TOP 10

UEFA lisenziyalaşdırma ilə bağlı klublarımız qarşısında yeni tələblər qoyacaq

Futbol
Tarix: 2020-09-18 18:09

"Ötən mövsümün lisenziyalaşdırma prosesi yekunlaşıb. Əlbəttə, mart ayından başlayaraq pandemiya vəziyyəti lisenziyalaşdırma prosesindən də yan keçmədi və müəyyən dəyişikliklər baş verdi. Bu dəyişikliklər əsasən sənədlərin son təqdimetmə tarixləri ilə bağlı idi". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın baş katibinin müavini, Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev bildirib.

 

Onun sözlərinə görə, prosedur müddətində ciddi problemlə üzləşməyiblər: "Sadəcə, müəyyən nüanslar var idi və bu da klublarla müzakirə olunaraq öz həllini tapırdı. Premyer Liqa klublarının 8-nə də UEFA lisenziyası verildi. Birinci Divizon klublarından isə heç biri yüksək liqaya lisenziya əldə edə bilmədi".

 

Hacıyev hazırda ötən mövsümlə bağlı audit yoxlamasına hazırlaşdıqlarını bəyan edib: "Sentyabrın sonunda SGS şirkəti tərəfindən Qrupun fəaliyyəti audit yoxlamasından keçəcək və Lisenziyalaşdırma Qrupunun ötənmövsümki işinə qiymət veriləcək. Onu da qeyd etmək istərdim ki, plana uyğun olaraq, hər il olduğu kimi, oktyabr ayında növbəti – 2021/2022-ci il mövsümü üçün Premyer Liqa və Birinci Divizion klublarının iştirakı ilə lisenziyalaşdırma mövsümünün açılış iclasının keçirilməsi nəzərdə tutulub. Həmin iclasda növbəti mövsümün lisenziyalaşdırma proseduru ilə bağlı klublara ətraflı məlumat veriləcək".

 

AFFA rəsmisi növbəti mövsüm üçün əsas dəyişikliklərdən biriinə toxunub: "Bu haqda onu deyə bilərəm ki, ötən mövsüm kadr-inzibati meyarda danışılmış oyunlara qarşı mübarizədə bir nəfər nümayəndənin təyin olunması tələbi var idi və bu tələb ötən mövsüm üçün “B” dərəcəli meyarı kimi müəyyən edilmişdi. Artıq bu mövsümdən etibarən UEFA və Premyer Liqa qaydaları üçün bu meyar “A” olaraq müəyyən ediləcək və hər bir klub mütləq şəkildə bu sahəyə aid, “Danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs”i təyin etməli olacaq. Kadr-inzibati meyarın tələbinə əsasən, klubda hər hansısa vəzifə dəyişikliyi baş verirsə, klub 7 gün ərzində Lisenziyalaşdırma Qrupuna bu barədə məlumat verməlidir. Təəsüf ki, bəzi klublar bu qaydanın tələblərinə riayət etmir və məlumatı vaxtında təqdim etmirlər. Klublara bir daha tövsiyə edirik ki, onlar bu tələbə riayət etsinlər və məlumatları müəyyən edilmiş müddət ərzində bizə təqdim etsinlər".

 

Qrup rəhbəri növbəti mövsümdə “UEFA-nın klub yarışlarında iştirak etmək üçun Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalar”da qadın futboluna aid bir qeydin əlavə ediləcəyini də diqqətimizə çatdırıb: "Bu qeydə əsasən, 2022/2023-cü il mövsümündən başlayaraq hər bir klubda qızlardan ibarət komadanın olması artıq “A” meyarı olaraq müəyyən edilir. Bu o deməkdir ki, artıq mütləq şəkildə hər bir klubda 2022/2023-cü il mövsümündə qızlardan ibarət ən azı bir komanda olmalıdır. Bunun da səbəbi var. Çünki artıq 2025/2026-cı il mövsümündən etibarən UEFA-nın tələbi olacaq ki, UEFA lisezniyası əldə etmək istəyən klubların mütləq şəkildə qızlardan ibarət komandası olsun. Biz bu tələbi vəsaitimizə o məqsədlə daxil etmişik ki, artıq bu mövsümdən bu meyarın yerinə yetirməsinə klublar hazırlıqlı olsunlar. Məlum olduğu kimi, UEFA hər il qadın futboluna xususi diqqət ayırır və biz də AFFA olaraq hər zaman qadın futbolunun inkişafını diqqətdə saxlayaraq öz dəstəyimizi verməyə hazırıq".

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB