TOP 10

8-də 8, yalnız Volkov və düşərli stadion

Futbol
Tarix: 2020-09-15 18:00

İlk turda 8, sonrakında da 8. Bu bərabər mütənasiblik Premyer Liqamızda yeni mövsümdə qol sayında müşahidə olunub. Göründüyü kimi, bu çempionatda məhsuldarlıq heç də aşağı deyil. Yəni, hər oyuna 2 qol düşür. Yeni mövsümdə ilk qolsuz matç da oldu, ilk darmadağın da. 

 

İlk baxışdan nə qədər qəribə görünsə də, "quru oyun" son 7 ilin dəyişməz çempionu, hazırda da 1-ci pillədə qərarlaşan "Qarabağ"ın matçında oldu. Bununla da Qurban Qurbanovun komandası yeni mövsümdə Çempionlar Liqasını da nəzərə alsaq, ilk dəfə meydanı qolsuz tərk etdi, ilk dəfə qələbə qazana bilmədi. Halbuki, Ağdam təmsilçisi "Keşlə"ylə son 7 dueldə meydanı qolsuz və xalsız tərk etməmişdi. Bəli, ikinci seriya davam etsə də, birinci qırıldı. Bununla belə, "Qarabağ" bu il çempionatda hələ də top buraxmayıb ki, həmin 8 görüşün 7-də qapıda Şahridin Məhəmmədəliyev dayanıb. 

 

Çempionatda qırmızı vərəqələrdə isə artım müşahidə olunur. Belə ki, ilk turda yalnız Hacıağa Hacılı ("Zirə") meydandan çıxarılmışdısa, bu dəfə iki nəfər - Slavik Alxasov ("Sabah") və Anton Krivotsyuk ("Neftçi") belə aqibətlə üzləşdi. Maraqlıdı ki, millimizin də üzvü olan Krivotsyuk məhz "Sumqayıt"la çempionatın əvvəlində "Bakcell Arena"dakı matçlarda meydandan qovulur. Keçən dəfə 2-ci "sarı"sı idmançıya yaraşmayan hərəkətə görə idisə, bu dəfə Anton kobud oyunların acısını çəkdi. Slavik nə qədər sərt oynayan futbolçu kimi tanınsa da, nadir hallarda qırmızı vərəqə alır. Təsəvvür edin ki, Alxasov kapitan olduğu "Keşlə"də çıxış etdiyi 5 ildə bir dəfə belə ağır cəzaya məruz qalmayıb. 

 

İlk turda penalti qeydə alınmamışdısa, bu dəfə 3-ü birdən oldu. Özü də hamısı bir matçda ki, belə şey Premyer Liqamızda çoxdandı baş verməmişdi. 11 metrlik nöqtəni göstərən baş hakim Vüqar Həsənli oldu. O, 2 dəfə "Zirə"nin, 1 dəfə "Səbail"in qapısına penalti təyin etdi. Dəqiq yerinə yetirilməyən ilk 11 metlik cərimə zərbəsi də oldu. Belə ki, "Səbail"in təcrübəli hücumçusu Rauf Əliyev "Zirə"nin braziliyalı yeni qapıçısı Matesu Albinoyla dueldən məğlub ayrıldı. Ancaq həmin qayda pozuntusuna səbəbkar olan bu legionerə ölkəmizdə debüt oyununda qapısına toxunulmaz saxlamaq nəsib olmadı. Çünki digər "Səbail"li Ürfan Abbasov 2-ci penaltini dəqiq yetirdi. Bununla da müdafiəçi hücumçu komanda yoldaşına penaltidən necə fərqlənmək lazım olduğunu göstərdi. Topu Ürfanın götürməsi də təsadüfi deyildi. Axı, qapılarına penaltini məhz o, rəqibi yıxmaqla gətirmişdi. Abbasov təcrübəli futbolçu olsa da, çox az fərqlənir. Təsəvvür edin ki, "Qəbələ"də çıxış etdiyi 8 ildə cəmi 3 qol vurub, ikinci mövsümdü şərəfini qoruduğu "Səbail"də isə qol hesabını yalnız indi açır. 

 

Bu çempionatda qol vuran futbolçuların siyahısına legionerlərin aşkar passivliyi diqqət çəkir. Təsadüfi deyil ki, qolların böyük hissəsinə azərbaycanlı oyunçular imza atıblar, fərqlənən iranlı futbolçular - müdafiəçi Peyman Keşavarzla hücumçu Əli Qurbani isə Azərbaycan əsillilərdi. Yeri gəlmişkən, "Sumqayıt"ın iranlı hücumçularının qol hesablarını dublla açması ardıcıl 2-ci mövsümdü müşahidə olunur. Ötən çempionatda Mehdi Şərifi debüt matçında buna nail olmuşdusa, Qurbani da çox keçmədən bunu təkrarladı və o da komandasına 2:0 hesablı səfər qələbəsi qazandırdı. 

 

Hələ ki qol vuran yeganə legioner bu turda fərqlənən gürcü futbolçu Davit Volkov oldu. Davitlə maraqlı məqam var ki, bu da "ASKO Arena"ın ona düşərli olmasıdı. Belə ki, Volkov "Səbail"in stadionunda Azərbaycandakı ilyarımlıq karyerasında artıq 4-cü qolunu vurur. Davit qış fasiləsində keçdiyi "Zirə"də ilk qolunu da "ASCO Arena"da vurdu, indi də burda "Səbail"i məyus etdi. Volkov "Keşlə"nin də keçən mövsümün ilk yarısında bu stadionda rəqiblərini qəbul etdiyi qapısına yol tapıb. Bununla da 25 yaşlı sağ cinah vingeri əvvəlki klubu "Qəbələ"ylə ölkəmizdə qol hesabını açmışdı. 

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB