlə oynadıq. Özü də belə çətin durumda, çünki mövsümün əvvəlidi və futbolçular hələ optimal kondisiyalarda deyillər. İkinci bir məqam odur ki, bir yoldaşlıq görüşü belə oynamamışdıq. Bu, çox vacib​ amildi. Ancaq bizdən fərqli olaraq Lüksemburq yığması 6-7 ildir bir yerdə oynayır.​

- Bəs, 4-4-2 taktiki düzülüşü doğru seçdiyinizi düşünürsünüz?

- Fikrimcə, o oyun üçün düzgün qərar sayıla bilərdi. 90 dəqiqə belə sxemlə oynamalı idik. Ancaq elə alındı ki, matçın daha çox​ hissəsini 4-4-1 ilə keçirməli olduq. Azlıqda qalandan​ sonra oyunumuzu dəyişdik, qol buraxmamaq üçün risk eləmədik. Ancaq yenə də yekunda qapımızda 2 top gördük - biri birindən gülməli.​

- Eddi İsrafilovla Dmitri Nazarov pandemiyanı bəhanə gətirərək milliyə gəlməkdən imtina elədilər. Yəqin ki, onlar "qara siyahı"nıza düşüblər. Maraqlıdı, başqa düşənlər də var?

- Məsələyə obyektiv yanaşmaq lazımdı. Bura gəlib qayıdandan sonra 15 gün karantində qalacaqdılar. Təbii ki, bunu gərək nəzərə alasan. Sözsüz ki, mənim üçün ən vacib şey futbolçunun bu millidə oynaması üçün böyük istəyinin olmasıdı. Oynamaq xatirinə yox, bu bayraq, bu gerb, bu mili forması üçün oynamalı, ürəyini verməlidi. Təbii ki, mənim üçün ən vacibi budu.

- Rüfət Dadaşov Okeanın o tayında oynasa da, yetərincə məhsuldarlığı ilə seçilir. Yəqin ki, bu hücumçunu tanıyırsınız. Geniş siyahınızda Rufət varmı, yoxsa onun yer almasına zərurət duymursunuz?

- Onu tanıyıram, çox da oyununu görmüşəm. Mən də, köməkçilərim də bütün oyunçuları izləmişik, hərtərəfli analiz eləmişik. Rüfət üçün çətindi - həm məsafə baxımından uzaqdı, həm də ABŞ-da koronavirus pandemiyası ağır keçir. Buna görə heç risk etmədim onu bu müddətdə​ çağırmağa. Bir neçə səbəbə görə​ gələ bilməzdi bura.​ ​

- Amma​ belə qənətə gəldik ki, geniş siyahınızda adı​ var...

- Milli üçün futbolçumuz onsuz da azdı, ona görə heç kimin adını silmirik (gülür).​

- Soyuq başla analiz etdikdən sonra Mahir Emrelinin qırmızı vərəqəsinə münasibətiniz necədi? Və sizdə bu hücumçuya qəzəb, daxili kin qalıbmı?

- Həmin anda çox əsəbiləşmişdim. Amma elə vəziyyətdi ki, başa düşürəm,​ təcrübə yığmaq lazımdı. Həyatda hər​ zaman elə vəziyyətlər olur. Lap adi​ bir reaksiya idi, ancaq bunun bədəlini bütün komanda ödədi.​

- Azərbaycana gəlməmişdən əvvəl deyirdiniz ki, futbolçularımızda ilk növbədə​ mental dəyişiklik lazımdı. Maraqlıdı, 3 gün ərzində Kiprdəki uğurlu matçda mental dəyişiklik baş verdi, yoxsa başqa bir məqam oldu ki, ən azı ilk hissədə görmədiyimiz Azərbaycan yığması gördük?

- Təbii ki, mental dəyişiklik üçün çox işlədik və bunu davam edəcəyik. Əlbəttə, futbolda topa nəzarət çox vacibdi. Əmin olmalıyıq ki, bunları edə bilərik və eləməliyik. Ən əsası da​ odur ki, özümüzə inam bir az daha çox olmalıdı. Rəqiblərin kimliyinə baxmamalıyıq ki, bizdən çox güclüdürlər. Qabaqcadan​ fikirləşsək ki, rəqiblərimiz bizdən güclüdürlər,​ təbii ki, onlar üçün böyük üstünlük olacaq.​

-​ Müəyyən yüksəkliyə tullandıqdan sonra 1 sm belə endikdə, bu, kütlə tərəfindən qəbul edilmir. Artıq Kiprlə bu nümunəni gördük ki, Azərbaycan millisi sən demə, parlaq futbol da oynaya bilirmiş. Bundan sonra qorxmursunuz ki, özünüz-özünüzü peşman edəcəksiniz ki,​ kaş belə oynamazdıq?

- Həyatımda belə təcrübələr çox olub. Heç bir şey məni qorxutmur. Fikrimcə, bizim komandada yaxşı keyfiyyət, yaxşı oyunçular var. Hamıya qarşı oynaya bilərik. Ən vacibi odur ki, öyrənməliyik, özünəinamı daha çox artırmalıyıq. Kimə qarşı oynamışıqsa, heç birindən​ ​zəif deyilik. Alban həmkarlarınızdan biri Portuqaliya​ - Albaniya matçı öncəsi soruşdu ki, heç-heçə olsa,​ razı olarsanmı. Dedim ki, niyə razı olmalıyam, 3 xal yığa bilərəmsə? Xoşbəxtlikdən elə də oldu, udduq oyunu. Həyatda heç vaxt dünənimlə öyünmürəm. Çalışıb bu baxımdan mentalitetimizi dəyişməliyik. Bu gün etdiyimizdən heç vaxt razı qalmamalıyıq. Həmişə çalışıb bir pilləkən daha üstə qalxmalıyıq. Hər birimiz beyninə bu məqsədi qoysa, bütün komanda səviyyə baxımından inkişaf edəcək.​

-​ Millinin "1​ nörmə" məsələsi sizi narahat etmir? Onu nəzərdə tuturuq ki, Emil Balayev millidə yaxşı təsir bağışlasa da, həm ötən turda​ heç də inamlı çıxışla yadda qalmadı, həm də klubunda daimi oyun praktikası qazanmır. Çünki "Qarabağ"da beynəlxalq arenada "çərçivə" Şahdruddin Məhəmmədəliyevə etibar edilir...

- Emil keçən il millidə artıq 5 oyun keçirib. Fikrimcə, beynəlxalq təcrübəsi var, hələ cavandı. Yaxşı perspektivi, yaxşı keyfiyyətləri var. Təbii ki, qapıçı mövqeyi xüsusidi. Üç çox yaxşı qapıçım​ var, biri-birindən yaxşıdırlar. Hələ ki seçim Emilin üzərinə düşüb.​ Ancaq gələn oyunlar üçün başqalarına da​ şans tanına bilər. Çalışıb həmişə​ artırmalı, daha yaxşı oynamalı, bizə daha da çox kömək eləməlidi.​

- Ölkədən kənarda azərbaycanlı futbolçu axtarışı gedirmi? Bu yöndə yaxın zamanlarda hansısa yeni sima görə bilərikmi?

- Hamıya​ baxırıq, başqa çempionatda oynayan futbolçuları da izləyirik. Təbii ki, çalışıb seçimi maksimum dərəcədə artırmalıyıq. Xaricdə oynayan Azərbaycan əsilli bütün futbolçulara baxırıq.

- İki turdan sonra qrupumuzda​ Monteneqro yığması​ aşkar favotiridi. Hər iki oyunu səfərdə​ keçirib, qol buraxmadan qalib gəlib. Sinyor de Byazi, sehrli boxçanızda hansısa bir ədva varmı ki, bundan istifadə edib Monteneqronu da Kiprə yaşatdığınız günə salasınız?

- Bu rəqibimizi də artıq görmüşük - həm Kiprə, həm də Lüksemburqa qarşı. Sözün düzü, ikincilərlə matçda qələbəni heç haqq etmirdilər.​ 90+2-ci dəqiqədə​ penaltindən​ qələbə topunu vurdular. Lüksemburq yığmasının qapıçısının kiçik​ bir səhvi oldu ki, bundan yararlandılar. Ancaq təbii ki,​ Avropa klublarında oynayan yaxşı futbolçuları var. Belə baxanda, bizim qrupda ən güclü yığmadı. Amma ora uduzmaq yox,​ udmaq üçün gedirik. Çalışacağıq buna nail olmaq üçün hər şeyimizi verək.​

- İcazə verin sizə alban jurnalislərin sualını​ verim - Monteneqroda sizi 1 xal qane edəcək?

- Yox-yox. Bunu böyük səslənmək üçün demirəm. Əsas onu istəyirəm ki,​ futbolçular bu sözlərimdən ruhlansınlar və səfərə inamlı gedib qalib qayıtsınlar. Əlbəttə,​ ilk növbədə​ rəqibə hörmət etmək lazımdı. Monteneqro yığması güclü rəqibdi. Ancaq orda​ 95-ci dəqiqəyədək hər planda​ diqqətlə oynamalyıq.​ Əsasən də müdafiə xəttində bunu etməliyik. Və təbii ki, qol vəziyyətlərimizdən yararlanmalıyıq. Məsələn, Kiprdə xeyli epizodu boşa verdik. İstifadə etməsək, bu, bizə baha başa gələcək.​

- Sizi daim iş başında görürük. Ancaq bizdən​ fərqli tək oyunlarda yox,​ klubların məşqlərində də olursunuz. Maraqlıdı, növbəti siyahınızda yeni neçə futbolçu görə bilərik?

- Hələ bilmirəm. Çox fikirləşirik, namizədlərin hamısını qiymətləndiririk.​ Ancaq sualınıza​ dəqiq cavab verə bilmərəm. Onu​ deyə bilərəm ki, təxmini eyni heyət olacaq, 2-3 dəyişiklər ola bilər.​

- İcazənizlə iki futbolçu üzərində dayanım - Camaləddin Xocaniyazov və Ağabala Ramazanov.​

-​ Ağabala​ son matçlarda oynamayıb. O, əvvəllər ​ millidə oynayıb, 27-28 yaşı var. Fikrimcə,​ hələ​ imkanları var.​ İlk siyahımızda​ bir az fərqli heyət oldu. Ancaq hamı burada yer ala bilər.​

- Maraqlıdı,​ sizi bu qədər stadionlarda​ görürük, ancaq hələ də Qəbələdə​ görməmişik. Hərçənd, bu komanda alt sıralarda olsa da, olduqca maraqlı futbol sərgiləyir...

-​ Gedəcəm mütləq​. Sadəcə, eyni vaxtda həm Bakıda, həm də Qəbələdə ola bilmirəm (gülür).​ Məşqinə də​ baxacam “Qəbələ”nin, oyununa da​. Sözün açığı, keçən həftə​ getmək istəyirdim. Ancaq bəzi problemlər​ üzündən alınmadı.

- Neapolda olmusunuz?

-​ Bəli.​

- Tanınmış​ rus yazıçısı Maksim Qorkinin belə bir ifadəsi var ki, Bakı gecələri Neapol gecələrindən​ də gözəldi. Bu ifadə çox pafosludu, yoxsa doğrudan da elədi?

- Bu müqayisəni eşitmişəm. Mənim üçün Bakı bulvarı gözəldi, çox​ gözəldi. Neapolun isə Vezuvisi var. Şəhərlər arasında oxşarlıq var, əsasən də ümumi mənzərəsinə görə. Ola bilər ki, insanları bir az​ fərqlidi.​

-​ Bəs şəhərlər gözəlliklərinə görə bənzəyir?

-​ Neapolda əsrarənglik​ var. Ancaq​ Bakı müasir tikililər​ baxımından çox qabaqdadı. Neapolun​ tarixi abidələri​ var, çox gözəldi. Orada​ da bulvar var. Fikirləşirəm ki, iki çox gözəl şəhərdi. Heç biri digərinə paxıllıq etməməlidi (gülür).

-​ İlk oyundaca himnimiz səslənərkən ifanızda "Azərbaycan,​ Azərbaycan" sözlərini eşitdik​ və bildirdiniz ki,​ himninizi öyrənəcəksiniz. İrəliləyiş​ var, yoxsa hələ​ ki Azərbaycan sözləridi?

- Elə bilirdim alban dili ən çətindi. Ancaq sizin dil doğrudan da çox​ çətin imiş. Bura gəlməmişdən öncə Azərbaycana videosalamım olmuşdu, "tragik" alınmışdı (gülür). Yavaş-yavaş öyrənəcəm dilinizi. Vacib olan budur​ ki, sözlərinin tərcüməsini​ bilirəm,​ mənasını başa düşürəm.​

-​ Uzun illərdi bunun mübarizəsini aparııq​ ki, milli futbolçularımız niyə himni oxumurlar.​ ​Futbolçularla bu barədə söhbətiniz olubmu?

-​ Yox,​ bunu bilmirdim.​ O qədər​ başım qarışmışdı, o qədər ilk matçlara konsentrasiya olmuşdum ki... İstədim himnin o​ hissəsini oxuyum.​ Mənə çox xoşdur ki, bunu qeyd edirsiniz. Doğru deyirsiniz, himni​ oyundan əvvəl oxumaq​ bir motivasiyadı!

-​ Evdə yemək bişirməklə aranız necədi? Yoxsa yalnız restoran təamlarlndan dadırsınız?

- Adətən​ həmişə​ evdə yeyirəm.

- Özünüz​ hazırlayırsınız?

-​ Bəli, bir gün sizi  evimə qonaq çağıracam,​ italyan​ mətbəxini birgə dadarıq. Tipik italyan mətbəxiylə tanış edərəm sizi.​ Balığı​ çox sevirəm. Bir də makarondan çox istifadə edirəm, cürbəcür formada hazırlaya bilirəm​ - pomidorla, ətlə...

-​ Sevgidən nifrətə bir addımdı​ - belə bir ifadə var.​ Cənab de Byazi Azərbaycanda sevgiyə daha yaxındı, yoxsa nifrətə?

- Nə mənada?

-​ Nəticələr baxımından...

-​ Albaniyada olanda da​ demişəm, insanlar başa düşür ki, bir insanın ehtirasla işləməsi​ nə deməkdi. Bura ona görə gəlməmişəm ki, həyatda​ nə edəcəyimi bilmirdim. Azərbaycana böyük məqsədlər arxasınca gəlmişəm. İstəyirəm ki, bunu həyata​ keçirim.​ Əminəm ki, buna birgə nail ola bilərik. Hamımız istəməliyik​ - jurnalistlər, futbolçular, assosiasiya, hətta ölkə.​ Beynəlxalq səviyyədə​ yaxşı uğur qazansaq, yaxşı vizit vərəqəmiz olacaq. Bunu necə edə bilərik​ - oyunçularımızı yaxşılaşdırmaq, inkişaf etdirməklə. Əsasən də bu, şüurla bağlıdı.

-​ Arzu edirəm ki, nəticələrlə sevgiyə daha yaxın olasınız…

-​ Mən də özümə bunu arzu edirəm. İş​ üçün bütün varlığımı ortaya qoyuram, heç nəyə qənaət etmərəm. Bax, belədə uğur əldə edə bilərik.​

 

 

 

 

 

CEYHUN ƏLİYEV

 

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB