TOP 10

Bəlkə Antarktidada oynayaq? "Mölde"nin təklifinə sözardı

Futbol
Tarix: 2020-09-01 16:00

Ötən gün yerli futbol "mətbəx"i üçün səmərəli keçdi. "Qarabağ" Norveçin “Mölde” klubunun timsalında Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibini tanıdı. "Neftçi" isə Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq. Hər iki qarşılaşma Bakıda baş tutacaq.

 

Əlbəttə ki, İstanbul klubuna düşmək ölkəmizdə böyük rezonansa səbəb oldu. Sirr deyil ki, Azərbaycanda "Cim-Bom"a yüz minlərlə insan azarkeşlik edir. Ancaq bu fakt da Norveç çempionunun absurd təklifinə kölgə sala bilməz. Rəqib komanda bugünlərdə "Qarabağ"a matçın neytral meydanda keçirilməsi təklifi ilə müraciət edib. Azərbaycan çempionunun belə bir təkliflə razılaşmaq niyyətində olmadığı ilə bağlı mövqeyini dünən dərc etdik.
 

Xatırladırıq ki, "Mölde" Norveç hökumətinin koronavirus pandemiyası ilə əlaqədar yeni çıxardığı, ölkəni tərk edən hər kəsin geri döndükdən sonra 10-14 gün karantinə alınmalı olduğuna dair qanuna istinad edir. İstisnalar yalnız altı ölkə - Finlandiya, Slovakiya, Sloveniya, İtaliya, Latviya və Litva üçün edilib. Norveçlilər Sloveniyada oynamağı təklif ediblər.

 

Norveç qanunlarını müzakirə etməyəcəyik. Bu, müstəqil bir ölkənin hökumətinin səlahiyyətidir. Ancaq primitiv bir sual vermək hüququmuz var: "Mölde" UEFA-ya avrokubok matçlarında iştirak üçün zəmanət məktubu veribmi?
 

Sual əlbəttə ki, ritorikdir. Bu məktub olmasaydı, "köhnə qitə"nin ən nüfuzlu klub turnirində iştiraklarına sadəcə, icazə verilməzdi. Belədə, Norveç çempionunun ortaya atdığı paranoyanın səbəbi nədi? Demokratiya - anarxiya deyil. Dünyadakı ən yüksək demokratiya indeksinə sahib bir ölkənin təmsilçisi belə davranırsa, nədən danışmalısan?!

 

Daha bir vacib fakta toxunaq. Bugünlərdə Norveç millisinin də iştirak edəcəyi UEFA Millətlər Liqası başlayacaq. Onlar artıq sentyabrın 4-də Avstriya millisini qəbul edəcək. Belə çıxır ki, ev sahibi avstriyalıların meydana daxil olmasına icazə verməyəcək? Sərhəddi keçdikdən sonra qonaqlar 10 gün karantində qalmalıdır!? Yoxsa norveçlilər bizi avstriyalıların Osloya bir həftə əvvəl gəlmələri və karantinə alınmalarıyla bağlı inandırmaq istəyirlər?
 

Sentyabrın 7-də Norveç millisi ikinci oyununu bu dəfə səfərdə keçirəcək. Görüş Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək. Daxil olduqdan sonra karantinə ehtiyacı olmayan ölkələrin siyahısını artıq göstərdik. Şimali İrlandiya bu "amnistiya altılığı"na daxil edilməyib. Belə çıxır ki, Norveç Futbol Federasiyası bu Britaniya ölkəsindən olan həmkarlarına neytral meydanda oynamağı təklif edəcək? Əslində, təklif edə bilərlər. Ancaq hansı cavabı alacaqları birmənalı aydındır.

 

Bu yanaşma ilə norveçlilərə ən təhlükəsiz seçimi təklif edə bilərik. Dəqiq məlumdur ki, koronavirus pandemiyası yalnız Antarktidada yoxdu. Utanmayın, bütün rəqibləri orada oynamağa çağırın...
 

Fikrimizcə, "Norveç teoremi" isbatlandı. Norveç hökumətinin UEFA-ya onların təmsilçiləri üçün istisna edilməsiylə bağlı müraciəti mümkündür. Bu baş verərsə, hökumətimiz kənarda qalmamalı, baş verənlərə obyektiv sərt formada müvafiq qiymət verməli və oyunun neytral meydana keçirilməsinə imkan verməməlidir.

 

 

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB