TOP 10

Cavid Hüseynova kubok təqdim olundu: "Üstündə adım yazılıb, yazılmasaydı, vermişdim Elmara" - FOTOLAR

Futbol
Tarix: 2020-09-22 18:22

Sport24.az və Football24.az-ın birgə layihəsi olan, PFL-in dəstəyilə keçirilən "Azərbaycan futbol tarixiylə baş-başa" bilik yarışmasının qalibi Cavid Hüseynov oldu. Onda koronavirus pandemiyasına görə çempionatın dayandığı vaxt, təcrübəli futbolçu isə "Zirə"nin üzvü idi. Məlumdu ki, 32 yaşlı yarımmüdafiəçi yay fasiləsində "Qəbələ"yə qayıtdı. Biz təşkilatçılar isə karantinə görə qalibə mükafatını təqdim edə bilməmişdik. Nəhayət, bu gün həmin təqdimat mərasimini PFL-də bu qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə birgə keçirdik. Cavidin bilik yarışmasında məşqçisi olmuş "Zirə"nin mətbuat katibi Elmar Abdullazadənin də iştirakıyla.

 

- Sözün açığı, burdakı çempionluğumu unutmamışdım. Sadəcə, düşünürəm ki, çox maraqlı yarışma alındı. Həmin vaxt da psixoloji gərginlikdən əziyyət çəkirdik, çünki karantinə görə evə qapanmışdıq. Hər gün zənginizi, verəcəyiniz sualları maraqla gözləyirdik (gülür). Sonradan görəndə ki, rəqiblərim ciddidi, Elmarla mütəmadi hazırlaşırdıq. 

 

- Abdullazadəylə təlim-məşq toplanışınız necə keçirdi?

- Əla! İki-üç turdan onunla hazırlaşmağa başladım. Gördüm ki, yox, artıq ciddi hazırlaşmaq lazımdı.

 

- Yəqin, Elmardan Cavidə elə bir söz oldu ki, "beynini oyandırdı"...

- Söz olmadı, sadəcə, saytınız vasitəsilə yarışmanın gedişini izləyirdim. Adımı orda görəndə ki, misal üçün 3 sualdan 1-nə düzgün cavab vermişəm, yaxud hamısını səhv demişəm, istər-istəməz adama təsir edir. Bir şeyə qatılmışamsa, bunun nəticəsi olmalıdı. Ya gərək qatılmayaydım, imtina edərdim, başqa futbolçumuz qatılardı, ya da bu işə girmişəmsə, axıradək getməlisən. 

 

- Qaydaya görə, iştirakçıları hər klubun mətbuat katibi müəyyənləşdirirdi. Sənə Elmar Abdullazadədən təklif gələndə, dərhal "hə" dedin, yoxsa tərəddüd içərisində idin?

- Yox, dərhal razılıq vermədim. Mənə zəng vuranda, məsləhət gördüm ki, bəlkə başqa adam olsun. Çünki sözün düzü, belə şeylərlə o dərəcədə də aram yoxdu. Ancaq Elmar dedi ki, yox, sən olsan, daha yaxşı olar. Baxdıq ki, bizdə məndən daha yaxşısı yoxdu, Pis çıxmasın, o biri futbolçular da mənim düşündüyüm kimi düşünəcəklər, bəlkə daha pis reaksiya verəcəklər..

 

Bu anda Elmar Abdullazadə söhbətimizə müdaxilə edir: 

- Həm də Cavidin yaşı, təcrübəsi daha çoxdu. Ən azı 14-15 ildi futbolda görə-görə gəlib. Komandamızda çoxu gənc oyunçulardı, keçmişdən yaxşı xəbərləri yoxdu. Ancaq Cavid ən azından bunları görüb.

 

- Cavid, "bəlkə başqası olsun" deyəndə, konkret ad göstərmişdin?

- Yox-yox. Sadəcə, dedim ki, başqasını seçə bilərsən. Elmar da mənim üzərimdə dayandı və sonra razılaşdıq. Həmin vaxt onunla görüşmürdük, toplanışımız virtual idi. Çoxlu sayda suallara cavabları mənə göndərirdi. Özü də iştirak edib belə bilik yarışmasında, təcrübəsi var. Mənə bildirdi ki, uzun illərdi qatılmışam, təxminən belə suallar düşə bilər avrokuboklardan, çempionatdan və kubokdan.

 

- Bunları zehnində saxlamaq heç də asan deyil. Beynin çox yüklənmirdi?

- Xeyr. Verilən sualları yaşamışıq axı. Keçmişdə, illər ərzində yaşadıqlarımızı unuda bilərik. Sadəcə, hələ də unuda bilmirəm "Neftçi"ylə "Xəzər Lənkəran" arasında Super Kubok sualını. Bunu bilə-bilə dilimdə söz səhv getdi. Halbuki, cavabı dəqiq bilirdim. Yaxud, ilk Azərbaycan çempionu olan əcnəbi baş məşqçi sualını. 

 

- Onda Valentin Xodukin cavabını ən azı ona görə deməliydin ki, "İnter"də rəhbərliyi altında oynayıb mükafatçı olmusan. Ancaq dəxilsiz Roman Pokoranın adını çəkdin. Hansı ki "Simurq"u çalışdırmış bu ukraynalı mütəxəssislə yolların heç vaxt kəsişməyib..

- Nə bilim, ağlıma belə gəldi. Halbuki, "İnter"in çempionluğu gözümün qabağında olub.

 

- Nəhayət, final dueli və rəqibin uzun illər "Neftçi"də, "Qəbələ"də, milli komanda yoldaşı olmuş Ruslan Abışov. Hər ikinizlə söhbətdə görürdüm ki, bir-birinizə qarşı prinspial mübarizə var...

- Xoş prinsipiallıq var. Həmin vaxt da saytınıza müsahibəmdə demişdim ki, qardaşım da olsun, keçən deyiləm (gülür). Həqiqi sözümdü, xoşlayıram ki, qatıldığım mübarizədə 1-ci olum. O vaxt "Turan"da Naci Şensoyun vaxtında çıxış etdiyim dövrü götürək, qumda bizə kross verirdi. Çalışırdım ki, hamını qabaqlayım. Yalnız Ramal Hüseynovu keçə bilmirdim. Yaşım az - 16 olsa da, yalnız onu qabaqlaya, onunla "dirəşə" bilmirdim. 1-ci olmağı həmişə sevmişəm.

 

- Ruslanın bir fikir olmuşdu ki, o, səni qıcıqlandırmışdı...

- Hə, o söz toxunmuşdu - "10-da 10" edəcəm. Hətta final öncəsi sizə müsahibəmdə demişdim ki, Ruslan rahatlaşmaya bilər, çünki kuboku elə-belə verməyəcəm. Sonda məni Azərbaycan çempionatları tarixində ən məhsuldar heç-heçə - 6:6-yla bağlı sual qalib etdi ki, onu da Elmar mənə demişdi.

 

- Yaxşı, elə isə bu kubokun neçə faizi sənindi, neçə faizi Elmarın?

- Neçə faiz istəyir, onu da götürə bilər (gülür). Kubokun üstündə adım yazılıb, yazılmasaydı, vermişdim Abdullazadəyə. 

 

- Gələcəkdə belə yarılşma olsa, hazırsan döyüşə? Yoxsa ikinci dəfə girmək istəməzsən?

- Yox, girərəm, Problem yoxdu.

 

- Axı, məşqçin dəyişib...

- Yox, məşqçini dəyişməzlər.

 

- Necə ola bilər bu - indi "Zirə"nin yox, "Qəbələ"nin futbolçususan...

- Onda bilməyəcəksiniz, fərdi şəkildə hazırlaşacam (gülür).

 

- Səni iştirakçılar arasında ən çox kim təəccübləndirdi?

- Aqil Məmmədov. O, bir dövrdə çox yaxşı getdi - 3-də 3 cavab verirdi. Dəli oldum ki, bu, necə ola bilər. Axı, Aqil də çox güclü oyunçu deyil. Asif Məmmədov da yaxşı rəqib idi. Köhnə futbolçudu, təcrübəsi var, çox şeyi görüb.  

 

- Bizim yarışmanın son mərhələsi qalıb. Planımızda var ki, bunu qış fasiləsində edək. Sizdən sonra bu viktorinanı veteranlar arasında keçirdik. Fikrimiz budu ki, hər iki yarışmada ilk 3 yeri tutanlar arasında analoji turnir təşkil edək. Burda artıq Sovet futbolundan da suallar olacaq...

- Maraqlı olardı bu yarışma.

 

- Bir kapitan olaraq komandandan razısan? Yoxsa əvəzləmə etmək istərdin?

- Bəlkə Aqili dəyişərdim Asiflə. İlqar Qurbanov da yaxşı iştirakçıdı. 

 

- Yəqin ki, evinin bir güşəsində mükafat kolleksiyan olar. Bu kubok orda hansı yeri tutacaq? Yaşıl meydanda alın tərinlə qazandığın medallar və zehninlə qazandığın bu mükafat - hansı tərəzidə daha ağır gəlir?

- Açığı, mükafatlarımı, medallarımı yığmışam bir yerə, ancaq hələ bunlar üçün ayrıca bir gözəl güşə ayırmamışam. Kubokun üzərimdə adım yazılıbsa. istər-istəməz yaxşı yerdə duracaq. Yəni, evin küncündə yox, nə vaxtsa özüm üçü güşə ayırsam, ən yaxşı yerdə, o birilərlə bir sırada duracaq. Nə yuxarıda, nə də aşağıda, səviyyə fərqi olmayacaq  Zehin də lazımdı, çünki futbolu tək fizikayla yox, ağılla da oynayırlar. Bu da belə bir yarışma idi.

 

- Yarışmaya dəstək verən PFL-in prezidenti Ramin Musayevin şərti də vardı ki, kubok qalibə təqdim ediləndə, başçılıq etdiyi qurumun yaranma ilini soruşacaq. Yadında qalıb?
- Hə, yadımdadı Ramin müəllimin bu sözü. 2009-cu ildə yaranıb PFL.

 

- Yarışmada bu suala düz cavab vermişdin, ancaq indi yox. PFL 2008-ci ilə yaranıb, bilmədin, get hazırlaş...

- Kimsə iştirakçılardan 2009-cu il demişdi. Elə bir şey yadımda qalmışdı, qarışdırdım onunla. "Yandırdım" özümü. Yaxşı ki, Ramin müəllim yox idi burda (gülür)...

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB