TOP 10

Arzuolunmaz məkanda arzulanan nəticə yenə olmayanda....

Futbol
Tarix: 2020-09-20 13:00

Yunis Hüseynov arzuolunmaz məkana yenə gəlmişdi. Adama deyə bilərsiniz ki, bu mütəxəssis "Keşlə"ni bir aydı çalışdırır, ən əsası, ilk dəfə onunla Qəbələ səfərinə gəlir, hardan çıxdı bu arzuolunmazlıq? Gəlin, tələsik nəticə çıxarmayın. Axı, məsələ ondadır ki, Hüseynov bunadək də müxtəlif klublarımızın baş məşqçisi kimi "Qəbələ"yə rəqib olub. Onlardan "Xəzər Lənkəran"la Qəbələ səfəri çox uğursuz olmuşdu. Belə ki, Hüseynov 16 illik məşqçilik karyerasında ən ağır məğlubiyyəti "Qəbələ"dən onun meydanında 0:6 hesabıyla alıb. Bundan sonra isə "Kəpəz"lə Qəbələ səfərində də bu nəticə olmasa belə, yenə böyük hesabla uduzub - 0:3.

 

Bəli, indi çox şey dəyişib. İndi Azərbaycanda nə Hüseynovu ağır məğlubiyyətlərlə üzən ukraynalı həmkarı Roman Qriqorçuk var, nə də "Qəbələ"nin həminki güclü legionerlərə malik güclü heyəti. Əslində, Qəbələdəki matçda Hüseynovun hazırkı komandası favorit idi və qələbəyə də çox yaxın idi. Ancaq 25 dəqiqə say üstünlüyündən də istifadə edə bilmədi. Bəli, Hüseynovun budəfəki komandası "Qəbələ"dən qol buraxmadı, ancaq yenə onun qapısına yol da tapa bilmədi.

 

Ümumiyyətlə, "Keşlə"də hazırda qol vurmaq problemi var. Təsadüfi deyil ki, Avropa Liqasını da nəzərə alsaq, 4 oyuna cəmi 1 dəfə buna nail olub, ona da son saniyələrdə sol cinah müdafiəçisi Azər Salahlıyla. Halbuki, bunun 2-də rəqibin qırmızı vərəqəsinə görə (birinci Albaniya "Laçi"siylə) ikinci hissənin ortasında say üstünlüyünə malik olsa da, rəqib qapısına yol tapa bilməyib.

 

Əslində, "Keşlə"də qolçuluq bacarığı olan futbolçular yetərincədi. Ancaq onlara hələ ki sərrastlıq çatmır. Sırf mərkəz hücumçusu mövqeyinə baxsaq, Hüseynova yararsız Aleksandr Kristovaonu göndəriləndən sonra biri lazımdı və özünün dediyi kimi, danışıqlar gedən həmin yeni legioner bir həftə düşərgəyə gəlməlidi. Düzdür, komandada gənc hücumçu Xəzər Mahmudov də var. Ancaq ona güvənilmədiyi dünənki oyun göstərdi. Hüseynov cəmi 1 əvəzləmə etdi ki, meydana buraxa biləcəyi yeganə ön xətt oyunçu məhz Xəzər idi. Ancaq 20 yaşlı Mahmudov belə gedişlə hələ uzun müddət günlərini daha ehtiyat oyunçular skamyasında keçirəcək. Hazırda "Keşlə"nin yeganə mərkəz hücumçusu olan Silvio Rodriges fərdi oyun keyfiyytləriylə seçilir. "topa yapışıq" hücumçudu, rəqiblərini aldadaraq fərqlənməyə çalışır. Ancaq hərdən buna çox aludə olur, topu meydanın dərinliyindən götürərək irəliləyir ki, bu da istənilən effekti  vermir.

 

"Keşlə"də hazırda ən yaxşı formada olan futbolçunun Vüsal İsgəndərlinin olduğunu desək, yanılmarıq. Bu futbolçuda həmişə istək, meydanda bütün gücünü qoymaq olur. Elə Qəbələdəki matçdakı ilk təhlükəli epizodlar ondan gəldi. Birincidə zərbəsini tutmaq "Qəbələ"nin kapitanı da olan qapıçısı Anar Nəzirov üçün çətinlik yaratmadısa, bundan sonra İsgəndərli ona xas olan reydini etsə də, üzbəüz qaldığı rəqib qolkiperlə dueldən məğlub ayrıldı. "Qəbələ"yə qarşı oyunu tam yaxşı alınmayan İsgəndərli oyunda oksigen çatışmazlığından əziyyət çəkdiyini fasilədə bildirib ki, Qəbələyə gələn rəqib futbolçularda dəniz səviyyəsindən yüksəkliyə görə belə problem yaşamaları olub. 

 

"Keşlə"də qol ümidlərindən biri də Rəhman Hacıyevdi, o da matçı 90 dəqiqə keçirdi. Sadəcə, Rəhman üçün doğma mövqe yarımmüdafiənin mərkəzidi, oyun qurucusudu. Yeni komandasında meydanın mərkəzində futbolçu sıxlığı çox olduğundan, Hacıyev cinaha atılır. Burda isə oyunu istənilən səviyyədə alımır. Hər halda, Rəhman da matçın fəallarından olaraq qol imkanları oldu ki, onun zərbələrini Anar dəf edə bildi. Bu yerdə bildirək ki, "Keşlə"nin digər vingerlərindən braziliyalı Artur Batista zədə almış, özbək Şahrux Qadoyev isə hələ tam sağalmadığından, o da Qəbələyə gətirilməmişdi. 

 

Qapıçılardan söz düşmüşkən, hər ikisi görüşün ən yaxşılarından oldu. Yaxşı deyiblər ki, yaxşı qapıçı komandanın yarısıdı. Bu baxımdan "Keşlə"nin bəxti aşkar gətirib. Yeni mövsümdə hələ ki qol buraxmayan 34 yaşlı Stanislav Namaşko "nə qədər qoca olsam da, min cavana dəyərəm" məsəlini özündə sübut etdirir. Moldovalı qolkiperin xüsusilə ilk hissədə künc zərbəsindən sonra rəqibin başla güclü zərbəsinə inanılmaz reaksiya göstərməsi yaddaqalan oldu. Onun azərbaycanlı həmkarı isə "Sabah"la uğursuz matçından sonra bu dəfə ümumilikdə etibarlı oldu. Nəzirov ikinci hissədə bir neçə dəfə zərbələri qaytardı ki, həmin vaxt "Keşlə"də təkrar həmləylə topu tora göndərən futbolçu olmadı. 

 

Maraqlıdı ki, hər iki komandada braziliyalı yeni futbolçular debüt etdi. "Qəbələ"də Aleamo kimi tanınan, sənəddə isə Rafael Utriq kimi göstərilən futbolçu 90 dəqiqə keçirdisə, həmyerlisi Alvaro Tavares fasilədən dərhal sonra ön xətti gücləndirmək məqsədilə meydana buraxıldı. Aydın məsələdi ki, hər ikisi hələ tam deyil, yeni klublarına uyğunlaşmalrına zaman lazımdı. Ancaq indidən belə proqnoq vermək olar ki, "sambaçı"lar uğurlu transfer olacaqlar. Alvaro bir oyun qurucusu olaraq texnikalıdı, topla yaxşı davranır. Onun debütdəcə fərqlənmək imkanı da oldu ki, Nəzirov topu tirin altından çıxardı. Alemao isə hücumun bütün yerlərində oynaya bilər və bu oyunda hər iki cinahda çıxış etdi. "Qəbələ"nin ən real qol imkanları da onda oldu. İlk hissədə zərbəsindən sonra Namaşkonun gözəl qurtarışını az əvvəl qeyd etdiksə, başla ikinci həmləsindən sonra isə Stanislav da komandasına kömək edə bilmədi. Di gəl ki, qapı dirəyi qonaqları qoldan xilas oldu. Həmin hücumda ona ötürmə verən hücumçu Nikolas Raysel isə elə həmin hücumun sonunda hərəkətiylə bütün Qəbələni şoka saldı. Passivində "sarı olan legioner bunu bilə-bilə hakim qərarıma etiraz olaraq topu kənara vurdu. Bu isə peşəkar futbolçu üçün yolverilməzdi və baş hakim Rəşad Əhmədov tərəfindən ona haqlı olaraq 2-ci xəbərdarlıq verildi. Təbii ki, bu, "qırmızı"ya çervilərək Nikolasın meydandan qovulmasıyla nəticələndi.

 

Artıq bundan sonra "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev taktiki dəyişikliyə al ataraq daha bir mərkəz müdafiəçisini - ucaboylu Murad Musayevi meydana buraxaq "5-li" müdafiəyə keçdi. Bundan sonra meydan sahibləri bütün komandayla müdafiəyə "oturdu", 1 xalı qorumağa məcbur və sonda buna nail oldu. "Keşlə"nin hücumları daha çox monoton oldu və müsbət bəhrə verməyərək yekunda tablodakı "0-lar" dəyişmədi.

 

Bəli, səfərdən 1 xalla dönmək də əslində, pis nəticə sayılmamalıdı. Sadəcə, rəqib hələ ki qələbə üzünə həsrət "Qəbələ" idi. Ən vacibi, qonaqlar sayla bağlı üstünlükdən istifadə edə bilmədilər ki, buna əsasən bərabərlik heç də arzuolunan nəticə sayılmamalıdı. Ümimilikdə meydan sahiblərinin də real qol imkanlarını nəzərə alsaq. hesab oyuna görə, ədalətli oldu. 

 

P.S: Maraqlıdı ki, bu komandalar ötən çempionatda da məhz III turda Qəbələdə görüşmüşdülər və onda duel Tərlan Əhmədovlu "Keşlə"nin gözlənilməz 4:0 hesablı qələbəsiyə yekunlaşmışdı. "Qəbələ"nin həmin vaxt baş məşqçisi olan, xal üzünə həsrət Sənan Qurbanov istefa vermiş və bu da rəhbərlik tərəfindən qəbul olunmuşdu. İndisə Baxşıyevlə Hüseynovun məşqçilik karyeralarında ilk dəfə dueli oldu ki, bu da "sülh"lə bitdi. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB