TOP 10

Arif Əsədova 50 illik yubileyində ən böyük sürpriz Canni de Byazidən olub: "Ad günümə hədiyyə olaraq "Qarabağ"dan bu gün qələbə gözləyirəm"

Futbol
Tarix: 2020-08-18 14:50

Bu gün Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovun həyatında əlamətdar gündü. Belə ki, dünya və Avropa çempionu olan keçmiş müdafiəçi 50 illik yubileyini qeyd edir. Əsədovla Sport24.az-a müsahibəsində futbol həyatının səhifələrini vərəqlədik.

 

- Arif Əsədov 50 yaşında özünü necə hiss edir? Doğrudanmı, yubileylərin "tac"ı məhz 50 illikdi?

- Fiziki baxımdan qocalırıq, çünki hər il yaşın üstünə yaş gəlir. Ancaq daxildən bunu hiss etmirsən. Təbii ki, adamda xüsusi bir hisslər yaranır və istədik 50 illik yubileyimi təntənəli keçirək. Ancaq indi elə bir vaxta, pandemiya dövrünə düşdüyü üçün istədiyimiz kimi keçirə bilmirik. 

 

- Yəni, koronavirusa görə karantin olmasaydı, bunu təmtəraqlı qeyd etməyi planlaşdırırdınız?

- 7-8 ay qabaq mən, birgə dünya və Avropa çempionu olduğum həmyaşıdım Vladislav Qədirovla köhnə komanda yoldaşlarımızla danışıb hansı bir oyun keçirməyi düşünürdük. Ancaq qismət olmadı, bu baxımdan heyfsilənirik. 

 

- Ümumiyyətlə, ad gününü keçirməklə aranız necədi? Elə adamlar var ki, buna təqvimdə növbəti adi bir gün kimi baxaraq fərq qoymur...

- Mən də elə yanaşıram, çox təntənəli keçirməyi xoşlamıram. Həmişə öz ailəmin əhatəsində keçirmişəm. Bəli, yaxın dostlar olanda bir yerdə qeyd edirik. Ancaq bu, daha çox ailə ətrafında olur.

 

- Hansı ad gününüzü ən yaddaqalan kimi fərqləndirərdiniz?

- Ad günlərim daha çox öllkə kənarında çox olub. Elə vaxta düşüb ki, oynadığım, məşqçi işlədiyim vaxtı daha çox xaricdə, hansısa klubun heyətində təlim-məşq məşq toplanışında olmuşam bu gündə. Xüsusi fərqləndirə biləcəyim yaddaqalan ad günüm olmayıb.

 

- Bəs, hədiyyə?

- Hədiyyənin böyük- kiçiyi olmur, əsas diqqətdi. 

 

- Yaxşı, bu diqqəti bu gün saatın əqrəbləri gecə 12-ni keçəndən sonra kimlər göstərib? Zəng, mesaj formasında...

- Bəli, olduqca çox zəng gəlib. Baxmayaraq ki, gün hələ indi yarılanıb, hələ gecə 12-yə çox var. Həm mətbuatdan təbrik almışam, həm AFFA-dan, həm yaxın dostlardan, qohumlardan tədricən təbriklər gəlir. Hələ gözlənilməz təbrik zəngi, mesajı olmayıb. 

 

- Maraqlıdı, millimizin yeni baş məşqçkisi Canni de Byazi sizi şəxsən təbrik edibmi?

- Bizdə millinin "Vatsap" qrupu var və ordan təbriklər gəlib. Ancaq baş məşqçi ayrıca mesajla mənə təbrikini göndərdi. Özü də Azərbaycan dilində - ad günün mübarək! Mənim üçün ən böyük sürpriz elə bu oldu (gülür).

 

- Artıq italiyalı mütəxəssislə tanış olmusunuz, birgə işə də başlamısınız. Necə bir insandı?

- Təbii ki, insani keyfiyyətləri çox yüksək olan bir adamdı. Bu, elə ilk tanışlıqdan göründü. Təbii ki, mütəmadi görüşürük, daim iş başındayıq. Bu, AFFA-da olur, həm də klubların məşqlərində, oyunlarında. Bu gün də axşam "Qarabağ"ın matçında olacağıq. 

 

- Yeri gəlmişkən, bu gün bizim üçün futbol həsrəti bitir, yeni mövsüm başlayır. Özü də oynadığınız, kapitanı olduğunuz "Qarabağ"la. 50 illik yubileyinizə ən yaxşı ad günü hədiyyəsi bugünkü ÇL matçında qələbəmiz olar...

- Təbii ki, mənə ən böyük hədiyyə "Qarabağ"ın bugünkü qələbəsi olacaq. Futbol adamı kimi ən yaxşı qələbə harda olur - sənin komandanın, yaxud ölkənin təmsilçisinin, bugünkü halda "Qarabağ"ın qalib gəlməsi. Mən də bu gün "Qarabağ"dan özümə hədiyyə gözləyirəm ki, qalib gəlsin.

 

- Kənar amillərin mənfi təsirini nəzərə alsaq, uğurlu nəticəni nə dərəcədə real sayırsınız?

- Bəli, çətinliklər var. Bunlar artıq neçə müddətdi söylənilən fikirlərlə təkrarlanır. Ancaq düşünürəm ki, meydana çıxıb mübarizəyə başlayanda bunların hamısı kənarda qalır və qələbə üçün oynayacaqsan. Futbolçular nəyi varsa, əllərindən gələni edəcəklər ki, qələbə əldə etsinlər.

 

- Futbolçu və məşqçi həyanızda əsas uğur, zirvə nöqtəsi nə sayırsınız? Yoxsa bu, hələ fəth olunmayıb?

- İnsan hər dəfə istəyir ki, nəyəsə nail olsun. Mən də elə bir insanam ki, hansısa uğura acam. Olan oldu, bu qaldı arxada, artıq yeni bir səhifə açmaq lazımdı. Bu baxımdan həm uşaq vaxtından futbol oynayandan, həm də məşqçi işləyəndən qazandığım uğuru tez yaddan çıxarmışam ki, yenisinə köklənim. İndi də düşüncələrim o səmtdə qalıb. Baxmayaraq ki, Azərbaycan səviyyəsində hansısa uğurlarım olub. Ancaq yenə də hansısa uğuru gözləyirəm və istəyirəm ki, tezliklə qazanım. Yaddaqalan statistikam da var, bunu hamı bilir. İstəməzdim ki, təkrarlayım.

 

- Sizin yerinizə mən deyim. Azərbaycanda futbolçu və baş məşqçi kimi ilk çempion sizsiniz. Bu, "Neftçi"ylə olub...

- Bəli, bu planda ilk göstərici məndə olub. Mətbuatdan da mənə bildirmişdilər, bu, yadımdadı və əlbəttə, bu sözləri eşitmək, o hissləri yaşamaq çox xoş olmuşdu.

 

- Ancaq ilk böyük uğurunuz 17-18 yaşında SSRİ vaxtında dünya və Avropa çempionu olmağınızdı. Bu, futbol həyatınızda ən böyük uğur sayılır, yoxsa..?

- Düşünürəm ən böyük uğur məhz bu nəticədi ki, futbola yeni başlayanda bunu qazandım. O da gələcək karyeramda bir təkan kimi oldu. İndi də o xoş xatirələr yada salınır, yaşanır. Bu, artıq bir tarixdi, tarixi nəticədi. Sovetlər məkanında yeganə və sonuncu dünya çempionları bizim nəsil oldu. Avropa, Olimpiya çempionu olmuşdu SSRİ-də, ancaq dünya çempionu olmamışdı. Buna görə də o uğur həmişə ön plandadı. 

 

- Məşqçilikdə bir tərəfdə "Neftçi"ylə çempionluq , digər tərəfdə U-19 yığmasıyla Ermənistan üzərində rəsmi oyunda 2:1 hesablı əzmkar qələbə var. Hansını fərqləndirərdiniz?

- İlk növbədə ermənilər üzərində o qələbəni. Çünki o hisslər tamam başqa idi. Onda elə bir dönəm idi ki, hadisələr artıq baş vermişdi və hamı istər idmanda, istər siyasətdə ermənilər üzərində yalnız qələbə haqda düşünürdü. Futbolda elə bir turnir idi ki, hamının gözü orda idi və o qalibiyyət tarixi qələbə idi. Bundan da başqa həmin uğurlu nəticədən sonra Azərbaycanın U-19 yığması da qrupdan çıxaraq ilk dəfə mərhələ adladı. Bu, məşqçilikdə ilk uğurum olduğundan yaddaqalandı.

 

- Fasiləyə hesabda 0:1 geridə yollanırsınız və ikinci hissə başlayan kimi 5 dəqiqəyə 2 qol vuraraq qalib gəlirsiniz. Fasilədə futbolçularınıza nə dediniz, onları necə motivasiya etdiniz, necə "oyatdınız" ki, hadisələr belə axar aldı?

- Təbii ki, çox çətin anlar idi. Çünki fasiləyə gedən anda qapından top buraxırsan. Bir tərəfdə özünün məyusluğu, digər tərəfdə isə rəqib komandada böyük canfəşanlıq, qışqırtı, səsləri paltardəyişmə otağını bürüyür. Bizim milli də bunu eşidir, ağlamalar, kədərlər...Sanki hər şey bitmişdi. Bu anda futbolçulara qarşıda hələ bir 45 dəqiqənin də olmasını yada saldım. Sanki içimdən belə bir hissiyyat keçdi ki, ikinci hissə başlayan kimi 5 dəqiqəyə 2 qol vuracağıq. Və bunu uşaqlara çatdırdım, elə də oldu. Bu 2:1 hesabını da sonadək qoruyub saxlaya bildik.

 

- Bu Nostradamus kimi öngörücülüyünüz həyatda yenə olubmu?

- (gülür). Səmimi olsaq, məndə həmişə daxildən belə bir inam olub. O anda da elə bir şey gəldi.

 

- Özünüzü "Neftçi"li sayırsınız? Karyeranızın uğurlarınıza görə daha çox bu kluba borclu sayırsınız?

- Təbii ki, fərq qoyuram. Çünki "Neftçi" futbolçu kimi yetişməyimdə böyük bir əməyi olan klubdu. Buna görə də özümü ilk növbədə "Neftçi"li saylram. Düzdür, o bir klublarda da çıxış etmişəm - "Qarabağ"da, "Xəzər Lənkəran"da, "Kəpəz"də. Hərəsinin öz yeri var. Ancaq təbii ki, "Neftçi"də həm futbolçu, həm də məşqçi kimi yetişmişəm, uğurlarım da daha çox bura bağlıdı. 

 

- Deyirsiniz ki, uğur üçün acam. Gələcəkdə bu hədəflər arasında milli komandanın baş məşqçsi olmaq varmı?

- Qarşıdakı mqəsədlərdən biri də məhz odu. Çalışıram ki, ona doğru irəliləyim. 

 

- Üç oğlunuz var ki, onlardan ikisi futbola bağlıdı. Fuad Əsədov qapıçı olsa da, karyerasını tez bitirməli oldu və "Neftçi"nin əvəzedicilərində qapıçılarla işləyən məşqçidi. Ən kiçik oğlunuz isə futbol oynayır. Onunla bağlı ümidləriniz nədi? Ondan da sizin kimi tanınmış futbolu olmağı gözləyirsiniz?

- Bir oğlum "Neftçi" klubunda mətbuat xidmətində çalışır - Cavid. Bəli, ən kiçik oğlum Gülağadan uğurlu karyera gözləyirəm, ümidlərimiz də var ki, ondan nəsə olacaq. Təbii ki, hələ yaşı azdı. "Qəbələ"də çıxış edir, U-18 yığmamızın üzvüdü. Solaxaydı, cinah yarımmüdafiəçidi. Perspektiv var, ancaq təbii ki, yaxşı futbolçu olmaq üçün gərək xarakterin ola. Bu, hər sahəyə aiddi - həm meydançada, həm də ondan kənarda. Futbolçu və insani keyfiyyətləri vəhdət halında olmalıdı ki, yaxşı bir futbolçu olasan.

 

- Bəs, Fuadda niyə alınmadı? Xarakteri olmadı?

- O da 17 yaşınadək millidə də oynadı, "Bakı"da, "İnter"də də. Təbii ki, keçid dövrün olur. 17 yaşdan 19-a keçəndə çox futbolçuda görürsən ki, artırmırlar, geri qalırlar. Fuadda da o dönəmdə alınmadı. Ancaq futbolu sevdiyi, onun içində olduğu üçün yolunu məşqçilikdə davam etdirdi. Həm Mahmud Qurbanovun köməkçilərindən biri kimi əvəzedici heyətdə çalışır, həm də U-17 komandasında qapıçılara cavabdehdi. 

 

- Nəvə Arif Əsədov da olmalıdı. Bəlkə babasının uğurlu yolunu elə adaşı davam etdirəcək?

- Hələ ki ümidlərimiz oğlumadı (gülür) Nəvə hələ balacadı. İndi nəsə demək olmaz ki, həvəsi olacaqmı futbola.

 

- Və sonda, 50 yaşınızda özünüzə həm şəxsi planda, həm də futbol həyatınızda nə arzulayardınız?

- Əsas insana nə lazımdı - can sağlığı. Təbii ki, özümə ilk növbədə bunu arzu edirəm. Can sağlığı, pozitiv, xoş bir yaşayışın olmalıdı ki, qarşındakı məqsədə nail olasan. Təbi ki, məşqçilik fəaliyyətimdə də bundan sonra uğurlar qazanmağı arzulayıram.  

 

 

 

MEHMAN SÜLEYMANOV

03 Dekabr 2020
02 Dekabr 2020
B.eÇ.aÇC.aCŞB