TOP 10

Turun "5-liy"i: Köhnə liderin birdən qırılan iki seriyası, yeni liderin ən uğurlu startı

Futbol
Tarix: 2020-09-21 15:21

Azərbaycan Premyer Liqasının yeni mövsümün III turu bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

Həm evdə, həm də ümumiyyətlə

Turun mərkəzi matçında "Qarabağ"ın iki uğurlu seriyası birdən qırılıb. Əvvəla, Qurban Qurbanovun komandası Premyer Liqada 10 aydan sonra, daha dəqiq desək, 303 gündən sonra uduzub. Ağdam klubu son çempion olduğu yarımçıq mövsümdə cəmi 1 məğlubiyyət almışdı. Bu, XII turda - 2019-cu ilin noyabrın 22-də "Sumqayıt"la səfər matçında olmuşdu. Maraqlıdı ki, onda da "Qarabağ"ın rəqibi 2:1 hesablı əzmkar qələbə qazanmışdı. 

 

İlk 3 turdan sonra zirvədə olan "Qarabağ"ın Premyer Liqamızda son ev məğlubiyyəti isə 2017/18 mövsümündə olub. Maraqlı məqam odur ki, onda da "Azərsun Arena"da "Neftçi"yə uduzub. Bu, 2018-ci ilin mayın 6-da 0:1 hesabıyla reallaşmışdı. Həmin matçdan 868 gün sonra ağdamlıların növbəti ev məğlubiyyəti qeydə alınıb.

 

 

"Sabah" artıq zirvədən baxır

İlk üç turdan sonra üçhakimiyyətlilik olsa da, yeganə uduzmayan komanda onların ən yaxın izləyicisidi. Bu, 4-cü pillədə gedən "Keşlə"di. Yunis Hüseynovun komandası 3 oyundan sonra 5 xala malikdi. "Keşlə" "Sumqayıt"ı 1:0 hesabıyla məğlub edib, "Qarabağ" və "Qəbələ"ylə qolsuz bərabərliyə qalıb. Göründüyü kimi, Yunis Hüseynovun yetirmələri qol da buraxmayıb və bu göstəricidə də təkdilər. Onu da nəzərə alaq ki, "Keşlə" ən azı qol vuran 2 komandadı. Bir qol vuran digər Premyer Liqa təmsilçisi "Qəbələ"di. 

 

 

Lider deyil, iki göstəricidə liderdi

"Sabah" Premyer Liqada çıxış etdiyi 3-cü mövsümdə ilk dəfə turnir cədvəlinə başçılıq edir. Visente Qomesin komandası "Sumqayıt" və "Neftçi"ylə birgə şərikli lider olsa da, topların daha yaxşı fərqinə görə 1-ci pillədə qərarlaşıb. "Sabah" güclülər dəstəsində debüt mövsümünə də uğurlu başlayaraq 4 oyundan 9 xalla liderlər qrupunda olsa da, ilk yerdə qərarlaşmamışdı.

 

Qomesin ilk mövsümünün olduğunu nəzərə alsaq, komanda ispaniyalı yeni baş məşqçiylə mübarizəyə uğurlu başlayıb. Düzdür, startda "Qarabağ"dan 0:2 hesablı məğubiyyət alınsa da, bundan sonra "Qəbələ" və "Zirə"ylə matçlarda inamlı qələbə qazanılıb - 3:0 və 2:0. Onu da bildirək ki, "Sabah" Premyer Liqada ilk 2 mövsümünü müvafiq olaraq 7-ci və 6-cı pillədə başa vurub. 

 

 

"Səbail" belə aqibətlə üzləşməmişdi

"Səbail"in isə əksinə, 4-cü mövsümdü iştirakçısı olduğu Premyer Liqada ən uğursuz startıdı. Belə ki, "dənizilər" ilk 3 turun hamlsında uduzaraq hesabında xal olmayan yeganə komandadı. "Səbail" ilk mövsümündə 3 turdan sonra hesabında 3 xalı olub. Növııti mövsümdə də belə nəticə qeydə alınıb. Sadəcə, onda ardıcıl 2 məğlubiyyətdən sonra qələbə əldə edilib. Keçən mövsümdə isə "Səbail" ilk 3 turdan sonra 6 xalı olub ki, startda ardıcıl qələbələr qeydə alınıb. Onu da bildirək ki, komanda ilk mövsümdə Samir Əliyevin baş məşqçilyi altında çıxış edib, sonradan isə bu postda Aftandil Hacıyev çalışır. 

 

 

Yenə 8 qol və ilklər müəllifləri

Maraqlı təsadüfə bax, bu çempionatda hər 3 turun 8 qol qeydə alınıb. Sadəcə, bu dəfə legionerlər xeyli fəallaşdı. Özü də onlar ilkə imza atdılar. "Qarabağ"ın yay transferi olan qanalı hücumçu Ovusu Kvabena ölkəmizdə qol hesabını açdı. Ona həmin matçda cavab olaraq bərabərlik qoluna imza atan "Neftçi"nin serbiyalı müdafiəçisi Vojislav Stankoviç 2-ci mövsündü çıxış etdiyi klubda ilk qolunu vurub. 2015-ci ilin əvvəlindən ölkəmizdə legioner həyatı yaşayan 33 yaşlı Stankoviç bunadək "İnter" (hazırkı "Keşlə"də) 1 , "Qəbələ"də isə 3 dəfə fərqlənib.

 

"Sabah"ın Zirədə qollarına imza atan əcnəbi hücumçularla bağlı ilklər də var. Belə ki, Xulio Sezar Rodroges "Sabah" bu ilin əvvəlində keçsə də, qol hesabını yalnız indi açmağa müvəffəq olub. Özü də buna Azərbaycanda ilk klubu olan "Zirə"ylə matçda nail olması diqqət çəkir. Rodriges zirəlilərin heyətində son matçında məhz bu stadionda ölkə Kubokunda əlavə vaxtda qol vuraraq onu yarımfinala çıxararaq ayrılmışdı. Bu, "Səbail"ı 1:0 hesabıyla qalib gəldikləri cavab 1/4 görüşündə olub.

 

Kevin Kubemba da "Sabah"da ilk qoluna imza atıb. Sadəcə, bu fransalı hücumçu daha əvvəl - 2019-cu ilin yayında bu kluba "Səbail"dən keçsə də, ağır zədə üzündən keçən mövsüm yaşıl meydandan kənarda qaldı. Kevin son qoluna "Səbail"in heyətində 2019-cu ilun fevralın 24-də "Neftçi"yə "Bakcell Arena"da 2:1 hesabıyla qalib gəldikləri matçda hesabı açmaqla imza atmışdı. 

 

 

 

football24
24 Oktyabr 2020
23 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB