TOP 10

Tura sözardı: "Qarabağ"dan fərqli start, "Sabah"dan uğurlu ispan dirijorluğu

Futbol
Tarix: 2020-09-22 14:00

"Qarabağ"ın 1-ci pillədə yer almasına, məğlubiyyətlərinin çox az olmasına, bunun əsasən çempionluğu rəsmiləşdirəndən sonra qeydə alınmasına adət etmişik. Keçən çempionatın əvvəlində isə ümumiyyətlə, "Qarabağ fırtınası" olmuşdu. Hər halda, 7 tura 7 qələbə belə deməyə əsas verirdi. Qurban Qurbanovun komandası onda ilk dövrəni maksimum nəticəylə başa vurmuşdusa, bu dəfə startda 3 tura artıq 5 xal itirib. Ən vacibi isə artıq ilk məğlubiyyətini alıb. Özü də prinsipial rəqib "Neftçi"dən. Həmin "Neftçi" ki, yeni mövsümdə o qədər də uğurlu başlamayaraq, tənqid obyektinə çevrilib. Ancaq Füzuli Məmmədovun komandası liderlə çətin səfər sınağında toparlanaraq ilk növbədə psixoloji planda vacib olan qələbəni qazandı. Özü də "ağ-qaralar"ın oyunun əvvəlindəcə hesabda geri düşdüyünü nəzərə alsaq, buna əzmkarlıqla nail olması qələbənin çəkisini artırır.

 

"Qarabağ"da son 7 ildə avrokuboklarda qruplarda çıxış etdiyini nəzərə alsaq, heyətdə rotasiyalarına adət etmişik. Ancaq indi fərqli mənzərədi. O mənada ki, ehtiyat oyunçular skamyası hazırda geniş deyil və üstəlik, zədə problemləri var. Xaymeri Romero artıq 3-cü oyundur "Qarabağ"a kömək edə bilmir ki, onun yeri görünür. Hər halda, bu matçların heç birində qələbə qeydə alınmayıb. Digər vinger Abdullah Zubir "Mölde"ylə matçdan sonra zədədən əziyyət çəkdiyindən "Neftçi"ylə qarşılaşmaya ümumiyyətlə, sifariş olunmamışdı. Bombardir Mahir Emreli isə meydanda olsa, onun da zədədən tam sağalmaması oyununa təsir göstərir. Qurbanov təcrübəli Uroş Matiçi "Neftçi"yə qarşı sonadək ehtiyatda saxlamağı məqsədəuyğun saydı. "Qarabağ" qrupa düşsə, bu sıx qrafikdə ona daha çətin olacaq və budəfəki çempionatda qızıl medallar uğrunda mübarizənin nəhayət, çox gərgin olacağını proqnozlaşdıra bilərik. "Neftçi"yə gəlincə, hələ ki qələbələrini 2:1 hesabıyla qazanan bu komanda turnir cədvəlində üçhakimiyyətliyi təşkil edərək, topların fərqinə görə 3-cü pillədə qərarlaşıb.

 

Onu qabaqlayan isə "Sabah"la "Sumqayıt"dı. "Neftçi"ni yeganə məğlubiyyətə düçar edən "gənclik şəhəri"nin təmsilçisi ilk ev qələbəsini qazandı. Bu, son pillənin sahibi "Səbail" üzərində oldu. Rəqib bu mövsümün ən zəifi olsa da, 3 xal heç də asanlıqla əldə olunmadı. Hər halda, autsayder hesabı bərabərləşdirməyə özündə güc tapdı. Ancaq bu çempionatın kəşfi olan Azərbaycan əsilli iranlı hücumçu Əli Qurbani yenidən səhnəyə çıxdı və yenə qələbənin əsas memarı oldu. İstənilən halda, Ayxan Abbasovun komandası heyəti zəifləsə də, inamlı oyun nümayiş etdirir. Abbasovun "Sumqayıt"da ilk qələbəsini məhz Aftandil Hacıyevli "Səbail" üzərində evdə qazanması, bundan sonra isə həmin rəqibə öz meydanında uduzması qeyd olunmalıdı.

 

Çempionatın yeni lideri isə "Sabah"dı. Hansı ki, çempionata "Qarabağ"dan məğlubiyyət almaqla başlamışdı. Ancaq bundan sonra toparlanan Visente Qomesin komandası qələbələrini çox inamlı, qol buraxmadan qazanır. Bunda sonra isə kapitanı olan təcrübəli qapıçısı Saşa Stamenkoviçin böyük rolunun olması birmənalıdı. Qomesli "Sabah"ın çıxışı onu göstərir ki, baş məşqçi amili futbolda çox vacibdi. Hər halda, komanda ötən mövsümdə də demək olar bu heyətlə olsa da, belə inamlı təsir bağışlamamışdı. "Sabah"ın ispaniyalı baş məşqçinin rəhbərliyi altında mükaftçılar sırasında əsas namizədlərdən biri olması turdan-tura daha real görünür. 

 

"Zirə" isə yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ilk məğlubiyyətini aldı. Bu dəfə "qartallar" qol da vura bilmədi, xal da gəlmədi. "Zirə"nin yeni kapitanı Ağabala Ramazanovun zədə üzündən hələ də komandaya kömək edə bilməməsi hücumda mənfi təsiirni göstərir. Maraqlıdı ki, "Sabah" 3-cü mövsümdü çıxış etdiyi Premyer Liqada 3-cü dəfə Zirədə 2:0 hesabıyla qalib gəlir. "Zirə"nin bu rəqibi üzərində yeganə ev qələbəsinin də məhz bu hesabla olması diqqət çəkir.

 

"Qəbələ" - "Keşlə" görüşündən əvvəl belə statistika vardı ki, qonaqlar son dörd oyunda meydanı qolsuz tərk etməmiş, meydan sahibləri son üç matçda xal qazanmamışdı. Hər iki statistika qırıldı - "Qəbələ" xal qazandı, "Keşlə" isə onun qapısına yol tapa bilmədi. Ümumiyyətlə, Yunis Hüseynovun komandasının yeni mövsümdə qol vurmaqla bağlı problemi ciddiləşir. Hər halda, Avroliqanı nəzərə alsaq. 4 oyuna cəmi 1 qol vurulması çox aşağı göstəricidi. Bu, ilk turda son saniyələrdə vurulandan sonra "Keşlə" qolsuz bərabərlikləri sıralayır.  "Qəbələ" isə hesabında olan 2 xalı evdəki heç-heçələrdə qazanıb. Elə Elmar Baxşıyevin komandası da "Keşlə" kimi cəmi 1 vurmaqla, yalnız ilk turda fərqlənməklə yadda qalıb. 

football24
24 Oktyabr 2020
23 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB