TOP 10

Camalov qrupda 1-ci yerə oynamağımızı real sayır: "De Byazi bizə dedi ki, bütün matçları udacaq gücümüz var, siz hamıdan güclüsüz"

Futbol
Tarix: 2020-09-09 17:09

Millimizin yeni baş məşqçiisi Canni de Byazi UEFA Millətlər Liqasında uğursuz startdan sonra əsas heyətdə bəzi dəyişikliklər etdi. Ancaq hər iki matçda ilk dəqiqələrdən meydana çıxanlardan biri Elvin Camalov olaraq qaldı. Halbuki, "Zirə"nin 25 yaşlı dayaq yarımmüdafiəçisi yalnız ötən seçmə mərhələnin sonunda millidə debüt etmişdi. Camalov Sport24.az-a müsahibəsinə Lüksemburq və Kipr yığmalarıyla görüşlərlə bağlı ümumi fikirlərini bildirməklə başlayıb. 

 

- Düzdür, Lüksemburqa uduzduq və hamı məğlubiyyəti ilk növbədə qırmızı vərəqəylə əlaqələndirir. Bunun həqiqətən böyük təsiri oldu, oyunun içində olduğumdan sizə dəqiq deyə bilərəm. Bəli, matça pis başladıq, üstəlik, bəxt də üzümüzə gəlmədi - qırmızı vərəqə, avtoqol, penalti. Yəni, nə şanssızlıq varsa, həmin oyunda başımıza gəldi. Bu da məğlubiyyətə gətirib çıxardı. Amma bunu da deyərdim ki, həmin uğursuz  matçdan sonra özümüzdə güc tapdıq və komanda şəklində toparlanıb, səhvlərimizi analiz edib, Kiprdə əzmkar mübarizə aparıb qalib gəldik. 

 

- Komandanın məğlubiyyətdən sonra psixoloji durumu yaxşı olmur, ikinci oyunda fiziki gücün tükənir, səfərə getdiyindən, yol yorğunluğu olur. Ancaq bunun əksinə, yaxşı oyunla yaxşı nəticə qazanırsan. Bunu nəylə izah edərdin? O gücü hardan tapdınız?

- Həqiqətən baş məşqçimiz, kapitanımız başda olmaqla bütün futbolçulara o qədər motivasiya verdilər bu qısa zamanda - istər start heyətində, istərsə də ehtiyatda olanlara, heç bir fərq qoyulmadı. 60-cı dəqiqədə əvəzləndim və özüm də ehtiyat skamyada olduğum müddətdə gördüm ki, qələbəni o qədər istəyirdilər, qışqıraraq meydandakıları o qədər ruhlandırırdılar ki...Rəqibin start heyətindən kənarda qalan futbolçuları bu mənzərəni görərək dəli olmuşdular. Baş məşqçiləri arabir bizim ehtiyat oyunçular skamyasına tərəf baxaraq təəccüblə jestlər edirdilər ki, bunlar nə edirlər. Deyərdim ki, bu böyük istəyin, əzmkarlığın, hamının bir yumruq kimi bir olması sayəsində qələbə qazandıq. 

 

- Lüksemburqla matça qayıtsaq, hər iki hissənin əvəvlində çox bərbad oynadıq, özümüzü itirmişdik. Niyə start heyəti həyəcanından qurtula bilmirik?

- Düz vurğulayırsınız, həqiqətən oyuna çox pis başladıq. Bunu meydanda hiss edirdim. İlk dəqiqələrdən bizə pressinq etdilər, bundan çıxa, topla oyuna, ötürmələrə nəzarət edə bilmədik. Hər şey üst-üstə gəldi. Həm də yeni qurulan gənc komandayıq. Elə futbolçular var idi ki, ilk dəfə bir yerdə oynayırdılar. Baş məşqçimizin də debütü idi və həyəcanımız buna görə də ola bilərdi. Yaxşı oynamaq, yaxşı nəticə qazanmaq bağlı məsuliyyət vardı. Bəlkə bu həyəcanın təsiri oldu ki, ona yenildik və oyunu uduzduq.

 

- De Byazinin məğlubiyyətdən sonra sizə əsas stimul verən sözü nə oldu?

- Lüksemburqla oyunun üstündən xətt çəkdi və dedi ki, bu, artıq keçmişdə qalıb. Digər matçları göstərdi və bildirdi ki, heç nə itirməmişik, qalan bütün matçları udacaq dərəcədə gücümüz var, siz hamıdan güclüsünüz. Bütün bunları vurğulaması bizə böyük motivasiya oldu və gücümüzü toparlayaraq çıxıb qalib gəldik.

 

- Ümumiyyətlə, italiyalı necə bir mütəxəssisdi? Əsas psixoloji hazırlığa üstünlük verir, yoxsa..?

- Məni milliyə çağırır deyə nəyisə tərifləməyi xoşlayan insan deyiləm. Həqiqətən səmimi deyirəm ki, ilk gündən bizə qarşı çox isti münasibət göstərdi. Oyunçuların hər biriylə söhbələşən, diqqət göstərən, ayrıseçikilik etməyən bir məşqçidi. Eləcə də köməkçilərindən bu isti münasibəti gördük. De Byazi komandasıyla büyün oyunçulara dəyər verir, hamıya eyni gözlə baxır. Millidə buna şahid oldum. Futbol terminlərinə gəlincə, əlbəttə, ilk növbədə psixologiya, konsentrasiya gəlir və bu, futbolçularda həmişə olmalıdı. De Byazi da buna diqqət yetirməyimizi vurğulayır.  

 

- İlk matçda 4-4-2 taktiki sxemi də bizə problem yaratdı. İki mərkəz yarımmüdafiəçisiylə oynamaq işinizi nə dərəcədə çətinləşdirdi?

- Bəli, bunun da böyük təsiri oldu. Qara Qarayevlə mərkəzdə ikimiz idik, qabağımızda isə iki hücumçu oynayırdı. Önümüzdə daha çox ötürmə verən futbolçu tapa bilmirdik. Üstəlik də Mahir Emreli qırmızı vərəqə alandan sonra işimiz lap çətinləşdi. Top almaq olmadı, daha çox top itkilərinə yol verdik. Amma ikinci oyunda önümüzdə Rəhim Sadıxov vardı, bütün hər şeydə rəqibi üstələdik - istər topu saxlamaq, istər ötürmələrdə, istərsə də qapıya zərbələrdə. İkinci hissənin bir qədər fərqli alınmasında hava amilinin də təsiri oldu. Kiprdə doğrudan da çox isti, rütubətli idi. Buna görə də bizə ağır oldu. İlk oyunun yorğunluğu da qalmışdı. Lüksemburqla matçda həqiqətən çox qaçmışdıq, çünki oyunun yarıdan çoxunu 10 nəfərlə keçirməli olduq. 

 

- Yeni baş məşqçi milidə bunadək cəmi 1 oyun keçirən Elvin Camalova hər iki matçda start heyətində şans verdi. Səmimi olsaq, bunu gözləyirdin?

- İlk günlərdən məşqlərə yanaşmadan adam istər-istəməz hiss edir ki, start heyətində olacaqsan, ya yox. Milliyə gələn gündən çalışdım ki, özümü yaxşı tərəfdən göstərim, ilk "11-lik"də olum. Baş məşqçimiz də bunu dəyərləndirdi, mənə ilk dəqiqələrdən şans verdi. Mən də onun bu güvənini, imamını meydanda oyunumla doğrultmağa çalışdım. Bu da ilk növbədə mübarizliyim, əzmkarlığımla idi.

 

- Öz oyunundan nə dərəcədə razı qaldın?

- Ürəyimdə mili ruh, istək var. Bu, həmişə məndə olub. Düzdür, millidə oyuna çıxanda məsuliyyət, həyəcan hiss olunur. Ancaq bununla belə, tam rahat şəkildə çıxıram və oyuna özümü maksimum hazırlamağa, meydanda komandam üçün nə bacarıramsa, verməyə çalışıram. Bəli, oyunumutəhlil edərək görürəm ki, daha çox bacardığım şeylər var. Ancaq fikrimcə, bunlar gələcəkdə yoluna qoyulacaq. Millidə daha çox çıxış etdikcə, təcrübəm artacaq və bununla da bəzi qüsurlarımı aradan qaldıracam. 

 

- Bu planda Qara Qarayev kimi təcrübəli həmkarının yanında oynamaq sənə dərəcədə kömək olur?

- Əlbəttə, Qara həm millidə, həm də "Qarabağ"da start heyətində çoxdan oynayan futbolçudu. Onun yanında çıxış etmək mənim üçün əlavə stimuldu. Çalışıram ki, Qarayevə gördüyü işdə maksimum kömək edim.

 

- De Byazili yığmamız bu qrupda 2-ci yerə oynaya bilərmi? Hər halda, ilk 2 tur göstərdi ki, qol da buraxmayaraq 6 xal qazanan Monteneqro millisi qrupumuzun aşkar favoritidi...

- Tam səmimi deyirəm ki, 2-ci yerə, hətta 1-ci yerə də oynaya bilərik. Hər şey öz əlimizdədi. Qarşıdakı oyunlarda da bu istəyi nümayiş etdirsək, əzmkarlıqla çıxsaq, yaxşı nəticələr qazanacağıq.

 

- Hətta Podqoritsadakı qarşıdakı ağır matçda da?

- İnşallah, oktyabrda yığışanda baş məşqçimizin hazırlığından, bizə verdiyi tapşırıqlardan sonra bunu da bacaracağıq. Komanda şəkildə bir olduqdan sonra bu, mümkündü. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB