TOP 10

Fariz Nəcəfovla "Qəbələ"nin 15 ilinə səyahət: "Bu, Tale Heydərovun tam görmək istədiyi mənzərə idi"

Futbol
Tarix: 2020-09-03 11:18

"Qəbələ" İdman Klubu (İK) 15 illik yubileyini qeyd edir. "Qırmızı-qaralar" sentyabrın 1-də yaranma gününü açıqlasa da, qeydiyyatdan keçməsi ayın 5-nə təsadüf etdiyindən, əsl ad günü həmin tarixdədi. Sport24.az klubun prezidenti Fariz Nəcəfovla müsahibədə dünənə də baş vurdu, bu günə də, sabaha da. 

 

- 15 il. Arxaya boylananda nələri görürsünüz?

- Bir qədər təvazökarlıqdan uzaq olsa da, tam səmimi deyim ki, ötən illəri fəxrlə xatırlayırıq. Bir futbol klubu üçün o qədər də böyük olmayan müddətdə yəqin, hamı razılaşar ki, sözün həqiqi mənasında klub olmağı bacardıq. Ölkənin futbol tarixinin ən yüksək nəticələrində "Qəbələ"nin də adı var və bugünkü gündə də klubun yaxın keçmişdə Avropadakı çıxışını xatırlayanda, nəinki klub əməkdaşı, hər bir futbol azarkeşi fərqli hisslər keçirir. Arxaya boylananda meydançadakı bir çox mənzərə gözümüz önündə canlanır - ölkə kubokunun finalında "Neftçi" ilə Bakıdakı qarşılaşmada azarkeşlərimizin stadionda yaratdığı atmosfer, Qəbələdə Tiflis "Dinamo"suna vurduğumuz qoldan sonrakı sevinc hissi. Sanki stadiondakı 4 minə yaxın insan bir yumruq kimi birləşərək qolu qeyd edirdik. "Maribor"la "Dalğa Arena"dakı matçda 3-cü qolumuzdan sonra baş məşqçimiz Roman Qriqorçukun qol sevinci həmin anda bütün ölkənin uğurumuza reaksiyası idi. Və sevindiricidir ki, bu qısa müddətdə xatırlanacaq belə uğurlu çıxışlarımız kifayət qədərdir - "Panatinaikos"la oyunlar, "Lill" zəfəri və s. Dortmund "Borussiya"sı ilə matçları da böyük təcrübə kimi qeyd edərdim. Gündəlik həyatımızda xatırladığımız o qədər anlar var ki... Bu illəri ən qısa formada qeyd etmək istəsəm, yəqin ki, bu yay baş tutan Qəbələ toplanışı hər şeyi izah edər. Bir neçə il öncə doğma rayonunda oyun keçirmək üçün normal meydançası olmayan klub yubiley ilində öz bazasında çempionatın bütün komandalarına ev sahibliyi etdi. Bu, klubun təsisçisi və ilk prezidenti Tale Heydərovun tam görmək istədiyi mənzərə idi. "Qəbələ"nin ilk illərində belə bir istəyi var idi ki, hətta prezidentlikdən getsə belə, klub daimi yaşaması üçün mütləq infrastruktura malik olsun.

 

- Heç olubmu ki, keçmişə nəzər salanda hansısa səhvlərə yol verdiyinizi görə heyfsilənəsiniz?

- Təbii ki, səhvsiz mümkün deyil. Bu, iş prosesində yaşanan və bundan sonra da yaşanacaq detallardır. Ümumilikdə isə klubun ilk illərində qarşısına qoyduğu vəzifələr var ki, ən əsası, onları bu müddətdə həyata keçirə bilmişik - klubun bazası, futbol akademiyası və akademiyanın dəstək olacağı əsas komanda. Təbii ki, filan futbolçunu imzalamamalıydıq, filan məşqçi bizə uyğun deyildi - bunlar olub və olacaq. Ən vacibi, tutduğumuz yolu, prioritetlərimizi dəyişməməkdir.

 

- Bu gün “Qəbələ” əvvəlki illərdən xeyli fərqli büdcəylə yaşayır. Hansısa nikbin proqnozlar, gözləntilər var?

- Aydın məsələdir ki, fərqli büdcə ilə fərqli hədəflər qoyurduq qarşımıza. Büdcə məsələsinə görə, heç vaxt yüksək əhval-ruhiyyəmizi, iş sevgimizi, komanda ilə baglı uygun hədəfləri zərrə qədər də olsun azaltmamışıq. Bəli, bu gün müəyyən planlarımızı həyata keçirmək büdcə imkanlarımıza uyğun deyil. Amma ölkəyə yeni futbolçu və ya futbolçular qazandırmaq, nəticələrimizlə boynumuzdan bir qədər yuxarı tullanmaq, əlimizdə olan imkanlarla klubun varlığını ən yaxşı şəkildə saxlamaq - bunlar bu gün klubumuzun hədəfləridir. Razıyam, hədəflərdə dəyişiklik var, amma bunlar inkişaf etmək istəyimizi əlimizdən ala və ya azalda bilməz.

 

- “Qəbələ”yə daha neçə il lazımdı ki, qanadlarını tam aça bilsin? Bəhlul Mustafazadə, Amin Seydiyev kimi istedadların sayının artmasını nəzərdə tuturuq...

- Əslində, bu gün qeyd etdiyiniz məqam cəhətdən deməzdim ki, istədiyimizi hələ ala bilməmişik. Bəhlul, Amin artıq əsas milli komandada olsa da, 8 yetirməmiz - Turan Manafov, Arsen Ağcabəyov, İdris Inqilablı, Hacıaga Hacılı, Samir Məhərrəmli, Fərid Nəbiyev, Rövlan Muradov,  Rüfət Əhmədov U-21 yığmasında və ardıcıllıqla hər aşagı yaş milli komandalarının 30-50%-i akademiyamızın yetirmələridir. Həmçinin razılaşın ki, əsas komandamızda bəzən heyətin yarısından çoxu, milli çempionatda demək olar, əksər klublarda akademiyamızın yetirməsi oynayırsa, bu müddət üçün əldə olunanları ciddi nəticə hesab etmək olar.

 

- 15 il ərzində “Qəbələ” böyüdü, amma bir qolu qaydasına düşmədi. Söhbət azarkeşlərdən gedir. Doğrudanmı, bu sahədə irəliləyişə nail olmaq mümkün deyil?

- Bu məsələ bizi də uzun illərdi təəssüfləndirən məqamdır. Bəzi reallıqları da qəbul edirik ki, şəhər məhz klubumuzun varlığı ilə ölkə futboluna qədəm qoydu. Uzun illər Qəbələdə peşəkar səviyyədə futbolun olmaması istər-istəməz öz sözünü deyir. Klubumuz futbolun kütləviləşdirilməsi baxımından da ciddi işlər gördü. Klub nümayəndələri ən ucqar kəndlərdə, kənd məktəblərində tək "Qəbələ"nin yox, futbolun populyarlaşması yönündə tədbirlər planı həyata keçirdi. Təbii ki, zamanla bunun nəticəsini gördük və azyaşlılarda kluba böyük sevgi yarada bildik. Amma ümumi planda ev matçlarına tam istədiyimiz mənzərə alınmadı. Bununla belə, ən azından hazırda əminliklə demək olar ki, Qəbələ futbol şəhəridir və klubumuzun sayı az olsa da, kifayət qədər sadiq azarkeşi var. Mən şəxsən onlarla fəxr edirəm!

 

- Pandemiya dövrü akademiyanızın fəaliyyətinə necə təsir etdi?

- Pandemiyaya qədər də bildiyiniz kimi, müəyyən çətinliklərimiz vardı. Bununla belə, akademiyada bütün işləri imkanlarımız daxilində ən yaxşı səvviyədə görməyə çalışırdıq. Pandemiya tək maddi yox, idman baxımından da akademiyaya ciddi zərbə vurdu. Təəssüf ki, yüzlərlə yetirməmiz uzun müddətdir məşqsiz qalıb. Sözsüz ki, bu ümumi bir problemdir ve mütəmadi olaraq AFFA-nın aidiyyəti departamentləri ilə muzakirələr aparılır. Bununla belə, ümid edirik ki, bu çətinliyi ölkə olaraq, ən qısa müddətdə arxada qoyacağıq. Fəaliyyətimizi imkanlarımıza uyğun şəkildə davam etdirəcəyik və yenə də məqsədimiz tək əsas komanda üçün deyil, ölkə futboluna yeni adlar bəxş etmək olacaq.

 

 

Sport24.az kollektivi "Qəbələ" İK-nı yubileyi münasibətilə təbrik edir, bundan sonra da uğurlu fəaliyyət arzulayır. 

 

 

CEYHUN ƏLİYEV

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB