TOP 10

Sabiq kapitanı "Qarabağ"ın "Mölde"ni keçəcəyinə əmindi: "1 il əvvəl "AEK Arena"da özüm oynamışam, sizə deyim ki..."

Futbol
Tarix: 2020-09-16 10:01

"Qarabağ" indiyədək avrokuboklarda skandinavlılarla az görüşməyib ki, Qurban Qurbanovun baş məşqçiliyi dövründə bir qayda olaraq mərhələni keçən tərəf olub. Hətta Çempionlar Liqasının qrupuna düşdüyü tarixi 2017/18 mövsümündə zamanı pley-offda məhz Skandinaviya təmsilçisini - Danimarkanın "Kopenhagen" klubunu üstələyib. Qurbanovlu "Qarabağ"ın Avropada zəfər yürüşü isə 11 il əvvəl məhz Norveç komandasıyla uğurlu duellə başlayıb ki, onun iştirakçılarından biri olan sabiq kapitanı Aslan Kərimov suallarımızı cavablandırıb. 47 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsinə 11 il əvvəl səyahət edərək paralellər aparmaqla başlayıb.

 

- Paralellər aparası olsaq, o dövrün futboluyla bu dövrün futbolunu müqayisə etmək bir az çətindi. Çünki bu idman növü müasir dövrdə bir az da inkişaf edib. Amma bizim oynadığımız vaxtdakı "Rusenborq" gücünə görə "Qarabağ"dan nəzərə çarpacaq səviyyədə üstün idi. Çünki böyük təcrübəyə malik, Çempionlar Liqasının qrupunda dəfərlə oynamış idi. Heyətlərində adını indi xatılamadığım bir qaradərili futbolçu vardı, getdi İspaniya çempionatında çıxış elədi. Bir sözlə, əməlli-başlı keyfiyyətli oyunçulara malik idilər. Hazırkı Norveç çempionu "Mölde"ni müqayisə edəsi olsaq, hesab edirəm ki, "Qarabağ" indi daha üstün səviyyədədi,. Rəqibindən keyfiyyət, bəlkə də maliyyə baxımından da hərtərəfli üstündü.

 

- O vaxt "Rusenborq" favorit idi, indisə "Qarabağ". Bəlkə də norveçlilər rəqibinə saymazyana münasibətin acısını çəkdi. İndisə biz favoritik. Bumeranq bu dəfə bizə dəyməzmi?

- Razıyam ki, bu dəfə "Qarabağ" cütün favoritidi. O vaxt "Rusenborq"un uğursuzluğuna saymamazlıq deməzdim. Norveçdəki oyunda bizi əməlli-başlı sıxmışdılar qapımızın ağzına, səhv eləmirəmsə, 3 dəfə dirəkdən dönən topları var idi. Dolayısıyla saymamazlıq deyildi, sadəcə, top qapıya girmədi. Bakıda isə azarkeşlərimizin köməyilə, böyük dəstəyilə bir az da əzmkarlıq futbol nümayiş etdirərək qalib gəldik. Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu gözəl qolla mərhələni keçə bildik. Düşünürəm ki, budəfəki dueldə saymamazlıq olmayacaq. Çünki "Qarabağ"ın texniki heyəti bu cür şeylərdə hər zaman çox diqqətli olurlar. Hətta Lüksemburqun, Şimali Makedoniyanın çempionuna qarşı oynayanda da onların edəcəyi əsas bu idi ki, rəqib həddindən artıq çox çətin, güclü komandadı. Dolayısı yola buna gətirib çıxarırdılar ki, ən zəif komandanı belə oyunçuların gözündə yüksəldə bilirdilər. Bu, həm də futbol ictimaiyyətinə şamil olunurdu. Bu baxımdan həmin amilin üzərində çox işləyirlər. Üstəlik, bu, ilk mərhələ deyil ki, nəsə rahatlaşasan. Pley-offun həndəvərində olduqlarına görə saymamazlıq olmasına inanmıram.

 

- Bakıdakı matçda güclü azarkeş dəstəyindən aldığınız eneirjinin işinizə çox yaradığını vurğuladınız. İndisə "Qarabağ" nominal meydan sahibidi. Çünki UEFA matçı Kiprin Larnaka şəhərinə salıb. Qərib ölkədə boş tribunalar önündə oynamaq, hava şəraiti, duelin 1 matçdan ibarət olması - bu kimi amilər nəticəyə nə dərəcədə təsir göstərə bilər?

- Bir daha deyirəm ki, "Qarabağ" indiki durumda "Mölde"dən daha üstün səviyyədədi. Bu, ilk növvədə heyətdəki oyunçuların ustalıq səviyyəsinə görədi. Birmənalı şəkildə belədi. İki oyun olsaydı, yüzdəyüz əmin idim ki, "Qarabağ" bu mərhələni keçəcək. Ancaq futbolda bəzən təsadüflər də olur ki, bu, birinci matçda olsaydı, ikinci oyunda təmsilçimiz nəticə qazanmağın öhdəsindən yüz faiz gələcəkdi. Amma neytral meydanda pandemiya şəraitini nəzərə alası olsaq, onu deməliyəm ki, əslində, hər iki komanda üçün heç bir azarkeş dəstəyi olmayacaq. Bu da ona gətirib çıxarır ki, komandalar yalnız öz gücünə etibar eləməli olacaqlar. Belə olduğu halda, düşünürəm ki, "Qarabağ" yenə bir addım öndə olmuş olacaq. Bəli, matç Bakıda keçiriləsi olsaydı, "Qarabağ" bəlkə də bir 10 faiz üstünlük əldə eləmiş olacaqdı. Çünki istər-istəməz evdə oynadığından daha rahat hazırlaşırsan. Biri də var ki, başqa bir ölkəyə uçursan, yol yorğunluğu və s. amillər oyuna cüzi də olsa təsirini göstərə bilər.

 

- Bəs, UEFA-nın neytral meydanla bağlı qərarını necə qarşıladınız?

- UEFA-nın son dövrdə sırf pandemiyayla bağlı verdiyi qərarlardan biridi ki, bu zaman ölkələrin daxili qanunvericiliklərinin hamısını nəzərə alırlar. Əslində, bu, başadüşüləndi. Sözün düzü, inanmırdım ki, oyun başqa bir yerdə keçirilsin. Amma son qərarlara görə komanda hansısa bir ölkədən gələndən sonra 10 gün karantin müddəti keçməlidirsə, burda başqa edə biləcək bir şey yoxdu. UEFA bu cür maneələri mümkün qədər önləmək istəyir. O üzdən bu cür qərar verildi.

 

- Özü də gec verildi ki, bu, bizə əlavə çətinlik yaratdı...

- Gec verildi deyəndə ki, UEFA ilk olaraq bu məsələni ilk klubun öhdəçiliyinə buraxır. Ki, öz aralarında danışıb razılaşsınlar, mümkün qədər hər iki tərəfin razılığı olsun. Ancaq danışıqlar bir nəticə verməyəndən sonra məcbur oldu artıq UEFA özü qərar versin.

 

- Sizcə, bunun bizə psixoloji cəhətdən mənfi təsiri ola bilər, yoxsa, əksinə bizdə qıcıq doğuraraq motivasiyanı xeyli artıra bilər ki, etdiklərinə görə norveçlilərin payını meydanda verək?

- Əslində, bizim üçün mənfi tərəfi olmayacaq. Mənfi tərəf yalnız uçuş məsələsidi ki, burdan Larnakaya getmək lazım gəldi. Amma bu yol yorğunluqu hər iki komanda üçün olacaq da..."Qarabağ" bu dəqiqə elə bir səviyyədədir ki, "Mölde"ni istənilən halda keçə biləcək gücdədi. Oyun Norveçə düşəsi olsaydı, bəlkə də bizim üçün bir az təhlükə yarana bilərdi. Amma neytral meydandakı hava şəraiti fikrimcə., bizimkinə daha uyğun gəlir, nəinki skandinavlılara. Ona görə "Qarabağ"a bir problem yaşanası deyil. Əslində, əminəm ki, bu mərhələni də keçəcək.

 

- Aydın məslədir ki, keyfiyyət kəmiyyətdən həmişə üstündü. Ancaq bir fakta nəzər salaq - "Mölde"də 8 hücumçu var, "Qarabağ"da isə yalnız Mahir Emrelidi. O da son turda zədələndiyindən, oynaması sualı altındadı..

- Düşünürəm ki. futbolda kəmiyyət artıq rol oynamır, rol oynayan yalnız keyfiyyətdi. Belə baxası olsaq, "Barselona"da bəzi hallarda ümumiyyətlə,hücumçu yox idi - "yalançı 9-la" oynayırdı. Amma mənə elə gəlir ki, "Qarabağ"ın əsas gücü hücumçusunda yox, yarımmüdafiə xətitnin oyunçularındadı. Bu mövqedənin də üzvləri tam olaraq heyətdədi, normal vəziyyətdədilər. Ona görə də çətinlik yaranmayacaq. Bəli, ola bilər ki, Mahir olmayacaq. onun yerinə başqa kimisə oynadacaqlar.

 

- "Qarabağ"da hazırda ehtiyat oyunçular skamyası qısadı, üstəlik, sağ cinah vingeri Xayme Romero də son turda zədə üzündən oynamadı. Qarşıdakı matçda bir hissə də meydana olmağa hazır deyil...

- Düşünürəm ki, həmin oyuna hazır olacaq Xayme də. Əslində, "Qarabağ"ın yeni transferləri də göstərdilər ki, yaxşı, keyfyyətli futbolçulardı. Məncə, çox da çətinlik çəkəsi deyillər həmin oyunda. 

 

- Qarabağ"da millimizin də üzvləri olan iki eyni səviyyəli qapıçı var. Emil Balayevin üstünlüyü ondadır ki, indi yaxşı formadadı, boyu da Şahrudindən hündürdü. Bu isə ucaboylu skandinavlılarla matçda çox vacib amildi. Ancaq digər tərəfdən, Şahrudin "quru seriya"sı ilə diqqət çəkir, ona "Qarabağ"da böyük güvən var. İstənilən halda, Emilin meydana buraxılacağı fikrinə söykənirəm. Bəs, siz hansı seçimi daha real sayırsınız?

- Bunu mənə demək çox çətindi. Çünki istənilən halda, heyətlə bağlı seçim edərkən keçirilən məşqlər və burda futbolçuların performansı böyük önəm kəsb edir. Bir də özünəgüvən məsələsidir ki, hansı qapıçı özünü daha inamlı hiss edir. Əslində, hər ikisi bu baxımdan özlərini sübut etdilər - Məhəmmədəliyev klubda, Balayev isə milidə. Buna görə istənilən qapıçını əsas heyətə qoysaq, bunun müsbət və mənfi tərəfləri olacaq. Bəli, Emil milidə yaxşı oyun nümayiş etdirib. Ancaq Şahrudin də bu baxımdan klubda fərqlənib, belə götürəndə, səhvi olmayıb. 

 

- Elə "Qarabağ"da da baş məşqçiniz olmuş Ağasəlim Mircavadovun belə bir fikir var ki, qapıçını seçəndə, müdafiəçilərin də bir-bir fikrini öyrənmək lazımdı ki, hansı "çərçivə"də olanda, özlərini daha rahat hiss edirlər...

- Mənə elə gəlir ki, belə hallarda baş məşqçi bəzən oyunçuların da fikrini öyrənir. Ancaq burdan durub deyə bilmərəm ki, oyunçular qapıda Şahrudin olanda, daha güvənli olurlar, yoxsa Emil. Bunu yalnız özləri deyə bilərlər. Baş məşqçi da "çərçivə"yə kimi qoyanda, ilk növbədə qapıçılarla işləyən məşqçiylə, bəzən də oyunçularla məsləhətləşir. 

 

- Necə hesab edirsiniz, matç oyunsonrası penaltilər seriyasına kimi uzana bilərmi? Qurbanov heç vaxt qarşılaşmadan əvvəl bunun üzərində hazırlaşmağı xoşlamadığını gizlətmir, ancaq məsələ buna gəlib çıxsa, kimin penaltinin daha yaxşı yerinə yetirdiyini də yaxşı bilir...

- Şəxsi fikrim belədir ki, inanmıram oyun penaltilər seriyasına getsin. Hər məşqçinin oyuna hazırlaşmaq istiqaməti var. Kiminsə üçün penaltilərə əvvəldən hazırlaşmaq vacib deyil, kimsə isə bunun üzərində xüsusi hazırlaşır. Oyunöncəsi açıqlamasalar da, buna gedib çıxsa, kimim vuracağı siyahısı əvvəldən hazır olur. Amma mümkündü ki, oyunöncəsi bunun üzərində işləməsinlər. 

 

- Millimizin heyətində çıxış etdiyiniz zamanı Kiprin Larnaka şəhərinə yolunuz düşüb. Necə yadınızda həmin məkan, oyunun keçiriləcəyi "AEK Arena"?

- Larnaka kurort, turizm şəhəridi. Hava şəraiti ən yaxşı vəziyyətdədi. Yayın qızğın vaxt, misal üçün iyul ayı olsaydı, çox isti ola bilərdi. Amma indi hava münasib olacaq. Xoş insanları var. Düzdür, "Qarabağ" vaxtilə APOEL-ə qarşı Kiprdə oynayanda, ermənilərin təxribatı kimi xoşagələn hal yaşanmışdl. Düşünürəm ki, hazırkı vəziyyətdə həm Kipr hökuməti əvvəldən bilir hər şeyi, həm də UEFA. Onsuz da azarkeşlər indi olmur, meydançaya kimisə buraxası da deyillər. Əslində, Kiprdə son dəfə keçən ilin noyabr -dekabrında olmuşam. Orda UEFA-nın konfransı keçirilmişdi. Bütün texniki direktorlar və maarifləndirmənin rəhbərləri orda idilər. Hamımız Larnakaya yığışmışdıq. Sizə deyim ki, hətta həmin stadiona çıxıb oynamışam da. Konfransın sonunda biz "qoca"lar, veteranlar yoldaşlıq görüşü keçirdik. Meydança çox əla vəziyətdədi. Bir il sonra necə olar, bilmirəm (gülür). Amma inanmıram ki, pis vəziyyətə düşsün. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB