TOP 10

Ümit Karan "Qalatasaray"ın "Neftçi"ylə düşməsini istəmirmiş: "...sizə elə yaxşı hücumçu gətirərəm"

Futbol
Tarix: 2020-08-31 16:49

"Neftçi" Avropa Liqasında "Şkupi"yə düşəndə, Türkiyə futbolunun canlı əfsanələrindən olan Ümit Karanla söhbətləşmişdik. Axı, sabiq hücumçu Şimali Makedoniya təmsilçisinin yaxın keçmişdə baş məşqçisi olub. "Neftçi" bu rəqibi keçərək daha tanınmış komandayla - "Qalatasaray"la düşdü. Və yenidən tribunanı Karana verməyi lazım bildik. Axı, o, əsl "Qalatasaray"lıdı, uzun illər oynadığı bu komandanı beş barmağı kimi tanıyır.

 

- "Neftçi" keçmiş komandanızı yendi, indi daha bir sabiq klubunuz "Qalatasaray"la qarşılaşacaq...

- Doğrudan? Bunu sizdən xəbər tutdum. "Şkupi"ni keçdikləri oyunu canlı yox, videoyazısını izləmişəm. Komandada olan tanıdığım futbolçularla danışdım. Bakıda heç də pis oynamayıblar. Rəqiblə başabaş mübarizə aparıblar, yaxşı qol imkanları da olub. Ancaq bundan yararlana bilməyiblər. Onu da söylədilər ki, "Neftçi" şanslı idi və qapıçıları yaxşı oynadı. Qolkiperin uğurlu çıxışı belə matçlarda önəmli olur. "Şkupi" qol buraxandan az sonra qırmızı vərəqə da alaraq azlıqda qalıb. Bəlkə də bu, cəza olmasaydı, matç fərqli ola bilərdi. Ancaq komanda evdə oynayınca, bir az üstünlüyə malik olaraq bundan yararlanır. "Neftçi" səfərdə çıxış etsəydi, bəlkə turu "Şkupi" adlayardı. 

 

- "Şkupi"nin əsas təhlükəsi qambiyalı hücumçusu Dembo Darboedən gəlirdi. Onun qol imkanları oldu, sonda da fərqləndi, ancaq bu, yalnız təsəlli xarakteri daşıdı...

- Dembonu mən taparaq komandaya cəlb etdim. Afrikadan gətirmişdim, həqiqətən yaxşı forvarddı. Bəlkə bir gün Azərbaycanda çalışsaq, elə yaxşı futbolçu gətirərik. 

 

- İndi də "Neftçi" - "Qalatasaray" duelinə toxunaq. Gözləntiniz nədi?

- Təbii ki, "Neftçi"nin "Qalatasaray" qarşısında işi bir az daha çətindi. Kaş ki püşkdə Azərbaycan yox,  başqa bir komanda çıxaydı...

 

- Azərbaycanla Türkiyənin qardaş ölkə olduğuna görə deyirsiniz?

- Təbii ki, yekunda qardaş ölkələrik. "Neftçi" mübarizəni dayandırsa, buna üzüləcəyik. "Qalatasaray" böyük şansa malikdi. Bunu inkar edə bilmərik.

 

- Azərbaycanda "Qalatasaray", ümumiyyətlə, Türkiyə futbolunun azarkeşləri çoxdu və onlar bu dueli illərdi gözləyirdi. Ancaq təəssüf ki, matç azarkeşsiz oynayılacaq....

- Əlbəttə, bu çox təəssüfləndirici məqamdı. Azarkeşlərlə matç olsaydı, çox gözəl olardı. Azərbaycanda qardaşlarımız da "Qalatasaray"ı yaxından görmüş, ona sevgilərini ifadə etmiş olardılar. 

 

- Sizcə, "Neftçi" evdə oynasa da, belə rəqib qarşısında heç bir şansı yoxdu?

- "Qalatasaray"ın çox böyük üstünlüyünün olduğunu söyləyə bilərəm. Amma bu, futboldu, nəticə əvvəldən bəlli olmaz. Sadəcə, "Qalatasaray" normal şərltər altında matçı qazanar. 

 

- İndiki "Qalatasatray"ı siz oynadığınız "Qalatasaray"la necə müqayisə edərdiniz?

- Bizim vaxtımızdakı komandayla indikinin heç bir bağlılığı, oxşarlığı yoxdu. Hazırda yeni oyunular gəldi - Arda Turan və başqaları, baxarıq necə olacaq performansları. Hazırlıq matçları var, baxıb qiymət verə bilərsiniz. 

 

- "Qalatasaray"ın başında yenə Fatih Terim durur. Bu amil nə dərəcədə həlledicidi?

-  Fatih hoca Türkiyə futbolunun "İmperator"udu və hər zaman komandanı pisxoloji cəhətdən düzgün hazırlaya, yaxşı kökləyə bilir. Təbii ki, təcrübəli mütəxəssisdi. Bilirsiniz, "Qalatasaray" avrokuboklarda fərqli oynayır, bəzən Türkiyə Super Liqasında pis oynasa da, qitəmiqyaslı turnirlərdə hər zaman yaxşı çıxış edir. 

 

- Bu matçı izləmək üçün Bakıya gəlmək istərdinizmi?

- Çox istərdim. Ancaq indi şərtlər fərqlidi və elə bir imkanımız yoxdu. Dediyim kimi, bir gün bəlkə Azərbaycanda çalışmaq fürsətimiz olar. Çünki həqiqətən ölkənizi çox sevirəm, ordakı insanlar da məni çox sevir. Baxarıq, imkan düşər, bəlkə bir gün "Neftçi"də çalışarıq. Bəlli olmaz indidən. Hər iki komandaya uğurlar arzulayıram. Ancaq təbii ki, "Qalatasaray"lı olduğum üçün onlara azarkeşlik edəcəm və istanbulluları çox avantajlı görürəm. Amma bu, futboldu, nə olacağı əvvəldən bilinməz. İstənilən halda, "Neftçi"nin işi çətindi. "Qalatasaray"ın hər zaman avrokuboklar təcrübəsi böyük olub. Templi oynayan bir komandadı. 

 

- Necə düşünürsünüz, "Qalatasaray" mərhələni darmadağınla keçmək haqda düşünə bilərmi, yoxsa?...

- Təbii ki, matçın dostluq şəraitində keçəcəyini düşünürəm. Hər halda, ortada qardaşlıq durur. Amma bu, futboldu, oyunçular meydana çıxarkən hər zaman bunu düşünmür. Hər kəs qazanmaq üçün oynayır. Bu üzdən hesab barəsində bir şey deyə bilməyəcəm. Ancaq dediyim kimi, "Qalatasaray" böyük ehtimalla turu adlayar. 

 

- "Neftçi"yə 5-10 faiz də olsa, şans vermisiniz?

- Futbolda hər kəs hər kəsi yenə bilir. Kimsə futbolda nəticəni təxmin edə bilməz. Çempionlar Liqası, Avropa Liqasına baxsaq, hər zaman sürprizlər olur. 

 

- "Qalatasaray" zəif rəqiblə oynayacağından, meydana rahat çıxaraq bunun acısını çəkə bilər - bunu nə dərəcədə real sayırsınız?

- Çətin belə şey olsun, bilmirəm. Matç saatını gözləyək. Hələliklə saytınız vasitəsilə Bakıya, Azərbaycana çoxlu salamlarını çatdırıram. 

 

 

MEHMAN SÜLEYMANOV

football24
30 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB