TOP 10

Sponsorun simicliyi - “Qarabağ”ın məğlubiyyəti

Futbol
Tarix: 2020-09-17 13:35

Uduzduq. Penaltilər seriyasında uduzduq. Fərqi var ki, zəlzələdən, ya vəlvələdən? Məğlub olduq, vəssəlam!

 

UEFA görüş yerini dəyişib neytral meydana salmışdı. Hayme Romero zədə səbəbindən oynamırdı. Qalib iki oyunun nəticəsinə əsasən müəyyən edilməli olsaydı, “Qarabağ” raundu adlayacaqdı. Bağışlayın, yekun nəticələr şərtlərə əsasən müəyyən edilmir.

 

Dünənki matçda Azərbaycan çempionunun nələri var idi? Torba-torba qol epizodları, nəhəng ərazi üstünlüyü, Çempionlar Liqasında zəngin təcrübəsi.


Azərbaycan çempionu nə aldı? Oyunsonrası penalti seriyasında məğlubiyyət. İndi demək olar ki, hamı Mahir Emreliyə hücum çəkib; yaxşı mərkəz hücumçusu hətta ötürmələrlə təchiz olunmayanda qol vurmalıdır, ortababı - komanda yoldaşlarının yaratdıqlarının 30-50 faizini. Ancaq lənət şeytana, Ovusu Kvabema gözləntiləri vermirsə, bir mərkəz hücumçusunun ümidinə qalmaq olarmı? Alınmadı Mahirin oyunu, özünü itirdi, kefi yerində deyil, bəxt üz döndərdi. Nə edək, kitabı bağlayaq?..

 

Neçə illərdi “Qarabağ”ın rəhbərliyi yalnız UEFA-dan gələn gəlirlərə göz dikir. “Qarabağ”ın heyətində sonuncu dəfə yüksək keyfiyyətli hücumçu nə vaxt çıxış edib? “Azersun Holding” çırmalanmalıdı, kənardan müşahidəçi obrazında çıxış etməməlidi! Ötən gecə ağdamlılar mərhələni adlasaydılar, klub hətta 2 milyonluq forvardın pulunu çıxarmış olacaqdı. Ancaq yalnız Qurban Qurbanovun “sehrli çubuğu”na bel bağlamaq, yumşaq desək qeyri-peşəkarlıqdı.


Sabah Avroliqa qrupuna da düşməsə, klub nə günə qalacaq? Alınan bir əlavə forvard baş məşqçiyə oyun sxeminə də fərqli gedişlər etməyə yardımçı olardı. Alınmır 4-5-1, keçirsən 4-4-2-yə. Klubun sponsorunun qənaətçilliyi, daha doğrusu simicliyi, Azərbaycana Çempionlar Liqasının pley-offu bahasına başa gəldi.

 

Gecə arxada qalsa da, yaşananlar hələ də həzm olunmayıb. Şahruddin Məhəmmədəliyev oyunun gedişatında komandamızı xilas etsə də, matçsonrası 6 penaltidən heç birini dəf etmədi, Abdullah Zubir çiçək kimi qol imkanını boşa verdi, Donald Gerye qapımıza penaltı gətirdi - bütün bunlar komandamızın passivinə yazıldı. Biz heç Mahir Emrelini də gunahlandırmırıq - əlbəttə, o da fərqlənib, komandasına maksimum fayda gətirmək istəyirdi. Sadəcə, 23 yaşlı forvardın ustalıq səviyyəsi Çempionlar Liqasının 3-cü mərhələsini adlamaq tələblərinə uyğun deyil. Bəli, Emreli ağrıkəsici iynə altında oynayırdı, lakin bu, eyni səviyyədə çıxış etməyə mane olmur. Bir daha təkrar edirik, Azərbaycan çempionunun sıralarında daha elitar forvardın olmamasında Mahirin günahı yoxdu...


İndi bütün ümidlər Avropa Liqasınadı və bu şansdan nəyin bahasına olursa-olsun yararlanmaq lazımdı. Və ən qorxulusu o deyil ki, Azərbaycan avrokuboklarda qrup mərhələsindən kənar qala bilər. Maliyyə durumu bizi “pirojki dövrü”nə qaytara bilər - bax, budu əsl təhlükə! Qrup mərhələsinə düşməklə düşməmək arasındakı pul fərqini “Azersun” kompensasiya edəcəkmi? Proqnoz vermək çətindir. Salamatı qrupa düşüb taleyi sınamamaqdı.

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB